Məhkəmə qərarları › İş №3(029)-437/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-437/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-437/2021 27.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1999-cu ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, 3-cü qrup əlil Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 25 sentyabr 2021-ci il tarixdə saat təqribən 00:15 radələrində Qusar rayonu Hil kəndində yerləşən “ÇAY EVİ” kafesində fəaliyyət göstərməklə xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı Nurlan Məmmədli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 211.1-ci maddəsi ilə 25 sentyabr 2021-ci il tarixli MN 1120812-1165 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilmiş və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Özü 3-cü qrup əlildir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallartında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında 24.08.2021-ci il tarixli müayinə olunan şəxs haqqında məlumat vərəqəsinin surətindən görünür ki, Şəxs üçüncü dərəcəli əlillik təyin edlmişdir. Diaqnoz: oynağın ankilozu, sağ əlin milbilək və İİ-İİİ-İV-V barmaqların ankilozu, qüsurlu vəziyyəti. Ətrafda ağrı, sağ yuxarı ətrfda daimi ağrı sindromu. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xəstə bir neçə dəfə operativ rekonstruktiv c/əməliyyatlar keçirib. 28.04.2020-29.10.2019. Bilək və əl səviyəsində sınığın nəticələri, sağ bilək əzələlərin atrofiyası. Dirsək sinirinin zədələnməsi, sağ yuxarı ətrafın mil sinirinin zədələnməsi, sağ yuxarı ətrafın tutma və saxlama funksiyasının tamamilə itməsi. Mil arteriyasının bilək və əl səviyyəsində travması. Arteriya zədələnməsi nəticəsində mil-bilək nahiyəsində qan dövranının İİ dərəcəli pozulması. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 05.03.2026. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını pozmaqla həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, həmin şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar