Məhkəmə qərarları › İş №3(029)-407/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-407/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-407/2025 04.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1968-ci ildə Qusar rayonu, Yuxarı Ləyər kəndində anadan olmuş, Qusar rayonu Yuxarı Ləyər kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, çoban işləyən, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsi ilə Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində özünə məxsus bir baş iri buynuzlu heyvanı yolda nəzarətsiz qoymuş və nəticədə iri buynuzlu heyvan yolda hərəkətdə olan “HYUNDAİ SANTAFE” markalı, ** NB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Nəticədə Bakı şəhər sakini Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə zamanı inəklərə o nəzarət etməmiş, həmçinin inəklərindən heç birinə ziyan dəyməmişdir. Həmin maşınla inəyi toqquşmuş olsa idi, inəyin mütləq xəsarət görəcəyini, lakin inəyində heç bir xəsarətin olmadığını, məhkəməyədək icraat zamanı izahatını polisin diqtəsi əsasında yazdığını, hüquqi savadı olmadığı üçün nə yazdığını anlamadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “HYUNDAİ SANTAFE” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 7655 (yeddi min altı yüz əlli beş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Şəxs məhkəməyədək icraat zamanı izahatında görünür ki, şəxs hadisə üzrə özünü təqsirli bilmiş, hadisənin özünün səhlənkarlığı ucbatında baş verdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol nəqliyyat hadisəsi baş vermiş yerdə olmamış, özünə məxsus iri buynuzlu heyvanı nəzarətsiz qoymuş, iri buynuzlu heyvanın qaçmasının qarşısının alınması üçün lazımı tədbirlər görməmiş, iri buynuzlu heyvanı mühafizə etmək üçün, iri buynuzlu heyvanı tövlədə və ya qapalı yerdə saxlamamış, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli hesab edir və həmin izahatın şəxsin inzibati məsuliyyətdən boyun qaçırmaq üçün verdildiyi qənaətinə gəlir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbehə məruz qalmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar