Məhkəmə qərarları › İş №3(029)-310/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-310/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-310/2021 30.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1976-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Xuray kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27.06.2021-ci il tarixdə saat 19:52 radələrində Bakı Quba Dağıstan yolunun 189-cu km-də “KAMAZ 6520-21” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci Tağımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı 27.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 15.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 27.06.2021-ci il tarixdə idarə etdiyi “KAMAZ 6520-21” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar-Xudat yolunda hərəkətdə olmuş, həmin vaxt YPX-a əməkdaşları onu saxlamış və onun sərxoşluğunu yoxlamaq üçün alkotestora üfürməsini bildirmişdir. O, alkotestora üfürmüş, sonra polis əməkdaşları maşına dair sənədləri ondan götürmüş, daha sonra isə geri qaytarmışlar. Həmin vaxt ona sərxoşluqla bağlı heç bir irad bildirilməmiş, avtomobili duracağa aparılmamışdır. Bildirir ki, həmin gün və 2 gün ərzində spirtli içki qəbul etməmişdir. Odur ki, barəsində qanuni qərar çıxarmasını məhkəmədən xahiş edir. İş materiallarında olan 27.06.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 00654 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 12:31-də Şəxs qanında alkoqolun konsentrasiyası 0,961 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə tam sübuita yetirilmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxs ilk dəfədir ki, inzibati xəta törətmişdir, törətdiyi xətanın mahiyyətini dərk edərək əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar