Məhkəmə qərarları › İş №3(029)-447/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-447/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-447/2021 04.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1991-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 29.09.2021-ci il tarixdə saat 14 radələrində Qusar rayonu Avaran kəndində yeznəsi Səlim Osmanovu söyüb təhqir etməklə ictimai qaydanı pozmuş, həmçinin həmin şəxsi tibbi müayinəyə apararkən onun narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 510-cu maddələri ilə 01 oktyabr 2021-ci il tarixli MN 1008968-1180 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də, o, 29.09.2021-ci il tarixdə saat 14 radələrində Qusar rayonu Avaran kəndində yeznəsi Səlim Osmanovu söyüb təhqir etməklə ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, narkotik vasitədən istifadə etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli 103 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs sidiyində THC aşkar edilmişdir. İş materiallarında olan 30.09.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 05113 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 19:22-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.611 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:15-də inzibati qaydada tutulmuş, 30 sentyabr 2021-ci il tarixdə saat 18:40-da azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 206cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinib, İXM-nin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs, İXM-nin 510-cu maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs 29 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar