Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-351/2023 11.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə X1 DYPB-nin xx.xx.2023-cü il tarixli EQ 17139111 saylı elektron qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DYPB-nin xx.xx.2023-cü il tarixli EQ 17139111 saylı elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 oktyabr 2023-cü il tarixdə Kia- Sorento markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində etibarnamə ilə idarə etdiyi zaman DYP yol patrul xidməti əməkdaşı onun avtomobilini saxlamış, onun barəsində elektron qərarların mövcud olmasını, cərimənin ödənməli olduğunu qeyd etmişdir. O, həmin qərarlardan xəbəri olmadığını qeyd etmiş, nə vaxt və necə yazıldığını soruşduqda ona müvafiq olaraq Qusar və Quba DYP-na yaxınlaşaraq məlumat almalı olduğunu qeyd etmişlər. Bundan sonra o, həmin qərarlar barəsində məlumat almaq və qərarları almaq üçün Qusar və Quba DYP-na getmişdir. Beləliklə ona məlum olmuşdur ki, onun barəsində 27 sentyabr 2023-cü il tarixli EQ ******* nömrəli elektron qərar tərtib olunmuşdur. Həmin qərar rəsmi qaydada ona göndərilməmişdir. Həmin qərarda onun Qusar şəhəri çıxış istiqamətində 27 sentyabr saat 08:39 radələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulduğunu qeyd etmişlər. X2 həmin qərar qanunsuz və əsassız olduğunu bildirmiş və bunu onunla əsaslandırmışdır ki, o həmin vaxtı avtomobili idarə etməmişdir. Avtomobilə dair ona etibarnamə verilsə də, avtomobil onda olmamış, o həmin vaxtı Bakı şəhərində olmuşdur. Onun həmin vaxtı Bakı şəhərində olduğuna dair sübutu istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefonun həmin vaxta dair anten məlumatlarını əldə etməklə müəyyən etmək olduğunu qeyd etmişdir. Həmçinin avtomobilin özündə də onun avtomobili idarə etdiyinə dair foto görüntü və ya video yoxdur.Bundan əlavə həmin inzibati xəta haqqında qərarın özü tərtib edilmə qaydalarını pozmaqla çıxarıldığını bildirmişdir. Belə ki. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın protokoluna əsasən real vaxt rejimində tərtib olunan inzibati xəta haqqında protkollarda hadisə baş verdiyi anda inzibati xəta haqqında protokol və qərar tərtib edilməli olduğunu qeyd etmişdir. Lakin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara qoşma olan fotoşəkildən də göründüyü kimi Xətanın yeri qrafasında saat 08:39 göstərilmiş, qərarın tərtib edildiyi tarix isə saat 16:27 göstərilmişdir. Buna görə də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın tərtib edilməsi kimi göstərilən görüntünü çəkən kamera müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyini, həmin görüntü şəhərin təhlükəsizlik kamerası ilə aşkar edilərək qərar qəbul edildiyini bildirmişdir. Həmin halın isə qərarın ləğv edilməsi üçün əsas olduğunu bildirmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 17139111 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsində göstərilənləri müdafiə etmiş və izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş qərar əsassızdır,qanunvericiliyin tələblərinə uyğun olaraq elektron sistemə vaxtında yerləşdirilməmişdir.Avtomaşını o idarə etməmiş,avtomaşının onun tərəfindən idarə edilməsilə bağlı sübut yoxdur.Ərizəsində göstərilənləri nəzərə alıb,barəsində tərtib edilmiş DYPB-ni xx.xx.2023-cü il tarixli EQ 17139111 saylı elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş DYPB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılması mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli EQ 17139111 saylı qərarının surətindən görünür ki, X1 xx.xx.2023-ci il tarixdə saat 16:27:35-də KİA SORENTO minik markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs tərəfindən qərarda göstərilən tarixdə avtomaşını idarə etməsilə bağlı konkret sübutlar (ön tərəfdən çəkilmiş foto və videogörüntü) əlavə edilməmişdir. həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X1 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. DYPB məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X1 dəlillərinin aidiyyəti sübutlarla (videogörüntü və foto ilə) əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. X2 barəsində olan DYPB-nin xx.xx.2023-cü il tarixli EQ 17139111saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-351/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-351/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver