Məhkəmə qərarları › İş №3(029)-334/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-334/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-334/2023 31.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi xx.xx.1977-ci ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Şirvanlı kəndində yaşayan, RF-nın vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində özünə məxsus bir baş inəyi yolda nəzarətsiz qoymuş və nəticədə at yolda hərəkətdə olan “VAZ 21099” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Qusar rayonu Sudur kənd sakini Zərərçəkmiş şəxs1 maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək məhkəmənin icratında onun Azərbaycan Respublikası İXM-nin 338.7 maddəsi ilə inzibati material vardır. Törətdiyi əmələ görə səmimi peşmandır, dəymiş zərəri ödəmiş, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7 maddəsi ilə inzibati material üzrə zərərçəkmiş şəxsdir, ona dəymiş zərəri tam olaraq ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7 maddəsi ilə inzibati material üzrə zərər çəkmiş şəxsdir, ona dəymiş zərəri tam olaraq ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə- yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1 ərizələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin ərizələrini, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol nəqliyyat hadisəsi baş vermiş yerdə olmamış, özünə məxsus inəyi nəzarətsiz qoymuş, inəyin qaçmasının qarşısının alınması üçün lazımı tədbirlər görməmiş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar