Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-434/2020 23.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC-nin haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Qusar rayonu Xulux kəndi ərazisində yerləşən mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı 6,43 ha əkin torpaq sahəsinin 460 kv.metr hissəsində tövlə və yardımçı binanın tikintisi nəticəsində torpaqdan təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi aşkar olunmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Xaçmaz Ərazi Şöbəsinin məsləhətçisi, müfəttiş X2 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə həmin material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X5 izahatında götərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları Şəxs MMC tərəfindən Qusar rayonu Xulux kəndi ərazisində yerləşən mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı 6,43 ha əkin torpaq sahəsinin 460 kv.metr hissəsində tövlə və yardımçı binanın tikintisi nəticəsində torpaqdan təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi faktını aşkar etmişlər və bu barədə müvafiq akt tərtib etmişlər. Torpaq Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yalnız kənd təsərrüfatı məhsulları əkilib-becərilə bilər, həmçinin kənd təsərrüfatının səmərəli inkişafı üçün müvəqqəti tikililər tikilə bilər, fundamental tikili isə tikilə bilməz. Müvəqqəti tikililər yüngül konstruksiya ilə tikilə bilər və həmin tikililər sonradan sökülə bilər. Tövlə binası kənd təsərrüfatı sahəsinə aid olsa da, həmin bina da, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilə bilməz. Şəxs MMC-nin inşa etdiyi tikili isə fundamental, əsaslı tikilidir. Həmin tikilinin məhz həmin torpaq sahəsində inşa olunması çıxarışdakı koordinatlar əsasında müəyyən olunmuş, tikilinin tövlə binası olması isə vizual baxış əsasında şifahi şəkildə müəyyən olunmuşdur. Həmin tikilinin məhz həmin torpaq sahəsində inşa olunması, həmçinin onun məhz tövlə binası olması barədə heç bir rəy, sərəncam, layihə və digər sübutlar isə yoxdur. Bu barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən heç bir icra hakimiyyəti orqanına müraciət olunmamış, bununla bağlı araşdırma aparılması barədə məlumatı yoxdur. Həmin tikilinin MMC və ya onun vəzifəli şəxsi tərəfindən tikilməsindən asılı olmayaraq, buna görə məsuliyyəti torpaq sahəsinin mülkiyyətçisi daşıyır. Torpaq sahəsinin mülkiyyətçisi isə Şəxs MMC-dir. Ona görə də, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən həmin hüquqi şəxsin barəsində müvafiq protokol tərtib olunmuşdur. Odur ki, həmin hüquqi şəxsin barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 ıizahatında göstərmişdir ki, Şəxs MMC-nin mülkiyyətində Qusar rayonu Xulux kəndində yerləşən 6,4294 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin MMC həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyətini həyata keçirməklə orada bağ sahəsi salmaqdadır. Bu məqsədlə İtaliyadan yeni növ alma sortlarının tingləri sifariş olunmuş, hazırda yoldadır. Həmin tinglər gətirildikdən sonra talvarın altına yığılmalıdır ki, xarab olmasın. Həmin meyvə tinglərinin və meyvələrin həmin torpaq sahəsində becərilməsinin mümkünlüyü araşdırılır və bu barədə təcrübə keçirilir. Həmin bağ salındıqdan sonra ən azı 8 il vaxt lazımdır ki, məhsul əldə olunsun. Ümumiyyətlə, bağ sahələri yaxın müddət ərzində əmələ gəlmir. Bundan başqa, məhsuldarlığın artırılması məqsədi ilə gübrələr gətirilir. Həmin məhsulların toplanıb yığılması üçün isə torpaq sahəsində müvafiq tikililərin inşa olunması zərurəti yaranmışdır. Bundan başqa, Şəxs MMC-də 900-ə yaxın işçi işləyir, həmin şəxslərin bir hissəsi məhz həmin torpaq sahəsində işləyirlər. Torpaq sahəsinin yerləşdiyi ərazi isə yüksək dağlıq ərazidir, iqlimi sərt və soyuqdur, yağıntılıdır. Qış aylarında hətta mənfi 31 dərəcəyədək soyuq olur. Həmin ərazinin isə yaxınlığında yaşayış sahələri yoxdur. Həmin torpaq sahəsində işləyən işçilərin istirahəti, yağıntılar zamanı daldalanması üçün müvafiq yerlərə ehtiyac vardır. İşçilər üçün geyinmə otaqları, sanitar qovşaq, mühafizəçi üçün isə ayrıca otaq olmalıdır. Məhz həmin halları nəzərə alaraq bu yaxınlarda həmin MMC həmin sifariş olunan məhsulların, o cümlədən torpaq sahəsindən əldə olunacaq məhsulların, o cümlədən oraya gətirilən gübrələrin toplanıb-yığılması, soyuqdan, yağıntılardan və nəmdən xarab olmasının qarşısının alınması məqsədilə talvar və digər yardımçı tikililərin (sanitar qovşaq, geyinmə otağı və s.) inşasına başlanılmışdır. Həmin tikililər tam əsaslı tikililər deyil və müvəqqəti xarakter daşıyır. Həmin tikililər məhz həmin torpaq sahəsinin səmərəli inkişafına yönəlmiş, əldə olunan məhsulların xarab olma riskinin azaldılması, həmçinin işçilərin soyuq və yağıntılı hava şəraitlərində daldalanması məqsədi daşıyır. Həmin torpaq sahəsində tövlə binası isə inşa olunmamışdır. Orada inşa edilməkdə olan tikililərlə bağlı icra hakimiyyətinə müraciət olunmuş, lakin pandemiya ilə əlqədar olaraq müraciətə cavab verilməmişdir. Ümumiyyətlə, orada inşa olunan tikililər başa çatdırılmamışdır. Talvar tikilisinin üzəri metal konstruksiya ilə örtüləcəkdir. Bununla da, Şəxs MMC özünün mülkiyyətində olan 6.43 hektar torpaq sahəsinin heç bir hissəsinin məqsədli təyinatını pozmamış, əksinə torpaq sahəsinin məqsədli təyinatına tam əməl etməklə kənd təsərrüfatının səmərəli inkişafının təmin edilməsinə yönəlmiş hərəkətlər etmişdir. Hamıya məlumdur ki, ölkə prezidenti dəfələrlə kənd təsərrüfatının inkişafı üçün sahibkarlara dəstək olur, həmin sahə prezidentin nəzarəti altındadır. Şəxs MMC də özünün sahibrarlıq fəaliyyətini kənd təsərrüfatı sahəsində, xüsusilə bağçılıq sahəsində həyata keçirir. Tövlə binası isə maldarlıq fəaliyyətinə aiddir, lakin Şəxs MMC-nin həmin torpaq sahəsində maldarlıq fəaliyyətini həyata keçirmək niyyəti yoxdur, bu istiqamətdə hər hansı hərəkətlər etməmiş, bu barədə heç bir sübut da yoxdur. Bu səbəbdən də, hesab edir ki, Şəxs MMC tərəfindən özünün mülkiyyətində olan 6.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmiş, MMC-nin əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Odur ki, həmin MMC-nin barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********77 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Xulux kəndi ərazisində yerləşən 6.4294 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Şəxs MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan torpaq sahəsində, torpaq qanunvericiliyinin pozulması hallarının müəyyən edilməsi məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00-da ərziyə baxış keçirilmişdir. Baxışın keçiriləcəyi ilə bağlı Şəxs MMC xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişlə xəbərdarlıq edilmiş və həmin bildiriş xx xxxxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” MMC tərəfindən rəsmi olaraq Şəxs MMC-nə təqdim edilmişdir. Şəxs MMC-nin rəhbərliyi və onun nümayəndəsi keçiriləcək baxışda iştirak etməkdən imtina etmişlər və bu barədə heç bir izahat verməmişlər. Şəxs MMC-nin Qusar rayonu Xulux kəndi ərazisində mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı 6.43 ha əkin torpaq sahəsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 460 kv. metr hissəsində əsaslı bir ədəd tövlə və bir ədəd yardımçı binanın inşa edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində təsbit edilmiş inzibati xəta hadisəsi törədilmişdir. Bununla bağlı Şəxs MMC barəsndə inzibati icraata başlanılmış və xx xxxxxxxx 2020-ci il tarixdə MN0429428 saylı protokol tərtib edilmişdir. Şəxs MMC barəsində tərtib edilmiş protokol hüquqi şəxsin ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-4-cü hissələrinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-3-cü hissələrinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-nin 247.2-ci maddəsində həmin Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın-yəni torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi barədə hərəkətlərin kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-nin özünün mülkiyyətində olan, Qusar rayonu Xulux kəndində yerləşən 6.4294 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının pozulması, orada tövlə və yardımçı binaların inşa edildiyi göstərilsə də, inşa edilməkdə olan natamam tikililərin məhz hansı növ tikiliyə aid olması, onların məhz tövlə binası olub-olmaması, həmin tikilinin hansı sənədlərə əsasən tövlə binası olması araşdırılmamış, bu barədə həmin MMC tərəfindən həmin tikiliyə aid hansı sənədlərin əldə olunması (sərəncam, rəy, eskiz-layihə və s.), bununla da, həmin tikilinin hansı məqsədlə tikilməsi dəqiq müəyyən olunmamış, bu barədə protokola heç bir sənəd və ya sübut əlavə olunmamış, yalnız vizual baxışla və fotoşəkillə kifayətlənilmişdir. Belə ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatının səmərəli inkişafının təmin edilməsi məqsədi ilə bəzi tikililərin inşa olunması, quraşdırılması nəzərdə tutulmuşdur. Lakin, hazırkı inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Şəxs MMC-nin mülkiyyətində olan torpaq sahəsində tikilməkdə olan tikililərin hansı məqsədlər üçün tikildiyi, onların kənd təsərrüfatının səmərəli inkişafının təmin edilməsinə yönəlib-yönəlməməsi, bu istiqamətdə MMC-nin rəhbərliyi tərəfindən hansı qərarların qəbul edilməsi, hansı qurumlara müraciət olunması, müraciətlərə hansı cavabların alınması müəyyən edilməmişdir. Bundan başqa, İXM-nin 247.2-ci maddəsində həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin, hazırkı inzibati xəta haqqında protokol tərtib olunarkən tikililərin məhz Şəxs MMC tərəfindən və ya onun vəzifəli şəxsi tərəfindən inşa olunması dəqiq araşdırılmaqla müəyyən edilməmişdir. Ona görə də, Şəxs MMC-nin ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin xeyrinə həll edilməli, həmin hüquqi şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hüququ şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-434/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-434/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver