Məhkəmə qərarları › İş №3(029)-433/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-433/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-433/2021 24.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1973-cü ildə Qusar rayonu Gican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 23.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə Qusar RPŞ-nin qapı postuna yaxınlaşaraq içəri daxil olmağa çalışmış, həmin vaxt onu içəri buraxmayaraq gözləməsini tələb edən polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 23.09.2021-ci il tarixli MN 1120802-1161 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, həqiqətən də, 23.09.2021-ci il tarixdə Qusar RPŞ-nin qapı Postuna sərxoş vəziyyətdə yaxınlaşaraq içəri keçməsini bildirmiş, ondan gözləməsini tələb edən polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək təhqir etmiş və polisin qanuni tələblərinə məhəl qoymamışdır. Həmin vaxt o, sərxoş olmuş, özündə olmamışdır. Odur ki, barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 23.09.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 03777 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 15:52-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.623 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2021-ci il tarixində saat 15:20-də inzibati qaydada tutulmuş, 24 sentyabr 2021-ci il tarixində saat 10:15-də azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, həmin hadisəni sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edir, məsuliyyəti yüngülləşdirən hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq 23.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək bir gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutularaq 23.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək bir gün həbsdə saxlanılması müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 24 sentyabr 2021-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar