Məhkəmə qərarları › İş №3(029)-382/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-382/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-382/2021 16.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə ünvan 1 ünvanda fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC-nin haqqında Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC 2679000.00 Rusiya rublu məbləğində vəsaiti 08.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2679000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə 14 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərmişdir ki, ”NAFTA BAKU” MMC ilə Rusiya Federasiyası “Tyumenskiy akkumulyatornıy zavod” Səhmdar Cəmiyyəti arasında akkumulyatorların alqı-satqısı barədə 27 fevral 2019-cu il tarixli 53/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında həmin zavodun bank hesabına 08 iyul 2019-cu il tarixdə "xxxx" QSC-nin vasitəsilə ******* Rusiya rublu məbləğində əvvəlcədən ödəniş edilmişdir. Bundan sonra zavod tərəfindən Şəxs MMC-nə həmin müqavilə əsasında 432 ədəd akkumulyator göndərilmişdir. Ümumilikdə isə zavoddan 852 ədəd akkumulyator almışlar. Akkumulyatorlar yük maşınları ilə gömrük sərhədindən Azərbaycan Respublikasına daxil olmuşlar, yüklərin gömrük bəyannaməsi tərtib olunmuş və sənədlər "xxxx" QSC-nə təqdim olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, dəyəri 24627.65 manat olan akkumulyatorlara dair Enerji resursları və DNGB-də tərtib olunmuş 17.07.2019-cu il tarixli **********7660 saylı gömrük bəyannaməsində malın göndərilməsi barədə müqavilənin nömrəsi 53/19 əvəzinə səhvən 0403/16 göstərilmişdir. Bu səbəbdən də, Mərkəzi Banka təqdim olunmuş sənədlərdə malın daxil olması öz əksini tapmamışdır. Bu, gömrük bəyannaməsini tərtib etmiş həmin təşkilatın səhvinə görə olmuşdur. Bu barədə onlar Mərkəzi Bank tərəfindən onlara bildirildikdən sonra xəbər tutmuşlar. Bundan sonra onlar bəyannaməni tərtib etmiş təşkilata səhvin düzəldilməsi ilə bağlı müraciət etmişlər və həmin səhv aradan qaldırılmışdır. Bundan başqa, həmin pulun müqabilində 15.07.2019-cu il tarixdə dəyəri 25364.87 manat olan akkumulyator da idxal olunmuş, bu barədə tərtib olunmuş 15.07.2019-cu il tarixli **********4784 saylı gömrük bəyannaməsi tərtib olunaraq "xxxx" QSC-nə təqdim olunmuşdur. Bununla da, Şəxs MMC-nin “Tyumenskiy akkumulyatornıy zavod” SC-nin hesabına əvvəlcədən ödəniş etdiyi ******* Rusiya rublu müqabilində alınmış mallar vaxtında Azərbaycan Respublikasına idxal edilmiş, həmin MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC (alıcı) ilə Rusiya Federasiya “Tyumenskiy akkumulyatornıy zavod” (mal göndərən) arasında bağlanmış 27 fevral 2019-cu il tarixli 53/19 saylı müqavilənin surətindən görünür ki, mal göndərən 11700000 Rusiya rublu dəyərində akkumulyator batareyalarını müəyyən olunmuş siyahı və həcm üzrə göndərməyi, alıcı isə əvəzində pul ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" QSC-nin 08 iyul 2019-cu il tarixli xarici valyutada köçürmə orderinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 27.02.2019-cu il tarixli 53/19 saylı müqaviləyə əsasən mallara görə Rusiya Federasiyasında yerləşən «Tyumenskiy akkumulyatornıy zavod» Səhmdar Cəmiyyətinin bank hesabına ******* Rusiya rublu məbləğində əvvəlcədən ödəniş edilmişdir. İş materiallarında olan 15.07.2019-cu il tarixli **********4784 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, “Tyumenskiy akkumulyatornıy zavod” SC tərəfindən Şəxs MMC-nin ünvanına 27.02.2019-cu il tarixli 53/29 saylı müqavilə əsasında göndərilmiş 25364.87 manat dəyərində elektrik akkumulyatorları Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarında olan 17.07.2019-ciu il tarixli **********7660 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, “Tyumenskiy akkumulyatornıy zavod” SC tərəfindən Şəxs MMC-nin ünvanına 27.02.2019-cu il tarixli 53/29 saylı müqavilə əsasında göndərilmiş 24627.65 manat dəyərində elektrik akkumulyatorları Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 23.07.2021-ci il tarixli 15 saylı məktubunun surətindən görünür ki, Enerji resursları və DNGB-də 17.07.2019-cu il tarixdə tərtib edilmiş **********7660 saylı gömrük bəyannaməsinin 44 qrafasında 4011 kodunda bağlanmış müqavilənin nömrəsinin 53/19 əvəzinə səhvən 0403/16 göstərildiyi Enerji resursları və DNGB-nə bildirilmiş və həmin səhvin düzəldilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən “Tyumenskiy akkumulyatornıy zavod” SC arasında akkumulyator batareyalarının alqı-satqısı (göndərilməsi) barədə 27.02.2019-cu il tarixli 53/19 saylı müqavilə bağlanmış və 08 iyul 2019-cu il tarixdə Şəxs MMC tərəfindən həmin zavodun bank hesabına "xxxx" QSC vasitəsi ilə ******* Rusiya rublu (hazırkı qərar çıxarılan günə Azərbaycan manatı məzənnəsi ilə 62152) məbləğində əvvəlcədən ödəniş edilmişdir. Həmin pulun müqabilində zavod tərəfindən Şəxs MMC-nə göndərilmiş 25364.87 manat dəyərində akkumulyatorlar 15.07.2019-cu il tarixdə, 24627.65 manat dəyərində akkumulyatorlar isə 17.07.2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Bu barədə 15.07.2019-cu il tarixdə **********4784 saylı, 17.07.2019-cu il tarixdə isə **********7660 saylı gömrük bəyannamələri tərtib edilmişdir. Həmin gömrük bəyannamələri üzrə idxal edilmiş malların cəmi dəyəri 49992,52 manat təşkil edir. Hazırkı günə əvvəlcədən ödənilmiş pul vəsaiti ilə idxal edilmiş mallar arasındakı fərq isə 12159.48 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Azərbaycan Respublikasının Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3, 4.3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar- Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə aparılır. Həmin Qaydaların 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X3 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir) Həmin Qyadaların 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən müvafiq ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların idxal edilməməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmaması və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hazırkı halda isə Şəxs MMC tərəfindən əvvəlcədən edilmiş ödənişlə idxal edilmiş malların qalıq fərqi 10000 (on min) ABŞ dollarından (Azərbaycan manatı məzənnəsi ilə 17000 manat) az-yəni 12159.48 manat təşkil edir ki, bu halda şəxsin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranmır. Bununla da,”NAFTA BAKU” MMC-nin tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Həmçinin, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gələrək Şəxs MMC-nin təqsirli olmasını sübuta yetirməmişdir. Ona görə də, həmin MMC ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar