Məhkəmə qərarları › İş №3(029)-407/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-407/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-407/2021 10.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1986-cı ildə Qusar rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis X1 bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 17.07.2021-ci il tarixdə Qusar rayonu Qular kəndi ətrafında olan meşə zolağında narkoti vasitə olan iki ədəd çətənə koluna aqrotexniki qulluq etməklə qanunsuz olaraq əkib-becərmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, 21.07.2021-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samur PB-nin rəisi Elnur Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN ******* saylı 10.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də 2-3 il əvvəl Rusiya Federasiyasında olarkən tanımadığı şçəxsdən iki ədəd çətənə toxumu almış və 2021-ci ilin aprel-may aylarında öz istifadəsi üçün həmin iki ədəd çətənə toxumunu Qusar rayonu Qullar kəndi ətrafında olan meşə zolağında əkmiş və aqrotexniki qulluq etmişdir. 17.07.2021-ci il tarixdə isə həmin çətənə kollarını əkdiyinə göprə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda barəsində qanuni cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2021-ci il tarixli 7/687 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şəxs məxsus ...” sözləri yazılmış sintetik torbada 02 (iki) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 835,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi -835.0 qram, cəmi tədqiqata sərf edildi -0,1 qram (hər 1-2№-li obyektdən 0,05 götürüldü), qalıq 834,9 qramdır. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 21 iyul 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs yaşadığı kənddə meşə zolağında əkdiyi 2 ədəd çətənə bitkisi saxlıanılması üçün Qusar RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin Təchizat xidmətinə təhvil verilmiş, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 834,9 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən saat 11:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin Təchizat xidmətinə təhvil verilmiş, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 834,9 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar