Məhkəmə qərarları › İş №3(029)-325/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-325/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-325/2023 20.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X7 X1 ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Qusar rayonu Əcəxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsindən Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 9:45 radələrində Qusar şəhəri avtovağzal ərazisində 99DE780 dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı sənədləri (fərqlənmə nişanı) təqdim etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, yük maşını idarə edən şəxslər fərqlənmə nişanı əldə etməlidirlər. Şəxs yük maşını idarə etsə də, fərqlənmə nişanı əldə etməmiş və bununla da, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli biməmiş və izahatında göstərmişdir ki, 99DE780 dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyət hüququ ilə ona məxsus deyildir, həmin avtomobili etibarnamə əsasında idarə edir. O, həmin avtomobillə yükdaşıma fəaliyyəti ilə məşğul olmur, avtomobilin şəklini çəkərkən də avtomobil boş olmuş, avtomobildə hər hansı yük olmamışdır. Həmin vaxt ona ümumiyyətlə heç kim yaxınlaşmamış və heç bir sənəd tələb etməmişdir. Tərtib edilmiş protokol və aktdan xəbəri olmamışdır. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə ittihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Protokol tərtib etmiş şəxs müəyyən etmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 9:45 radələrində Qusar şəhəri avtovağzal ərazisində 99DE780 dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyətini həyata keçirərkən müəyyən edilmiş tələb olunan sənədləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndələrinə təqdim etməkdən imtina etmişdir. Lakin inzibati işə baxılarkən materialları ilə müəyyən olundu ki, “Ford Transit” markalı 99DE780 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətində deyil, qeyd edilən avtomobilin etibarnamə üzrə idarə edir. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında Protokol sonuncu tərəfindən imzalanmamış, ona protokolun nüsxəsi verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin dispozisiyasına əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin, sərnişin və yük daşımalarını həyata keçirilməsi ehtimal olunan ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşına dair mülkiyyət hüququnu təsdiq edən müvafiq qeydiyyat şəhadətnaməsinin surəti, sahiblik və istifadə hüquqlarını təsdiq edən etibarnamənin və ya digər sənədlərin surətləri, həmin avtomobilin Şəxs istifadəsində olmaqla həmin şəxsin həmin avtomobillə yük daşımaqla məşğul olmasını təsdiq edən hər hansı bir sübut inzibati xəta haqqında protokola əlavə olunmamış, həmçinin məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, Şəxs məhz hansı sənədlərin tələb olunması və təqdim edilməməsi inzibati xəta haqqında protokolda əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli 64 №-li aktdan görünür ki, həmin aktla Qusar şəhəri avtovağzal ərazisində “Ford” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olan şəxsin kimliyi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən isə həmin avtonəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün deyil. Qeyd olunan xüsusatlara əsasən Şəxs “Ford” markalı 99-DE 780 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olması haqqında qəti fikir söyləmək mümkün deyil. Bununla da, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması barədə əsaslı şübhələr vardır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi hazırkı inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsi, sonuncunun həmin əmələ görə təqsirli olması barəsində əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də həmin şübhələr Şəxs xeyrinə həll olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs hazırkı inzibati xəta hadisəsi barəsində təqsirsiz hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar