Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-396/2021 06.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil iştirakları ilə xx.xx.1954-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 04 sentyabr 2021-ci il tarixdə polis əməkdaşlarının işinə müdaxilə edərək “siz kimsiz, dövlətin quldurlarısız” deyərək milli söhbətlər edərək onları təhqir etmiş və qanuni tələblərinə tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 04 sentyabr 2021-ci il tarixli MN 1120731-1084 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində Qusar şəhər bazarına getmiş və bazarın girişində iki nəfər polis əməkdaşının bazarın ərazisinə daxil olmaq istəyən vətəndaşlardan COVİD-19 pasportunu tələb etdiklərini görmüşdür. Onun özünün belə bir pasportu olsa da, o, bir ziyalı və qanunlar barədə məlumatı olan şəxs kimi polis əməkdaşlarına yaxınlaşaraq Nazirlər Kabinetinin qərarına əsasən Qusar şəhər bazarının açıq məkan olduğunu, bu səbəbdən də, bazar ərazisinə giriş üçün COVİD-19 pasportunun tələb olunmadığını deyərək nə üçün pasport tələb etdiklərini soruşmuş, polis əməkdaşları isə bildirmişlər ki, Qusarda ticarət mərkəzi yoxdur, ona görə də, bazar ərazisi ticarət mərkəzi hesab olunmaqla giriş üçün COVİD-19 pasportu tələb edirlər. O, polis əməkdaşlarına irad bildirərək demişdir ki, COVİD-19 pasportunu qapalı müəssisənin girişində müəssisə rəhbərliyi, müəssisənin daxilində isə polis əməkdaşları tələb edə bilərlər, onların bazarın girişində yoxlama aparmaları isə düzgün deyildir. Bundan sonra, polis əməkdaşları ona qarşı kobudluq etmiş, onlardan biri isə “sən meyxana deyirsən” demişdir. O, həmin polis əməkdaşına polisə uyğun davranmasını, nəzakətli danışmasını demiş, polis əməkdaşı onu şöbəyə dəvət etmiş, o taksi ilə şöbəyə getmələrini demiş, polis əməkdaşları isə ona “səni basacam” deyərək qollarından tutub polis maşınına tərəf aparmışlar. Həmin vaxt orada çayçı işləyən bir nəfər şəxs ləzgi dilində polisə onu aparma demiş, o, həmin şəxsə polis əməkdaşının ləzgi olduğunu demiş, polis əməkdaşları isə etnik söhbətlər etdiyini deyərək zorla onu maşına mindirib polis şöbəsinə aparmışlar. O, həmin vaxt söyüş söyməmiş, polis əməkdaşlarını təhqir etməmiş, onlara müqavimət göstərməmiş, raportda qeyd olunan dövlət əleyhinə hər hansı çağırışlar etməmiş, belə çağırışlar etmək cinayətdir. Sərxoş olmamış, psixi xəstəliyi yoxdur, cavan adam deyil, 68 yaşı vardır. Qusar rayonunda biznes fəaliyyəti ilə məşğul olur, bunun üçün Azərbaycan dövləti ona hər bir şəraiti yaratmışdır. Ona görə də, onun belə hərəkətlər etməsi üçün heç bir səbəb və əsas olmamışdır. Belə hərəkətlər edərsə biznesini itirə bilər. O, orta və ali təhsilini azərbaycan dilində almış, ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Onun 68 yaşı olmasına baxmayaraq, polis əməkdaşları onu şöbəyə apardıqdan sonra onu saat 17-yə kimi orada saxlamışlar. Polis əməkdaşlarının bu münasibəti ona pis təsir etmişdir. Beləliklə, o, heç bir inzibati xəta törətməmiş, ona görə də, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs vəkili Vəkil Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığını göstərərək həmin şəxsin barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post Patrul Xidməti Tağımının polis nəfəri vəzifəsində işləyir. 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində Qusar şəhər bazarının girişində əlində portal dayanıb vətəndaşların COVİD-19 pasportunun olub-olmamasını yoxlamışdır. Onun yanında Şahin adlı polis əməkdaşı da olmuşdur. O, ləzgi dilini bir az başa düşür. Həmin vaxt sonradan tanıdığı Şəxs ona yaxınlaşaraq ləzgi dilində demişdir ki, özünün COVİD-19 pasportu var, lakin bilmək istəyir ki, onlar bazarın girişində nə edirlər. O, isə Natiqə rəhbərliyin göstərişi əsasında COVİD-19 pasportunu yoxladıqlarını demişdir. Natiq ona bazar ərazisində belə bir yoxlama aparmağa ixtiyarlarının olmadığını, həmçinin “sizin rəhbərlik dələduzdur, quldurdur, pul yığmaqla məşğuldur” demiş və bununla əlaqədar aralarında söz mübahisəsi yaranmışdır. O, Şəxs polis şöbəsinə dəvət etmiş və sonuncu etiraz etməyərək polis şöbəsinə getmək üçün polis maşınına minmişdir. Polis maşınına mindikdən sonra Natiq azərbaycan dilində danışmışdır. Natiq şəxsən onu təhqir etməmiş, ona tabesizlik göstərməmiş, onun tələbinə əsasən maşına minib polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post Patrul Xidməti Tağımının polis nəfəri vəzifəsində işləyir. 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində Qusar şəhər bazarı ərazisində xidmətdə olmuş, digər polis əməkdaşı Əsmanla birlikdə bazarın girişində vətəndaşların COVİD-19 pasportunu yoxlamışlar. Pasportu yoxlayan portal Əsmanın əlində olmuşdur. Həmin vaxt sonradan tanıdığı Şəxs onlara yaxınlaşmış, ləzgi dilində onlara irad bildirmiş, onu təhqiramiz ifadələrlə təhqir etmiş, o, isə Natiqə rəhbərliyin göstərişi əsasında bazar ərazisində olan qapalı məkanlarda COVİD-19 pasportunu yoxladıqlarını demiş və 2 dəfə həmin şəxsə çıxıb getməsini bildirmişdir. Natiq ona “siz özünüz də, rəhbərliyiniz də quldursunuz” demişdir. Bundan başqa, onun yanında olan şəxslər demişlər ki, Natiq ləzgi dilində “ləzgi xalqı, qalxın ayağa” deyə çağırış etmişdir. Sonradan onlar Şəxs polis şöbəsinə dəvət etmişlər və onu polis maşınına mindirib şöbəyə aparmışlar. O, ləzgicə bilmir, deyilən sözləri ləzgicə bilən kənardakı şəxslər ona demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, 04 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhər bazarının darvazasının yanında dayanmışdır. Həmin vaxt Şəxs bazar ərazisinə daxil olmaq istəmiş, orada dayanan iki nəfər polis əməkdaşı həmin şəxsdən COVİD-19 pasportu tələb etmişlər. Natiq onlara orada dayanmağa icazələrinin olmadığını demişdir. Bu zaman polis əməkdaşları qışqıraraq Natiqə “maskanı çək” demiş, o, polis əməkdaşlarına yaxınlaşaraq onlara “belə etməyin, ağsaqqal adamdır” demiş, Natiq isə ona polis əməkdaşının ləzgi olduğunu demişdir. Bu vaxt polis əməkdaşı “siz ləzgi-azərbaycanlı söhbəti salırsız” deyərək qışqırmış, Natiqi gah sağa, gah sola çəkmişlər. Natiq polis əməkdaşlarını söyməmiş, onlara tabesizlik göstərməmiş, dövlətin əleyhinə hər hansı çağırış etməmişdir. Polis əməkdaşları Natiqi polis şöbəsinə dəvət etdikdə isə o, etiraz etməyərək polis maşınına minib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Şəxs tanıyır, həmin şəxs onun həmkəndlisidir. 04 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhər bazarının qarşısından keçərkən polis əməkdaşlarının Şəxs o tərəfə, bu tərəfə dartdıqlarını görmüş, o, yaxınlaşıb həmin şəxsin Natiq müəllim olduğunu demiş, lakin onu yaxına buraxmamışlar. Natiq Əliyev həmin vaxt söyüş söyməmiş, polis əməkdaşlarını təhqir etməmiş, onlara tabesizlik göstərməmişdir. Sonra isə polis əməkdaşları Şəxs polis maşınına mindirib şöbəyə aparmışlar. İş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində qapalı məkan olmayan Qusar şəhər bazarının girişində dayanaraq bazar ərazisinə daxil olmaq istəyən vətəndaşlardan COVİD-19 pasportu tələb edən polis əməkdaşlarına irad və etirazını bildirmiş, bununla bağlı aralarında söz mübahisəsi yaranmış, polis əməkdaşları Şəxs polis şöbəsinə dəvət etdikdə isə həmin şəxs onlara tabesizlik etməyərək polis şöbəsinə getmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində;
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində. Göründüyü kimi, vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmələri onların əsas konstitusion hüquqlarından olan azadlıq hüququdur və həmin hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Polis əməkdaşlarının vətəndaşın azadlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş hər hansı tələbləri də qanuni və əsaslı olmalı, ictimai qaydanın qorunmasına və cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlməlidir. Qusar RPŞ-nin PPXT-nın polis nəfərləri Əsman Qədimovun və X7 şəhər bazarının ərazisinə daxil olmaq üçün hər hansı şəxsdən, o cümlədən Şəxs COVİD-19 pasportunu tələb etməsi isə qanuni tələb olmamışdır. Belə ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən məlum qərarına əsasən COVİD-19 pasportu yalnız qapalı məkan olan ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil olarkən və oradakı xidmətlərdən istifadə edərkən tələb olunur. Lakin, Qusar şəhər bazarı açıq məkan olduğundan oradakı xidmətlərdən istifadə zamanı COVİD-19 pasportu tələb olunmur. Bundan başqa, Şəxs həmin vaxt aqressiya nümayiş etdirməsi, söyüş söyməsi və polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətməsi məhkəmədə sübuta yetirilməmiş, bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, məlum olmuşdur ki, Şəxs polis şöbəsinə aparılarkən heç bir müqavimət göstərməmiş, digər qanunazidd hərəkətlər etməmiş, yalnız COVİD-19 pasportunun yoxlanılmasına etirazını bildirmişdir. Həmin hal portal vasitəsi ilə COVİD-19 pasportunu yoxlayan polis əməkdaşı Əsman Qədimovun, o cümlədən hadisə zamanı orada olan digər şahidlərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq olunmuşdur. Polis əməkdaşlarının tələbləri qanuni olmadığından və onun qarşısında əsaslandırılmadığından Şəxs həmin narazılığı və iradı isə qanuni olmuşdur. Ona görə də, hesab edirəm ki, Şəxs açıq məkan olan Qusar şəhər bazarının ərazisinə daxil olmaq üçün COVİD-19 pasportunun tələb olunmasına etiraz bildirməsi onun azadlıq hüququndan irəli gəlməklə haqlı olmuş və onun həmin hərəkətləri Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlər kimi qiymətləndirilə bilməz. Bununla da, qənaətimə görə, Şəxs tərəfindən İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətaların tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
Qərara aldım:
Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Adil Vəliyev