Məhkəmə qərarları › İş №3(029)-330/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-330/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-330/2025 04.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29305035 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29305035 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandımışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in 16 iyul 2025-ci il tarixli EQ 29305035 saylı elektron qərarına əsasən AR İXM-in 353.3-cü maddəsi ilə, yəni etibarnaməyə əasən idarə etdiyi MERCEDES BENZ markalı, ** SB *** dövlət qeydiyyat nişanlı yük maşını “icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrarən idarə edilməsinə görə” 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. Bildirmişdir ki, BDYPİ-nin 30 iyul 2025-ci tarixli EQ 28944934 sayli elektron qərarına əsasən o AR İXM-nin 353.2-ci maddəsi ilə, yəni “iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə” 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. BDYPİ-nin barəsində qəbul etdiyi 30 iyun 2005-ci il tarix EQ 28944934 saylı elektron qərari qanuni qüvvəyə minməmiş, BDYPİ onun barəsində İXM-nin 353.5-ci maddəsi ilə yəni İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı il ərzində takrarən törədilməsinə görə qanunsuz olaraq 16 iyul 2025-ci il tarixli EQ 29305035 saylı elektron qərar qəbul edilmiş, əsassız olaraq 1200 manat inzibati qaydada cərimə edilmişdir. Qanunun mənasına görə əvvəlki inzibati xəta haqqında qanuni qüvvəyə minməmiş BDYPİ-nin barəsində yalnız İXM-nin 353.2-ci maddəsi inzibati tənbeh tətdiq etməyə və onu 600 manat cərimə etməyə səlahiyyəti ola biləcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi MERCEDES BENZ markalı, ** SB *** dövlət qeydiyyat nişanlı yük maşını ikioxlu yük avtomobili olmaqla həmin avtomobilə üçoxlu qoşquda qoşulmuşdur. Həmin gün, yəni 16 iyul 2025-ci il tarixdə maşınının qoşqu ilə birlikdə çınqılla yüklənmiş halda cəmi çəkisi 39600 kiloqram, yəni 39 ton 600 kiloqram olmuşdur. Belə ki, avtomaşın həmin yüklə birlikdə karxanadan çıxarkən çəkisi tərəzidə ölçülmüş və bu barədə müvafiq tərəzi çeki verilmişdir (şikayətə əlavə olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilnəsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətdə olarkən ikioxlu yük avtomobilinin üçoxlu qoşqu ilə birlikdə icazə verilən maksimal kütləsi 42 ton həddində müəyyənləşdirilir. Qeyd etmişdir ki, 16 iyul 2025-ci il tarixdə maşınının qoşqu ilə birlikdə çınqılla yüklənmiş halda cəmi çəkisi 39 ton 600 kiloqram yəni, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası ilə müəyyən edilmiş 42 ton həddi daxilində olmuşdur. O, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunduğunu, ona görə də barəsində inzibati tənbeh tətbiq edilməsi barədə AR DİN BDYPİ-nin 16 iyul 2025-ci il tarixli EQ 29305035 saylı elektron qərarının ləğv edilməsini və barəsində AR İXM-nin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində AR DİN BDYPİ tərəfindən qanunsuz tərtib edilmiş 16 iyul 2025-ci il tarixli EQ 29305035 saylı elektron qərarın ləğv edilməsinə dair 17 iyul 2025-ci il tarixdə AR DİN BDYPİ-nin rəisi Ramiz Zeynalova şikayətlə müraciət etmişdir (poçt qəbzi əlavə olunmuşdur). Lakin şikayəti ilə əlaqədar bu günə kimi heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ və şikayətçi X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM: Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsi0ndə nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə 353.5. bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə aşağıda göstərilən əsaslara görə şikayət ərizəsinin təmin edilməsini, xx.xx.2025-ci il tarixli, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ 29305035 saylı Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş, EQ 29305035 saylı elektron qərarın sürətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə İXM-nin 353.5-ci maddəsi ilə 1200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş, foto şəkilin surətindən görünür ki, xx.xx.20025-ci il tarixdə saat 22:37 radələrində X3 ** SB *** dövlət qeydiyyat nömrəli avtomobillə Şabran Rayon Mollakamallı kəndi, Quba istiqamətində hərəkət edərkən qayda pozuntusu törədərək 40 ton çəki limitini aşmışdır. xx.xx.2025-ci il tarixli, 46840 nömrəli tərəzi qəbzindən görünür ki xx.xx.20025-ci il tarixdə ** SB *** dövlət qeydiyyat nömrəli avtomobilin ümumi çəkisi 39600 kiloqram olmuşdur. Belə ki, qərarı qəbul etmiş orqan məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Həmçinin hazırki iş üzrə sübutetmə öhdəliyi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin üzərinə düşdüyündən və Azərbaycan Respublikası DİN-nin BDYPİ sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmə hazırki iş üzrə mübahisələndirilmiş qərarı onu qəbul etmiş orqan tərəfindən sübut edilmədiyini əsas götürərək həmin qərarı və onun doğurduğu nəticələrin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməli və Azərbaycan Respublikasının DİN BDYPİ-nin inzibati tənbeh vermə xx.xx.2025ci il tarixli EQ 29305035 saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29305035 saylı qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar