Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-31/2022 08.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1956-cı ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuş, Qusar şəhəri Q.Əliyev küçəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən Şəxs haqqında, Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar Zarina Əhmədova, Kamilla Əhmədova, Said Əhmədov və X5 şəhəri Z.Əliyeva küçəsi ev 252 saylı Şəxs məxsus evdə istifadə hüquqları tanınmalıdır. Borclu Şəxs məhkəmə qərarını icra etməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 08.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar Zarina Əhmədovanın, onun azyaşlı uşaqları Kamilla Əhmədovanın, Said Əhmədovun və X5 şəhəri Z.Əliyeva küçəsi ev 252 saylı Şəxs məxsus evə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. İcra sənədinin icrası ilə bağlı 08.02.2022-ci il tarixdə icra tədbiri təyin edilmişdir. Borclu Şəxs, tələbkar Zarina Əhmədovanın və hal şahidlərinin iştirakları ilə evə baxış keçirilmişdir. Borclu Şəxs tələbkarın evin birinci mərtəbəsindən istifadə etməsini, birinci mərtəbəyə çıxışın ayrı olduğunu, həmin mərtəbədə yerləşən təmirli iki otağın, mətbəxin, sanitar qovşağın olduğunu bildirmişdir. Lakin, tələbkar evdən tam istifadə etmək istədiyini, evin ikinci mərtəbəsində yaşamaq istədiyini, birinci mərtəbədə isə yaşamaq istəmədiyini bildirmişdir. Borclu Şəxs tələbkar Zarina Əhmədovanın ona məxsus evin ikinci mərtəbəsindən istifadə etməsinə və yerləşməsinə icazə verməmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)- 711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar Zarina Əhmədovanın və həmin şəxsin azyaşlı uşaqları Kamilla Əhmədovanın, Said Əhmədovun və Madina Əhmədovanın ona məxsus Qusar şəhəri Z.Əliyeva küçəsi 252 saylı evə istifadə hüquqları tanınmışdır. 08.02.2022-ci il tarixdə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru, tələbkar və hal şahidlərinin iştirakları ilə ona məxsus evdə olmuşlar. Ona məxsus 2 mərtəbəli evin birinci mərtəbəsinin ayrıca giriş-çıxışı vardır, bundan başqa orada təmirli iki otaq, mətbəx otağı, sanitar qovşaq mövcuddur, yaşayış üçün tam yararlıdır. Bu səbəbdən də, o, təklif etmişdir ki, tələbkar və azyaşlı uşaqları evin birinci mərtəbəsinə yerləşdirilsinlər və orada yaşasınlar. Lakin, tələbkar Zarina Əhmədova evin ikinci mərtəbəsində yaşamaq istədiyini, birinci mərtəbədə isə yaşamaq istəmədiyini bildirmişdir. Evin ikinci mərtəbəsində o, həyat yoldaşı ilə birlikdə yaşayır, bu səbəbdən də, tələbkarın ikinci mərtəbəsində yaşamasına razı olmamışdır. O, həmin evin sahibidir, tələbkar onun göstərdiyi yerdə yaşamalıdır. O, tələbkarın həmin evə köçürülməsinə mane olmamış, icra məmuru və tələbkar onun evinə daxil olmuşlar, bu barədə o, həmin şəxslərə heç bir etiraz etməmişdir. Tələbkar özü evin birinci mərtəbəsində yaşamaqdan imtina etmişdir. O, heç bir inzibati xəta törətməmiş, heç bir təqsiri yoxdur. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədinə əsasən X1 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən cavabdeh Şəxs məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınması və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 14.09.2021-ci il tarixli 3246/2021 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 03.11.2021-ci il tarixli izahatından görünür ki, tələbkar Zarina Əhmədova, Kamilla Əhmədova, Said Əhmədov və X5 şəhəri Z.Əliyeva küçəsi ev 252 saylı ona məxsus evdə hüquqları tanınmasına dair qətnamə qəbul edilmişdir. Səhhəti ilə əlaqədar icra tədbirində iştirak edə bilməmişdir. Bakı şəhərində müalicədə olmuşdur. İş matariallarında olan 08.02.2022-ci il tarixli Aktdan görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı 19.10.2020-ci il tarixli icra sənədinə əsasən 08.02.2022-ci il tarixli icra tədbiri əsasında Qusar şəhəri Zərifə Əliyeva küçəsi 252 saylı evə tələbkar, borclu və hal şahidləri ilə birlikdə baxış keçirilmişdir. Borclu evin yanlız birinci mərtəbəsini tələbkara verə biləcəyini bildirmişdir. Lakin, tələbkar razılaşmamış, özünün gəlin köçdüyü, ikinci mərtəbədə yerləşən iki otaqdan istifadə etmək istədiyini bildirmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 08.02.2022-ci il tarixli izahatından görünür ki, tələbkar Zarina Əhmədova, Kamilla Əhmədova, Seid Əhmədov X5 şəhəri Z.Əliyeva küçəsi ev 252 saylı ona məxsus evdə hüquqları tanınmasına dair qətnamə qəbul edilmişdir. Tələbkarın evə köçürülməsinə maneə olmamışdır. Yanlız 1-ci mərtəbəni təklif etmişdir. Birinci mərtəbəyə ayrıca giriş, tam təmirli iki otaq, haman və mətbəx yerləşir. İcra tədbirinin təmin edilməsinə etiraz etmədiyini və tələbkarın və azyaşlı uşaqların yaşaması üçün yer ayırdığını bildirmişdir. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, tələbkarın yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədinin icrası zamanı borclu tərəfindən tələbkarın yaşamasına (olmasına) maneçilik törədilməsi inzibati məsuliyyətə səbəb olur. Lakin, hazırkı halda, tələbkar Zarina Əhmədovanın azyaşlı uşaqları ilə birlikdə köçürülməli olduğu Qusar şəhəri Zərifə Əliyeva küçəsi 252 saylı evdə yaşamasına borclu Şəxs tərəfindən heç bir maneçilik törədilməmiş, əksinə evin ayrıca giriş-çıxışı olan, həmçinin iki otağı, mətbəx otağı və sanitar qovşağı olan birinci mərtəbəsində yaşamasını tələbkara təklif etmişdir. Tələbkarın məhz evin ikinci mərtəbəsində yaşamaq istəməsinə borclunun etiraz etməsi isə onun mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə icra sənədinin icrasından boyun qaçırma və tələbkarın evdə yaşamasına mane olma kimi qiymətləndirilə bilməz. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sənədlərlə və izahat vermiş şəxslərin izahatları ilə təkzib olunmuşdur. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-31/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-31/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver