Məhkəmə qərarları › İş №3(029)-45/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-45/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-45/2025 03.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Qusar Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən Şəxs MMC-yə məxsus X2 keçirilən planlı Yanğın-Texniki Müayinəsi zamanı AR-nin YTQ 01-2001 1.9.12; 2.1; 6.5; 4.4; 4.6; 9.3; 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək protokolda göstərilənləri müdafiə etdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən nümayəndələrin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 26 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC” şirkətində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli KY252265687 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı olması müəyyən edilmişdir. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli, 3404 nömrəli Yanğın texniki müayinə Aktından göründüyü kimi, Şəxs MMC şirkətində müayinə aparılarkən aşkar olunmuşdur ki,

1. Obyekt ilkin odsöndürmə vasitələri ilə təmin olunmamışdır.

2. Daxili elektrik naqillərinin izoliyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanılması barədə mütəxəssis aktı təqdim olunmamışdır.

3. Avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır.

4. Tikinti layihə sənədlərinin FHN-nin DYMX ilə razılaşdırılması barədə sənəd təqdim olunmamışdır.

5. Obyektin icbari sığorta olunması barədə sənəd təqdim olunmamışdır.

6. Obyektin çardaq hissəsində istifadə olunan yanar taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim edilməmişdir.

7. İşçilərin yanğına qarşı təlimatlandırılması barədə sənədlər təqdim edilməmişdir.

8. Obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq qaz rezin boru vasitəsilə çəkilmişdir.

9. Obyekt layihələşdirmə normalarına, yanğına qarşı tələblərə riayət olunmadan yenidən planlaşdırılmışdır, obyektdə layihədən kənar arakəsmələr mövcuddur.

10. Obyektin görünən yerlərindən FHN-nin 101, 112 çağırış nömrələri yazılmış lövhələr asılmamışdır.

11. Obyektin elektrik naqilləri EQQQ-ya uyğun quraşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qəraraaldı:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə və məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar