Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-432/2021 24.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1983-cü ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq Qusar şəhəri Füzuli küçəsi 13 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 22.09.2021-ci il tarixdə saat 11 radələrində narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli bilindiyindən polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 3,076 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin həmin şəxs 23.09.2021-ci il tarixdə Quba RMX-da tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə amfetamin, morfin və marixuana qəbul etməsi müəyyən edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 23.09.2021-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1120801-1060 saylı 23.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Hazırki iş üzrə də özünü təqsirli bilir, həqiqətən də üzərində marixuana saxlamış və buna görə də saxlanılmışdır. Hazırda barəsində qanuni cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2021-ci il tarixli 7/979 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu” yazılar və imzalar olan qəhvəyi rəngli kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi – 3,076 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 3,076 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq – 3,056 qramdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 23 sentyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,056 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 22 sentyabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 23 sentyabr 2021-ci il tarixli “şəxsin şübhəli şəxs qismində iştirakına xitam verilməsi, barəsində cinayət təqibinə xitam veriməsi və MSY-dən azad edilməsi” barədə qərarından görünür ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə saat 10:35-də tutmadan azad edilmişdir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 23.09.2021-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuş, 24.09.2021-ci il tarixdə saat 10:10-da azad edilmişdir. İşdə olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli 91 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində AMP, MOP və THC aşkar edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,056 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həmin fakt üzrə şübhəli şəxs qismində tutularaq 22 sentyabr 2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək bir gün, inzibati qaydada tutularaq 23.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək bir gün, cəmi isə iki gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs şübhəli şəxs qismində tutularaq 22 sentyabr 2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək bir gün, inzibati qaydada tutularaq 23.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək bir gün, cəmi isə iki gün həbsdə saxlanılması müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 18 (on səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 24 sentyabr 2021-ci il tarixdən saat 14:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,056 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-432/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-432/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver