Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-344/2021 30.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Qusar rayon Polis Şöbəsinin 18 iyul 2021-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə olunmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 30 iyul 2021-ci il tarixdə 01:00 radələrində Şəxs Qusar rayonunda yerləşən “Ladera” restoranında “icaze.e-gov.az” portalından icazə almadan 150 nəfərin iştirakı ilə toy şənliyini təşkil etməsi aşkar olunmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə 30 iyul 2021-ci il tarixli MN 1008845-873 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də 30 iyul 2021-ci il tarixdə Qusar rayonu ərazisində yerləşən “Ladera” restoranında 150 nəfərin iştirakı ilə toy şənliyi təşkil etmiş, lakin bununla bağlı “icaze.e-gov.az” portalından müvafiq icazə almamışdır. Buna səbəb onun həmin restoranı işlətmək üçün mülkiyyətçi ilə heç bir müqavilə bağlamaması, vergi orqanında qeydiyyatdan keçməməsi olmuşdur. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Qərarının 1.4-cü bəndinə əsasən aşağıdakı dəyişikliklər əlavə edilmişdir: “2.5-3. 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 2.5-3.1. şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur; 2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; 2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir; 2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir; 2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; 2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; 2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; 2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir; 2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.”. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs 30 iyul 2021-ci il tarixdə Qusar rayonunda yerləşən “Ladera” restoranında “icaze.e-gov.az” portalından icazə almadan 150 nəfərin iştirakı ilə toy şənliyini təşkil etməsi, bununla da, xüsusi karantin rejimi qaydalarını pozmaqla həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sqbuta yetirilmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, Şəxs fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçməmiş, restoran fəaliyyəti ilə məşğul olmaq üçün restoran sahibi ilə hər hansı müqavilə bağlamamış, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, həmin şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Qusar rayon Polis Şöbəsinin 18 iyul 2021-ci il tarixli qərarı ilə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, o, islah olunmamış və eyni xətanı təkrar törətmişdir. Bu səbəbdən də, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(029)-344/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-344/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver