Məhkəmə qərarları › İş №3(029)-357/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-357/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-357/2025 29.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Qusar rayonu, Urva kəndində qeydiyyatda olan hüquqi şəxs «FİTO- MAN” MMC (VÖEN:**********) haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmağına baxmayaraq müqavilələrin elektron sənəd formasına keçirilməsi xx.xx.2025-ci il tarixədək təmin olunmamışdır. Bunlulada Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin faktla bağlı hüquqi şəxs Şəxs MMC barəsində DƏMX-nin X4 rəisi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 protokolda göstərilənlər xüsusatları təsdiq edərək protokolu müdafiə etdiklərini və inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan “Əmək və Məşğulluq” altsistemindən çıxarışdan görünür ki, 5ZV99B1001301, 5RQWJZ8000302, 2GQD4R5000400, 6BPKLFZ000900, 42VJ918000500, 5FYHBR2000304, 5QLPGY2000303 nömrəli qüvvədə olan müddətli əmək müqavilələri elektron sənəd formasına keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Quba-Xaçmaz Regional regional şöbəsinin baş əmək müfəttişi X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66693/2025 nömrəli Göstərişdən görünür ki, hüquq şəxs Şəxs MMC-yə DƏMX tərəfindən 10 (on) iş günü müddətində qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsi və bu barədə DƏMX-nin X5 məlumat verilməsi tələb olunmuşdur. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi qəbzindən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən həmin göstəriş xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-75182/2025 nömrəli məktubdan görünür ki, DƏMX-nin Quba-Xaçmaz regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66693/2025 nömrəli göstərişin icra olunmamasında inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması və olduğu təqdirdə protokolun tərtibində nümayəndənin iştirakının təmin edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da DƏMX-nin X5 və ya videokonfransa dəvət olunmuş, lakin hüquqi şəxs Şəxs MMC heç bir münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə və məhkəmə iclasında verilmiş izahata əsaslanaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC öz hərəkətsizliyi ilə Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 539.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 539.1-1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 və məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar