Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-300/2021 18.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Qusar rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar rayonu Nəcəfkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş 09.07.2021-ci il tarixli MN 1008672-745 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs təxminən iki ay əvvəl narkotik tərkibli dərman qəbul etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi V.M.İ.E. polis kiçik leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1008672-745 saylı 09.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə Qusar rayon məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir (Hakim İ.Məmmədov). Şəxs tərəfindən Qusar rayon məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 13.08.2021-ci il tarixli 3(105)-492/2221 saylı qərarı ilə şikayət təmin olunmuş, Qusar rayon məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılması üçün Qusar rayon məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “apelyasiya məhkəməsi hesab edir ki, materialda göstərilənlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Belə ki, Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli 68 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda göstərilən Şəxs sidiyində AMP və MOP aşkar edilməsi ilə bağlı hansı növ narkotik tərkibli dərmanın və nə vaxt qəbul edilməsi, müayinənin hansı tibbi avadanlıqla aparılması, Şəxs şikayətində göstərdiyi kimi narkoloq müayinəsindən keçməsi araşdırılmamışdır. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş 09.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.4-ci maddəsinin tələbi pozulmaqla tərtib edilmiş, yəni inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 göstərmişdir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir, Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş tibbi müayinə protokolu isə mötəbər sübut deyildir, Şəxs konkret olaraq hansı narkotik vasitəni nə vaxt qəbul etməsi barədə həkim-narkoloqun müvafiq rəyi yoxdur, müayinəni həkimnarkoloq deyil, tibb bacısı aparmışdır. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilmir, onun heç bir günahı yoxdur. Apelyasiya Məhkəməsi tərəfindən Qusar rayon məhkəməsinin qərarı ləğv edilmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan başqa, hazırda onun hərarəti 38 dərəcədir, özünü pis hiss edir və ona görə də, məhkəmə iclasına gələ bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, işdə olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 09 iyul 2021ci il tarixli 68 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs AMP və MOP aşkar edilmişdir. İşdə olan “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 04 oktyabr 2021-ci il tarixli 2212 saylı məktubdan görünür ki, 1994-cü il təvəllüdlü Şəxs Quba rayon X1 Poliklinika Şöbəsinin narkoloji kabinetində birdəfəlik test üsulu ilə müayinəsi aparılmışdır. Müayinənin nəticəsində sidikdə “AMP, MOR” aşkarlanmışdır. Məlumat üçün MOR (morfin, opiatlar sidikdə aşkarlanma müddəti 48 saat 2-3 gündür). Müayinə narkoloji kabinetinin tibb bacısı tərəfindən aparılmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası”nın 1-9-cu bəndlərinə əsasən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşernarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olubolmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Müayinə aparan həkimnarkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur. Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır. Əgər yaranmış vəziyyətlə əlaqədar (müayinə olunan şəxsin vəziyyətinin ağırlığı, müayinədən imtina edərək müqavimət göstərməsi və sairə) müayinənin tam həcmdə aparılması mümkün deyildirsə, tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və bioloji mayelərin (qan, tüpürcək, sidik hava və s.) müayinəsi aparılır. Müayinə olunan şəxsdən götürülən bioloji mühit nümunələrinin mühafizəsini təmin etmək məqsədi ilə metodik göstərişlərin tələblərinə və digər zəruri şərtlərə riayət etməklə, həmin nümunələr 30 gündən az olmayaraq müayinə aparılan müəssisədə saxlanılmalıdır. Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat və metodika üzrə aparılır və müayinənin gedişi protokollaşdırılır. Bioloji mayelərin müayinəsinin və kliniki müayinənin nəticələri cəmləşdirilərək ümumi rəy verilir. Protokolun surəti müayinə aparılan tibb müəssisəsində qalır və stasionar xəstənin tibbi kartları üçün müəyyən edilmiş qaydada mühafizə olunur. Travma ilə əlaqədar tibb müəssisəsinə daxil olmuş xəstələri müayinə edərkən, onlarda məstlik halı aşkara çıxarılarsa, rəydə sərxoşluq halının olması faktı qeyd edilir, qəbul olunmuş forma üzrə protokol tərtib olunur və ambulator və ya stasionar xəstələrin tibbi kartlarında sərxoşluq halı haqqında rəylə yanaşı, tibbi müayinə protokolunun say nömrəsi göstərilir. Təxirəsalınmaz hallarda sərxoşluq olması haqqında rəy stasionar xəstənin kartında xəstənin statusu və laborator müayinələrin nəticələri barədə məlumatlar əsasında verilir. Tibbi protokolların olmaması müayinənin keçirilməsindən imtina üçün səbəb ola bilməz. Protokolun özbaşına şəkildə tərtib edilməsi yolverilməzdir. Hər bir halda protokol təsdiq olunmuş nümunəyə uyğun tərtib edilməlidir. Tibbi müayinənin xərcləri dövlət vəsaiti hesabına ödənilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmədə baxılmasına qədər çıxarılmalıdır. Sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələr və ya psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair Ümummilli Məlumat Bankına verilməlidir. Narkotik vasitələr və psixotrop maddələr daşınması haqqında əsaslı şübhələr olan şəxsin, narkotik sərxoşluq vəziyyətində olub-olmaması ümumi qaydalarla aşkar edilir, həmin şəxs tibbi müayinədən keçirilməklə yanaşı, xüsusi ayrılmış yerdə, eyni cinsdən olan tibb işçisi tərəfindən bilavasitə yoxlanılır və rentgenoloji müayinədən keçirilir. Göründüyü kimi Şəxs Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən onun narkotik vasitə və ya psixotrop maddədən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilərkən həmin şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həkim-narkoloq tərəfindən deyil, tibb bacısı tərəfindən müayinə olunmuş və bununla da, müayinə nəticəsində tərtib olunmuş protokol həmin Qaydanın tələbləri pozulmaqla tərtib edilmiş, həkim-narkoloqun rəyi də yoxdur. Odur ki, hazırkı inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Şəxs narkotik tərkibli vasitə qəbul etməsini təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş Quba rayon Mərkəzi Xəstəxanasının 09 iyul 2021-ci il tarixli 68 saylı protokolunu müzakirə edərək məhkəmə hesab edir ki, həmin protokol mötəbər deyil və Şəxs ona istinad olunan inzibati xətanı törətməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş 09.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt, o cümlədən həmin şəxsin konkret olaraq hansı növ narkotik vasitə qəbul etdiyi göstərilməmiş və bununla da, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.4-ci maddəsinin tələbi pozulmaqla tərtib edilmişdir. Odur ki, qənaətimə görə, Şəxs tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-300/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-300/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver