Məhkəmə qərarları › İş №3(029)-370/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-370/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-370/2025 09.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X1, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 324-3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, O, AR İnzibati Xətalar Məcəlləsinin 324-3.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ29578451 saylı qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, guya o “VAZ 2107” markalı, 0117 PT 05 xarivi dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi onun istifadəsində olsa da, həmin avtomobil ilə hər hansı sərnişindaşıma fəaliyyəti ilə məşğul olmadığını, özünü fərdi sahibkar kimi Qusar şəhəri ərazisində yerləşən ət bazarı ərazisində ət satmaqla məşğul olduğunu bildirmişdir. Fərdi sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində uçota alınmaqla adına müvafiq VÖEN açılmış, həmin VÖEN əsasında öz fəaliyyətini davam etdirir. Onun idarəçiliyində olan nəqliyyat vasitəsi işlədiyi ət bazarının qarşısında dayansa da, müştəri gözləmək üçün dayanmamış, onu özünün şəxsi istifadəsində olan işə gəlib getmək üçün istifadə etdiyi avtomobil kimi saxlamışdır. Hətta, həmin inzibati qərarı qəbul edən vəzifəli şəxs X5 onun ət satmaq fəaliyyəti ilə məşğul olduğunu və idarə etdiyi avtomobilində şəxsi istifadəsində olduğu bildiyini bildirmişdir. Həmin inzibati qərarı o, xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Bundan sonra o, həmin orqana müraciət edərək hansı əsasa görə onun barəsində qərar qəbul olunduğunu bildirmiş, bundan sonra guya onlar idarə etdiyi avtomobil üzərində “taksi” nişanıı görmüşlər və buna görə də onun barəsində həmin qərar qəbul edilmişdir. Barəsində qərar qəbul etmiş orqan özü belə onun belə fəaliyyətlə məşğul olması faktını aşkar etməmiş, taksi sürücüsü kimi hansı şəxsi və ya şəxsləri müştəri qismində bir yerdən digər yerə aparmağını müəyyən etməmişlər, yalnız hansısa şəxsin müraciətinə əsasən onun barəsində qərar qəbul etmişlər. Bəhram adlı şəxsin onun qərəzi olduğuna görə barəsində şikayət edə bilərdi, ona görə də həmin şəxsin müraciəti əsasında ətraflı araşdırma aparılmadan, müvafiq sübutlar toplandıqdan sonra hansısa qərar qəbul edilə bilərdi. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin xx.xx.2025ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən onun məlumatı olmamış, inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı məlumatlandırılmamış, protokol tərtib edilməsi ilə bağlı hər hansı əməkdaş tərəfindən çağırılmamış, bu barədə izahat vermək təklif edilməmiş, onun iştirakı təmin edilməmişdir. Bazarda ət satışının fəaliyyəti ilə məşğul olur, taksi kimi fəaliyyət göstərmir. Maşının üzərində olan taksi nişanı ona məxsus deyil. Həmçinin heç bir sərnişindaşıma fəaliyyəti ilə məşğul olmadığını bildirərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 qəbul edilmiş qərarı müdafiə edərək bildirmişdir ki, həmin protokolun tərtib edilməsinə əsas nəqliyyat vasitəsinin damına qoyulmuş taksi nişanı olmuşdur. Həmin taksi nişanının fotoşəkli çəkilmiş, sonradan protokol tərtib olunmuşdur. Protokol tərtib edilərkən şəxsə izahat vermək təklif olunsa da o izahat verməkdən imtina etmişdir. Lakin bu barədə akt tərtib edilməmişdir. Həmçinin şəxsin hər hansı sərnişini bir yerdən digər yerə aparması barədə hər hansı fakt barədə məlumatları olmamış, həmçinin fotoşəkil çəkilərkən nəqliyyat vasitəsinin sahibi, yaxud hər hansı sərnişin orada olmamışdır. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM: Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə aşağıda göstərilən əsaslara görə şikayət ərizəsinin təmin edilməsini, xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qərarı qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, inzibati xəta haqqında icraata başlamağa əsas olaraq yalnız nəqliyyat vasitəsinin üzərinə qoyulmuş “taksi” nişanı olmuşdur. Lakin protokolu tərtib etmiş şəxs tərəfindən həqiqətən həmin nişanın kim tərəfindən nəqliyyat vasitəsinin üzərinə qoyulması faktı, həmçinin şəxsin həmin nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması faktı sübuta yetirilməmişdir. Şəxsin sərnişin maşında olmasını təsdiq edən foto şəkil və ya sürücünün maşında olduğu vaxt maşının üzərində taksi nişanın olmasını təsdiq edən fotoşəkil təqdim edilməmişdir. Əgər sürücünün maşının yanında və ya içərisində olduğu vaxt və ya sərnişinin maşında olduğunu təsdiq edən fotoşəkil və ya video görüntü təqdim edilsə idi, şikayət əsassız olardı. Hazır kı halda şübhəli hallar aradan qaldırılmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş ********** nömrəli VÖEN-dən çıxarışdan görünür ki, X4 mağaza, bazar və çadırlardan kənarda səyyar mal satışı fəaliyyəti ilə vergi uçotuna alınmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, şəxsin qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olması mötəbər sübutlarla sübuta yetirilmədiyindən, iş üzrə şübhəli və sübuta yetirilməli hallar olduğundan, həmçinin şikayət ərizəsi əsaslı olduğundan təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməli və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsi tərəfindən X4 barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar