Məhkəmə qərarları › İş №3(029)-30/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-30/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-30/2022 14.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27.12.2021-ci il tarixdə saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı ** PB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxarmaqla manevr etmə və svetaforun qadağan olunmuş siqnalında hərəkəti davam etdirmə qaydasını pozmuş və nəticədə “GREAT WALL-H3” markalı ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “VAZ- 21213” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində X6 oğluna və X5 yüngül bədən xəsarəti yetirilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və 14.02.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı 27.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər X6 oğlu və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 27.12.2021-cu il tarixli 587 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gicgah nahiyyəsinin qançırı; sağ gözün üst qapağının, sağ əlin arxa səthinin siyriqları, QKBTsi halında baş beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.12.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 27.12.2021-cu il tarixli 588 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, X6 oğlunun məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alnın sağ tərəfinin xətti sıyrıqı bərk küt əşyaların; sol əlinin 4-cü barmağının falanqa oynağının arxa səthinin kəsilmiş yarası kənarı iti əyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.12.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxslər X6 oğluna və X5 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxslər X6 oğluna və X5 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar