Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-43/2021 05.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 və Qusar RPŞ-nin İTB-nin rəisi, polis mayoru X6 iştirakları ilə X9 Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 15 yanvar 2021-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə 15.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 15 yanvar 2021-ci il tarixli MN ******* saylı qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin protokolun və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş və Qusar rayon məhkəməsinin 03 fevral 2021ci il tarixli 3(029)-43/2021 saylı qərarı ilə Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən X9 barəsində qəbul edilmiş 15 yanvar 2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nə göndərilmişdir. Qusar rayon Polis Şöbəsi tərəfindən həmin qərardan şikayət verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli 3(105)-166/2021 saylı qərarı ilə Qusar rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, material yenidən baxılmaq üçün Qusar rayon mıəhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandıcı hissəsində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9, inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X4, şahid qismində X1 izahatları alınsa da, işin digər sübutları-Qusar rayon Polis Şöbəsinin İTB-nin polis serjantı Telman Qəribovun raportu tədqiq edilməmiş, hadisənin digər şahidləri olan Qusar rayon Polis Şöbəsinin İTB-nin polis nəfərləri X12 və X5 izahatları alınmamış, yəni M.Ə.Əlimovanın barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olmuş sübutlar tədqiq edilmədən qərar qəbul edilmişdir. X14 şikayəti onunla əsaslandırmışdır ki, Qusar şəhəri H.Əliyev prospektində özünə məxsus qarışıq sənaye malları satışı üzrə ticarət köşkü vardır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq həmin ticarət köşkünü 3 aydır ki, bağlamışdır. Onlayn qaydada fəaliyyət göstərməyə icazə verilsə də, o, həmin qaydada obyekti işlətməmişdir. Çünki, özü səhhəti ilə əlaqədar olaraq 3 aydan artıq müddətdir ki, ticarətlə məşğul ola bilməmiş, əsasən qan təzyiqindən əziyyət çəkmişdir. Özünü müalicə etdirdikdən və təzyiqi normallaşdıqdan sonra o, yaşadığı evdən xeyli aralıda yerləşən mağazanın qapıpəncərəsinin salamat olub-olmamasını yoxlamaq məqsədi ilə 15.01.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində onun yerləşdiyi ünvana gəlmiş, xaricdən baxanda qapı-pəncərə salamat olmuş və daha sonra içəriyə də baş çəkmək istəmişdir. Bu zaman təzyiqinin yenidən qalxması nəticəsində halı pisləşmişdir. Ona görə də, qonşuluqda yaşayan qohumu Venera Şixəliyevanı çağırmış və ondan xahiş etmişdir ki, gəlib onu evə ötürsün. Venera da, onun yanına gəlmiş, nə olduğunu soruşmuş və o, təzyiqinin qalxdığını bildirmişdir. Bu barədə söhbət edərkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun karantin qaydalarını pozaraq mağaza işlətdiyini bildirmişlər. O, isə polis əməkdaşlarına bildirmişdir ki, yanındakı qadın qohumudur və halı pisləşdiyi üçün həmin şəxsi çağırmışdır ki, onu evə ötürsün. Heç bir ticarət fəaliyyəti ilə məşğul olmamış, sadəcə mağaza uzun müddət baxımsız qaldığına görə baş çəkməyə gəlmişdir. Lakin, polis əməkdaşları onu başa düşmək istəməmişlər, heç bir əsas olmadan onu polis şöbəsinə aparmışlar, haqqında heç bir qanun pozuntusuna yol vermədiyi halda Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edərək onu 200 manat cərimə etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 şikayəti müdafiə etmiş, şikayət ərizəsində göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, onun işlətdiyi mağazada paltarlar olmamış, orada olan qadın müştəri olmamış, polis əməkdaşları içəri daxil olanda Venera adlı tanışı ayağa qalxmış, həmin vaxta kimi isə onun yanında oturmuşdur. Polis əməkdaşları bir-birilərinin tərəfini tuturlar, dedikləri yalandır, onun göstərdikləri isə doğrudur. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin İTB-nin rəisi, polis mayoru X13 izahatında göstərmişdir ki, 15.01.2021-ci il tarixdə təxminən 18-19 radələrində Qusar RPŞ-nin İTBnin sahə polis nəfərləri Telman Qəribov və Abbas Abbasov onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sərt karantin rejimi olmasına baxmayaraq, Qusar şəhəri H.Əliyev prospektində yerləşən qadın geyimləri mağazasının açıq olduğunu və müştəri qəbul etdiyini, həmçinin sahibinin özünü təqdim etmədiyini, onlara qarşı kobudluq etdiyini bildirmişlər. O, isə bildirmişdir ki, həmin şəxsin adını və soyadını soruşun, barəsində tədbir görülməsi üçün raportla rəhbərliyə məruzə edin. Bundan sonra, onlar təkrarən ona zəng edərək bildirmişlər ki, həmin qadın özünü aqressiv apararaq özünü təqdim etməkdən imtina edir. O, isə tapşırıq vermişdir ki, hər iki qadını polis şöbəsinə gətirsinlər. Həmin qadınları polis şöbəsinə gətirdikdən sonra məlum olmuşdur ki, paltar dükanını işlədən X14 xüsusi karantin rejimi dövründə yalnız onlayn xidmət göstərməli olduğu halda, müştəri qəbul edərək xidmət göstərir. Həmin vaxt Mahirə Əlimova müxtəlif bəhanələr gətirərək yayınmağa cəhd göstərmiş, izahat verməkdən imtina etmiş, yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamaqla kifayətlənmişdir. Mahirə Əlimova mağazada özünü pis hiss etmişdirsə, təcili tibbi yardım çağıra bilərdi. Lakin, o bunu etməmiş, mağazada olan qadının onun yanına köməyə gəldiyini bəhanə etmişdir. Mahirə Əlimova həmçinin, bildirmişdir ki, heç vaxt təyin olunmuş cəriməni ödəməyəcəkdir. Hesab edir ki, Mahirə Əlimovanın barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri polis serjantı X12 izahatında göstərmişdir ki, 15.01.2021-ci il tarixdə İTB-nin sahə polis nəfəri polis serjantı Abbas Abbasovla birlikdə Qusar şəhərində xidmətdə olduqları zaman H.Əliyev prospektində yerləşən qadın dükanında xüsusi karantin rejimi dövründə onlayn xidmət aparılmalı olduğu halda, karantin rejimi qaydalarını pozaraq müştəri qəbul edib xidmət göstərildiyini müşahidə etmişlər. Onlar həmin dükana yaxınlaşarkən dükanı işlədən qadın ayaqüstə olmuş, lakin onları görən kimi tez stula oturmuş, orada olan qadının isə mağazada olan paltarlara baxdığını görmüşlər. Onlar həmin dükana daxil olaraq özlərinə təhkim olunmuş planşetlə həmin qadınların şəkillərini çəkmişlər və özlərini təqdim edərək xüsusi karantin qaydalarını pozduğunu dükanı işlədən qadına izah etmişlər. Lakin, sonradan tanıdıqları satıcı X14 öz adını və soyadını təqdim etməkdən imtina etmiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Onlar isə Qusar RPŞ-nin İTB-nin rəisi Emin Məmmədova vəziyyəti məruzə etmişlər. Emin Məmmədov onlara tapşırıq vermişdir ki, əgər qadınlar özlərini təqdim etməkdən imtina edirlərsə, hər ikisini şöbəyə dəvət etsinlər. Onlar bir daha satıcı qadından ad və soyadını soruşmuşlar, lakin, Mahirə Əlimova onlarla kobud davranaraq bir daha özünü təqdim etməkdən imtina etmişdir. Həmçinin, mağazada olan Venera adlı müştəri qadından nə üçün yerində xidmət qadağan olunduğu halda, onlayn sifariş vermədiyi və mağazaya getdiyi soruşulmuş və həmin şəxs onlayn sifariş zamanı paltarı geyinib yoxlamaq mümkün olmadığından mağazaya gəldiyini bildirmişdir. Bundan sonra onlar Mahirə Əlimovanı polis şöbəsinə aparmışlar, orada həmin şəxs özünün ad və soyadını bildirmiş, həmin şəxsin barəsində raportla rəhbərliyə məruzə edilmiş və həmin şəxsin barəsində cərimə qərarı qəbul edilmişdir. Mahirə Əlimova isə həmin cəriməni ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Qusar rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri polis baş serjantı X2 Qəribovla analoji izahat verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Telman Qəribovun 15.01.2021-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:25 radələrində İTB-nin sahə polis nəfəri, polis baş serjantı Abbas Abbasovla birlikdə Qusar rayonu ərazisində xidmətdə olarkən H.Əliyev prospektində yerləşən paltar dükanında xüsusi karantin qaydalarını pozaraq vətəndaşların içəri daxil olaraq orada satıcı işləyən, Qusar şəhəri Z.Əliyeva küçəsi ev 143-də yaşayan, 01.10.1969-cu il təvəllüdlü X14 (AA1518980) tərəfindən xidmət göstərilməsini müşahidə etmişlər. Bu səbəbdən də, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, ona hüquq və vəzifələrini izah etmişlər. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, 15.01.2021-ci il tarixdə saat 18:25 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən qadın paltarları mağazasında satıcı X14 tərəfindən müştəri X3 xidmət göstərilmişdir. Halbuki, həmin vaxt tətbiq olunmuş xüsusi karantin qaydalarına əsasən ticarət obyektlərinə yalnız onlayn xidmət göstərməsinə icazə verilmiş, yerində xidmət isə qadağan olunmuşdu. Bununla da, Mahirə Əlimova ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə ticarət obyektlərinin fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi karantin rejimi dövründə ticarət obyektlərinin onlayn xidmət göstərilməsi məcburi şərt kimi nəzərdə tutulmuş, həmin tələbin pozulması isə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Qusar rayon Polis Şöbəsi tərəfindən X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə 15 yanvar 2021-ci il tarixli MN 0651720-31 saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, Mahirə Əlimovanın həmin xətanı törətməkdə təqsirli olması hadisəni görmüş şahidlərin izahatları ilə, eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında həmin şöbə tərəfindən qəbul edilmiş 15.01.2021-ci il tarixli MN ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X7 tərəfindən X9 barəsində qəbul edilmiş 15 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-43/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-43/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver