Məhkəmə qərarları › İş №3(029)-396/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-396/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-396/2022 01.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə ixracatçı Ukrayna Respublikası "xxxx" MMC şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC (VÖEN **********) şirkətinin ünvanına göndərilən mallar **********5122 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (Vahid Avtomatlaşdırılmış İdarəEtmə Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırlması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanınına elektron formada verilməli olan qısa idxal bəyannaməsi gec təqdim edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 13000-1116/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin MMC-nin və idarənin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli malların çatdırılması və boşaldılması haqqında vahid avtomatlaşdırılmış sistemin çıxarışından görünür ki, Şəxs MMC tərəfindən dəyəri 41558.83 Avro dəyərindəki mallar Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutlmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Şəxs MMC tərəfindən Ukrayna Respublikasından ümumi dəyəri 41558.83 Avro dəyərindəki mallar idxal olunmuş, lakin həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, həmin hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar