Məhkəmə qərarları › İş №3(029)-343/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-343/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-343/2025 27.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, xx.xx.1996-cı ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Qusar rayon X2 bölməsinin təhqiqatçısı polis kapitanı Ənvər Xəlilovun qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi müəyyən olunmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarın surəti inzibati qaydada tədbirlər görülməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs döymüşdür. Qusar rayon PŞ-nin rəisi Azər Əfəndiyevin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardadı ilə qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması rayon məhkəməsinin səlahiyyətində olması əsasları ilə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan faktla bağlı Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-yə verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” və “zərər çəkmiş şəxs” hesab edilir. Lakin məhkəməyə təqdim olunmuş iş materiallarından inzibati xəta əməlini törədən şəxs “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” qismində, inzibati xətanın törədilməsi nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs “zərər çəkmiş şəxs” qismində tanınmamış, onların hüquq və vəzifələri izah edilməmiş, eləcə də, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları kimi dindirilməmişlər. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs”in və “zərər çəkmiş şəxs”in izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər prosessual hüquq və vəzifələri vardır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat materialı yalnız Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Qusar RPŞ-nin İTB-nə verilməsi barədə qərar əsasında məhkəməyə göndərilmişdir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in rayon (şəhər) məhkəmələrinin aidiyyətindən bəhs edən 43.1-ci maddəsinə əsasən məhkəmələr İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsində isə göstərilir ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, «İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir. Məcəllənin 43.2-ci maddəsinə görə, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri nisbətən daha ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar». Yuxarıda istinad olunan normaların tələblərindən belə anlaşılır ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xəta haqqında işə baxmaq hüququ həmçinin polis orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Qusar rayon PŞ İTB-nin sahə rəisi X1 isə Şəxs barəsində AR İXM-in 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokol tərtib etmiş və İXMin 43.3-cü maddəsində göstərilən tələblərə riayət etməyərək həmin protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün məhkəməyə göndərməklə kifayətlənmiş, lakin işin məhkəməyə göndərilməsi üçün zəruri olan bir sıra xüsusatlar, o cümlədən inzibati xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halların mövcudluğu nəzərə alınmamış, eləcə də şəxs barəsində İXM-in 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə inzibati tənbeh tədbirindən daha ağır inzibati həbs inzibati tənbeh tədbirinin tətbiqi üçün əsasların olub-olmaması araşdırılmamışdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, Qusar rayon PŞ İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana, yəni Qusar rayon PŞ-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar