Məhkəmə qərarları › İş №3(029)-391/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-391/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-391/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1993-cü ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 06.08.2021-ci il tarixdə keçirilmiş tədbir zamanı Şəxs 0,378 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı müəyyən edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 09.08.2021-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanılmamış və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Qusar RPŞ-nin İTB-nə həvalə edilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi V.M.İ.E. polis kiçik leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN ******* saylı 25.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən peşman olduğunu, səhv etdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2021-ci il tarixli 7/760 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şəxs” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi-0,378 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 0,378 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq-0,358 qram. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 07 avqust 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şəxs idarə etdiyi “Opel Astra” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,358 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0.358 qram qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0.358 qram qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar