Məhkəmə qərarları › İş №3(029)-297/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-297/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-297/2021 15.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi X2, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1967-ci ildə Qusar rayon Xurel kəndində anadan olmuş, Qusar rayonu Xurel kəndindində qeydiyyatda olan və həmin ünvanda yaşayan, ailəli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 03 mart 2021-ci il tarixdə yaşadığı evdə qanunsuz ov tüfəngi saxlamışdır. Həmin ov tüfəngi Qusar RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış, 19 aprel 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə 30.06.2021-ci il tarixli MN 1004316-725 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qusar RPŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə ixzadayev İlham Nazim oğlunun və Qusar RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli 21/437a saylı arayışın surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 11276-5 nömrəli silah, Tula silah zavodunda istehsal olunmuş 20 kalibrli, TOZ-B modelli, çaxmaqlı, qoşa hamar lüləli ov tüfəngdir, odlu yivsiz silahdır, sağ lülə ilə ataş üçün yararlıdır və sol lülə ilə atəşə yararsızdır. İş materiallarında olan silah və sursatın qəbul edilməsi barədə 4 saylı 25.03.2021ci il tarixli qəbzdən görünür ki, 16 kalibrli silah təhqiqatçı Elnur Həmid-zadə tərəfindən məsul növbətçi E.Rəhimova təhvil verilmişdir. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan predmet-yəni 01 ədəd 11276-5 nömrəli silah, Tula silah zavodunda istehsal olunmuş 20 kalibrli, TOZ-B modelli, çaxmaqlı, qoşa hamar lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar