Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-40/2022 10.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Möhüc kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 09.02.2022-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasında xidmət aparan polis əməkdaşlarının xidməti işinə müdaxilə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 09.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Quba rayonunda yaşayır. 09 fevral 2022-ci il tarixdə anasını, uşağını və həyat yoldaşını müayinə olunmaları üçün Qusar rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Belə ki, anasının qarnında küt ağrılar olmuş, uşağının qurdu var, həyat yoldaşı qadın xəstəliyindən əziyyət çəkir. Özü isə epilepsiya xəstəsidir. Həmin vaxt özündə COVİD-19 pasportu olmadığı üçün onu polis əməkdaşları xəstəxanaya buraxmamış, ailə üzvlərini isə xəstəxanaya buraxmışlar. Daha sonra anası xəstəxanadan çölə çıxaraq onu dərman almaq üçün aptekə göndərmişdir. Aptekdən dərmanlar aldıqdan sonra həmin dərmanları anasına verməsi üçün onu xəstəxananın içərisinə buraxmasını polis əməkdaşlarından xahiş etmiş, lakin, polis əməkdaşları onu xəstəxanaya buraxmamış, o, heç olmasa dərmanları aparıb xəstə anasına vermələrini polis əməkdaşlarından xahiş etmişdir. Lakin, polis əməkdaşları nə dərmanları xəstə anasına verməmişlər, nə də dərmanları özünün aparmasına icazə verməmişlər. Xəstəxananın qarşısından Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng etmiş, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, guya onun həmin şəxslərin qanuni tələblərinə tabe olmaması barədə protokol tərtib etmişlər, həmçinin onu tutmuşlar. Beləliklə, o, heç bir inzibati xəta törətməmiş, ona görə də, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində;
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində. Göründüyü kimi, tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən istifadə etmələri COVİD-19 pasportunun olması ilə şərtləndirilməmiş, həmin müəssisələr COVİD-19 pasportunun tələb olunduğu qapalı məkanların siyahısına daxil deyildir. Belə olan halda, polis əməkdaşlarının Qusar rayon Mərkəzi Xəstəxanasının girişində X1 COVİD-19 pasportunu tələb etmələri qanuni olmamış, əksinə həmin şəxsin konstitusion hüquqlarını pozulmasına səbəb olmuşdur. Bundan başqa, Şəxs polis əməkdaşlarının iradəsinə zidd olaraq özbaşına xəstəxanaya daxil olmamış, onu xəstəxanaya buraxmadıqlarına görə xəstəxanadan bayıra çıxmışdır. Həmin şəxsin polis əməkdaşlarının xidməti işinə hər hansı şəkildə müdaxilə etməsi, bununla bağlı həmin şəxsə qarşı hər hansı qanuni tələb irəli sürülməsi və onun həmin qanuni tələbə qəsdən tabe olmaması da öz təsdiqini tapmamış, təqdim edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Bununla da, Loğman Bədəlovun ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
Qərara aldım:
Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Adil Vəliyev