Məhkəmə qərarları › İş №3(029)-413/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-413/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-413/2021 13.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1994-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar rayonu Hil kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə narkotik vasitələrin istifadəsində, saxlanılmasında və gəzdirilməsində şübhəli bilinərək Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qusar RPŞ-nə gətirilmiş və baxış keçirilən zaman onun üzərindən satış məqsədi olmadan ümumi çəkisi 0,207 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, Şəxs narkotik vasitə olan marixuana çəkmiş, tibbi müayinə zamanı sidiyində MOR aşkar edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 03.09.2021-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi V.M.İ.E. polis kiçik leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1120745-1105 saylı 09.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Hazırki iş üzrə də özünü təqsirli bilir, həqiqətən də üzərində narkotik vasitə olan marixuana saxlamış və buna görə də saxlanılmışdır. Həmçinin, saxlanılandan bir neçə gün qabaq narkotik vasitə olan marixuana çəkmişdir. Hazırda törətdiyi əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2021-ci il tarixli 7/876 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız paketdə düzəldimiş papirosun içərisində tütün və təmiz çəkisi 0,207 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 86 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində MOR aşkar edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 03 sentyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Elik Cəmiyev və Şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 2 (iki) paketdə cəmi 1,04 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan, ********* saylı cinayət işi üzrə Elik Cəmiyev və Şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 2 (iki) paketdə cəmi 1,04 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin cinayət işi üzrə Qusar RPŞ-nin İB-nin 03 sentyabr 2021-ci il tarixli qərarına əsasən Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılır. Həmin maddi sübutun taleyi həmin cinayət işi üzrə yekun qərar qəbul olunan zaman həll olunacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar