Məhkəmə qərarları › İş №3(029)-392/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-392/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-392/2022 05.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1957-ci ildə Qusar rayonu Uqur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1635/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 məxsus Qusar rayonu Uqur kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 70 kv metr hissəsindən qərəzli olaraq çıxmır və tələbi icra etmir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsi onun babasına məxsusdur. Həmin evdə də o, böyümüşdür. Dəfələrlə həmin sahəyə ekspertlər gələrək baxış keçirmişdir. Onun əleyhinə, X1 isə xeyrinə çıxarılmış Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə razı deyil, həmin qərarları ədalətsiz hesab edir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunmuş torpaq sahəsindən çıxmayacaqdır. Odur ki, onun barəsində ədalətli qərar çıxarmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1635/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 məxsus Qusar rayonu Uqur kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 70 kv metr hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 906/21 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1635/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun hal-hazırda 240 manat pensiya alır. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1635/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X2 məxsus Qusar rayonu Uqur kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 70 kv metr hissəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə razı deyildir. Həmin qanunsuz qərarın ləğv edilməsi üçün yenidən ekspertiza keçirilməsinə ona köməklik göstərəsiz. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, bundan bəhanələr gətirərək boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar