Məhkəmə qərarları › İş №3(029)-358/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-358/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-358/2025 29.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Hüquqi şəxs Şəxs MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmasına baxmayaraq, müqavilələrin elektron sənəd formasına keçirilməsi xx.xx.2025-ci il tarixədək təmin edilməmiş, bununla da, Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidməti Quba- Xaçmaz regional şöbəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq X3 Xidməti Quba- Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-yə əmək müqavilələrinin elektron sistemiə işlənilməsi barədə xx.xx.2025-ci il tarixdə göstəriş verilmiş, lakin həmin MMC indiyədək əmək müqavilələrini elektron sistemə işləməmişdir. xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunması üçün Şəxs MMC-yə bildiriş göndərilərək nümayəndəsi şöbəyə dəvət edilmiş, lakin şöbədən gələn olmamışdır. Bundan sonra həmin MMC-nin barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan başqa, Şəxs MMCnin işəgötürəni barəsində inzibati cərimə qərarı qəbul edilmiş, həmin cərimə 10 gün müddət müəyyən olunmaqla şərti tətbiq edilmiş, lakin həmin müddət ərzində hüquqpozma halları aradan qaldırılmamışdır. Odur ki, Şəxs MMC barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan X3 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 28 iyul 2025-ci il tarixli icrası məcburi göstərişin surətindən görünür ki, qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir. “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli 425 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Göründüyü kimi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən məlum Qərarının tələbinə uyğun olaraq 10 iş günü müddətində əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmuş, lakin həmin MMC icrası məcburi olan həmin göstərişi icra etməmişdir. Bununla da, həmin MÇMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozmuş, bu isə Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində tətbiq edilən inzibati cərimə şərti tətbiq olunmalı, həmin şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 1 ay müddət müəyyən olunmalı, həmin müddət ərzində töröədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə həmin MMC inzibati cərimənin ödənilməsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-сi maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Şəxsnə həmin cərimə şərti olaraq tətbiq edilsin və 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar