Məhkəmə qərarları › İş №3(029)-312/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-312/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-312/2023 09.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Güllütəpə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin iyun ayında Rusiya Federasiyasının Moskva şəhərində olduğu zaman əldə etdiyi az miqdarda, yəni ümumilikdə 10220 (on min iki yüz iyirmi) manat dəyərində dərman vasitəsi hesab olunmayan 70 qutu “Crystal Deep”, 59 qutu “Crystal Ultra” və 17 qutu “Crystal Lite” markalı kosmetoloji-tibbi vasitələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı 99XA385/99ZF385 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində ehtiyat hissələr yığmaq üçün nəzərdə tutulmuş qutularda (yeşiklərdə) olan digər əşyaların arxasında gizlədərək 19 iyun 2023-cü il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 10000-000887/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi, eləcə də barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Şəxs hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanlarına bəyan edilməmiş malları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da nəqliyyat vasitəsində 2 ədəd 0,5 lt və 1 ədəd 0,7 lt həcmlərində “Beluqa” markalı araqların və 1 blok (10 qutu) siqaretin olduğunu şifahi qaydada bəyan etmiş və gömrük nəzarətinə bəyan olunmalı əlavə predmetlərin olmadığını bildirmişdir. Şəxs idarə etdiyi “DAF FT 105.460T” markalı, 99XA385/99ZF385 nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük əməkdaşı tərəfindən keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin kabinasının sağ tərəfində əşyalar qoymaq üçün olan yerdə 59 qutu “CRYSTAL ULTRA” markalı, 17 qutu “CRYSTAL LİTE” markalı, 70 qutu “CRYSTAL DEEP” markalı kosmetoloji iynələr aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 123 S/2023 nömrəli “Malların anbara qəbul edilməsi haqqında” aktdan görünür ki, 59 qutu “CRYSTAL ULTRA”, 17 qutu “CRYSTAL LİTE”, 70 qutu “CRYSTAL DEEP” markalı kosmetoloji iynələr saxlanc üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 6/3527-6/3537-7/902-9/4929 nömrəli ekspertiza rəyindən görünür ki: -Tədqiqata təqdim olunmuş kosmetoloji vasitələr İQ üsulu və Qaz xromatoqrafiyası kütlə-spektrometriyası üsulu ilə tədqiqat zamanı preparatlardan götürülmüş nümunələrin tərkibində spektoqrammada məxsus sahələrdə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrə məxsus udulma zolaqlarının əmələ gəlməsi müşahidə edilmədi. -Tədqiqata təqdim olunmuş kosmetoloji vasitələr əmtəə formasına görə qablaşdırmaları üzərindəki göstəricilərə uyğundur və tərkiblərindəki komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların küllü miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. -Tədqiqata təqdim olunmuş kosmetoloji vasitələrin qablaşması üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların “CRYSTAL ULTRA” markalı kosmetoloji iynələrin 1 qutusunun qiyməti 70 manat olmaqla, 59 qutusunun qiyməti 4130 manat, “CRYSTAL LİTE” markalı kosmetoloji iynələrin 1 qutusunun qiyməti 70 manat olmaqla, 17 qutusunun qiyməti 1190 manat, “CRYSTAL DEEP” markalı kosmetoloji iynələrin 1 qutusunun qiyməti 70 manat olmaqla, 70 qutusunun qiyməti 4900 manat, xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10220 manat müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1“ Publik hüquqi şəxsdən daxil olmuş 04 avqust 2023-cü il tarixli məktubdan görünür ki, “Cristal Deep”, “Cristal Ultra” və “Cristal Lite” adlı vasitələr kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. İş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu əsasında Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:54-də idarə etdiyi “DAF FT 105.460T” markalı, 99XA385/99ZF385 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” X2 Məntəqəsindən keçməklə Rusiya Federasiyası istiqamətindən ölkə ərazisinə daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməklə idxal edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən malların qeyd olunan gömrük proseduru altında yerləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsi, ticarət siyasəti tədbirlərinin tətbiqi və malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. Gömrük Məcəlləsinin 1.0.47-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük prosedurudur. Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə aşağıdakı sənədlər gömrük orqanına təqdim edilməlidir: 2.5.1. xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd; 2.5.2. malların və nəqliyyat vasitələrinin daşınması zamanı nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 6.2-ci bəndinə əsasən şəxslərin idxal etdikləri malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq gömrük orqanları tərəfindən həyata keçirilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Burada malların kommersiya məqsədi ilə ölkə ərazisinə gətirilməsi zamanı tətbiq edilən rüsum və onların dərəcələri müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və bu sahəni tənzimləyən digər normativ hüquqi aktların tələblərinə əsasən malların idxalı dedikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən ixracatçı ilə bağlanmış müqavilə əsasında, bank yolu il pul köçürülməsi yolu ilə malların alınması və zəruri mal müşayiət sənədləri ilə birlikdə gömrük orqanlarında müvafiq gömrük proseduru altında bəyan edilərək ölkə ərazisinə gətirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə etməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyətə səbəb olur. (Qeyd olunan maddənin dispozisiyasında az miqdarda dedikdə, əlli min manatədək olan məbləğ başa düşülür). Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli şəkildə keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 10220 manat təşkil edən, dərman vasitəsi hesab olunmayan 70 qutu “Crystal Deep”, 59 qutu “Crystal Ultra” və 17 qutu “Crystal Lite” markalı kosmetoloji-tibbi vasitələr müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar