Məhkəmə qərarları › İş №3(029)-38/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-38/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-38/2022 10.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla faktiki olaraq Qusar şəhəri Yeni Yaşayış massivdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 08.02.2022-ci il tarixdə saat 14:30 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən taxta sexində karantin rejimini yoxlayan polis əməkdaşları ilə mübahisə etmiş, nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 09.02.2022-ci il tarixli MN 1120995-44 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən köhnə konserv zavodunun həyətindəki taxta sexində usta işləyir. 08.02.2022-ci il tarixdə saat təxminən 14 radələrində işdən evə gəlmiş, həmin vaxt onunla sexdə işləyən şagirdi ona zəng edərək işlədiyi sexə polis əməkdaşlarının gəldiyini və tez ora gəlməsini bildirmişdir. O, da iş yerinə qayıtmışdır. Onun evi iş yerinə yaxındır. O, iş yerinə çatanda sexin qabağında bayırda polis əməkdaşlarını görmüş, həmin vaxt çöldə olduğuna görə tibbi maska taxmamışdır. Polis əməkdaşları onu heç nə olmayacağını bildirərək sexin içərisinə dəvət etmiş və həmin vaxt onun şəklini çəkmişlər. Həmin vaxt o, özünü müdafiə etmək üçün mobil telefon vasitəsi ilə çəkiliş aparacağını polis əməkdaşlarına bildirmişdir. Onun çəkiliş apardığını görən polis əməkdaşları onunla mülayim rəftar edərək onun COVİD-19 pasportunun olub-olmamasını, peyvənd olunubolunmamasını soruşmuşlar. O, polis əməkdaşlarına peyvənd olunduğunu, COVİD-19 pasportunun olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı olan Azad onun etdiyi çəkilişi saxlamış və telefonunu alıb çəkilişi silmişdir. Daha sonra Azad onu söymüş, döymüş, əli ilə boğazını sıxaraq fiziki təzyiq göstərmişdir. O, polis əməkdaşlarını söyməmiş, polisin qanuni tələblərinə tabe olmuşdur. Özü dindardır, namaz qılır, heç bir söyüş söyməmişdir. Polis əməkdaşları ona böhtan atır, polis əməkdaşlarına iblis, şeytan deməmişdir. Polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətləri telefona çəkilmiş və həmin telefonda edilən çəkilişi baxmaq üçün məhkəməyə təqdim edir. Beləliklə, o, heç bir inzibati xəta törətməmiş, ona görə də, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Polis əməkdaşı Qoşqar Bədəlovla birlikdə 01 saylı ərazidə xidmət aparır. Şəxs qarşı heç bir ədavəti yoxdur. Onlar Şəxs işlətdiyi Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən taxta sexində bir nəfərin tibbi maskadan istifadə etmədiyini görmüş və şəklini çəkmişdir. Həmin vaxt vətəndaş sexdə tək olmuşdur. Sonradan ora Şəxs gəlmiş, onlar özlərini ona təqdim edərək tibbi maskadan istifadə etməsini bildirmiş, lakin Şəxs aqressiv qaydada ona “mən blogerəm, sənin başına oyun açaram” demiş, onlara şeytan, iblis deyərək söymüşdür. O, Şəxs vurmamış, onu təhqir etməmiş, fiziki güc tətbiq etməmişdir. Şəxs polis şöbəsinə dəvət etmişdir. Hadisə vaxtı çəkiliş aparılmasından xəbəri olmuşdur. O və Qoşqar Bədəlov Şəxs heç bir zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. O, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən taxta sexində işləyən şəxslərin peyvənd olunub-olunmamasını yoxlamaq üçün getmişdir. Həmin vaxt sexin içində bir nəfər şəxsin tibbi maskasının olmadığını görmüşdür. Həmin şəxsdən peyvənd olunub-olunmadığını soruşmuşdur. Həmin şəxs əsgərlikdən təzə gəldiyini və peyvənd olunmadığını bildirmişdir. Sonra həmin sexə Şəxs gəlmişdir. Həmin şəxs özünü çox aqressiv apararaq niyə gəldiklərini, özünü namazdan etdiyini və onların ünvanına söyüşlər söymüşdür. Həmin vaxt Şəxs onları telefona çəkmiş, ondan telefonu aldıqdan sonra onlara qarşı çox aqressiv olmuş və ünvansız söyüşlər söymüşdür. Onlar Şəxs qarşı heç bir zor tətbiq etməmiş, onun boğazından tutub sıxmamışlar, vurmamışlar. Məhkəmə tərəfindən Şəxs mobil telefonunda olan hazırkı hadisənin video görüntüsünə vizual baxış keçirilmiş, Şəxs işlədiyi sexdə hər hansı xuliqanlıq hərəkətlərin etməsi, söyüşlər söyməsi, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz əksini tapmamışdır. Əksinə, həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları əsassız olaraq Şəxslə mübahisə etmişlər, onun qolunu burmuşlar, boğazından tutub sıxaraq ona fiziki zor tətbiq etmişlər. İş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:

1. ictimai iaşə müəssisələrində;

2. mehmanxanalarda;

3. iri ticarət mərkəzlərində. Göründüyü kimi, vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmələri onların əsas konstitusion hüquqlarından olan azadlıq hüququdur və həmin hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Polis əməkdaşlarının vətəndaşın azadlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş hər hansı tələbləri də qanuni və əsaslı olmalı, ictimai qaydanın qorunmasına və cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlməlidir. Göründüyü kimi, Şəxs işlədiyi Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən taxta sexində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və bununla da, hər hansı xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, polis əməkdaşlarının Şəxs qarşı hər hansı qanuni tələbləri olmamış, həmin şəxsdən peyvənd olunub-olunmamasını, COVİD-19 pasportunun olub-olmamasını soruşduqda isə həmin şəxs peyvənd olunduğunu, COVİD-19 pasportunun olduğunu bildirmişdir. Halbuki, onların həmin şəxsdən COVİD-19 pasportunu tələb etmələri qanuni və əsaslı olmamışdır. Həmin şəxs karantin rejimi qaydalarını da pozmamış, bununla bağlı da Şəxs müvafiq qanuni tələb də irəli sürülməmişdir. Odur ki, həmin şəxsin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması da sübuta yetirilməmişdir. Onun polis əməkdaşlarına işlədiyi taxta sexinə heç bir əsas olmadan yoxlama məqsədi ilə gəlmələrinə irad bildirməsi isə haqlı və əsaslı olmuş, onun həmin hərəkətləri ictimai qaydanı pozan və ya polisin qanuni tələblərinə qəsdən tabe olmamağa yönələn hərəkətlər kimi qiymətləndirilə bilməz. Əksinə, polis əməkdaşları ona qarşı əsassız hərəkətlərə yol vermiş, ona fiziki zor tətbiq etmişlər. Bununla da, Şəxs ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətaların tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətaları törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməllərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,

Qərara aldım:

Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar