Məhkəmə qərarları › İş №3(029)-374/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-374/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-374/2022 06.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1985-ci ildə Rusiya Federasiyasinda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaqkənd rayonunda yaşayan X3 haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X3 2022-ci ilin fevral ayında Rusiya Federasiyasının Mahaçqala şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda yəni 153 (yüz əlli üç) manat dəyərində 102 qutu, hər qutuda 10 ampul olmaqla cəmi 1020 ampul “Натрия Тиосльфат 10 мл” adlı dərman vasitələrini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı O644XE05/AM149205 dövlət qeydiyyat nişanlı yük-nəqliyyat vasitəsində kabinin yataq yerinin sağ və sol tərəflərində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altındakı boşluq və tavan hissəsinin ön tərəfindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin örtüyünün arxasındakı boşluqda gizlədərək 4 aprel 2022-ci il tarixdə saat 23 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Şirvanlı gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 10000-0032/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/1945 saylı və 16 may 2022-ci il tarixli 9/2424 saylı ekspert rəylərindən görünür ki,hüquqpozma predmeti olan 102 qutu hər qutuda 10 ampul olmaqla cəmi 1020 ampul “Натрия Тиосльфат 10 мл” adlı dərman vasitələri Azərbaycan Respublikasını 96-llQ saylı 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların Siyahısı” və Azərbaycan Respublikasının 180-VQ saylı 18 mart 2016-cı il tarixli Qanuni ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrvə onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na daxil deyildirlər, istifadəyə yararlıdırlar və 4 aprel 2022-ci il tarixə mövcud olan ümumilikdə orta bazar qiyməti təxminən 153,00 (yüz əlli üç) manat təşkil edir. 20 ampul “Натрия Тиосльфат 10 мл” adlı dərman vasitəsi ekspertiza tədqiqatına sərf edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 153 (yüz əlli üç) manat təşkil edən 102 qutu, hər qutuda 10 ampul olmaqla cəmi 1020 ampul “Натрия Тиосльфат 10 мл” adlı dərman vasitələri müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar