Məhkəmə qərarları › İş №3(029)-455/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-455/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-455/2021 22.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan X1 haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 25 mart 2021-ci il tarixdə saat 07:14 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından daxil olmuş, "xxxx" MMC-nin ünvanına “1900 yer sousların hazırlanması üçün məhsullar və hazır souslar, dad əlavələri, qarışıq ədviyyatlar, xardal tozu” yükü gətirən Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “Mercedes Benz” markalı, “99DR848/99ZA648” dövlət qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş gömrük yoxlaması zamanı yük yerində olan malların arasından gömrük orqanına bəyan edilməmiş, yük müşayiətedici sənədlərdə qeyd olunmayan, 3 ədəd karton qutunun içərisində olan 48 karton qutunun daxilində hər bir qabda 36 kapsul olmaqla 480 ədəd qabda cəmi 17280 kapsul “Lipotrim” adlı qida əlavələri və hər bir plastik qabda 20 kapsul olmaqla 2100 ədəd plastik qabda cəmi 42000 kapsuldan ibarət “SamyunWan” adlı bitkisəl vasitələr və onlara məxsus boş qutuların aşkar edilməsi faktı ilə bağlı X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış materiallar 18.05.2021-ci il tarixli, 1700-013/003-25/00228 nömrəli məktubla aidiyyəti üzrə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş və ********* nömrəli cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Əli-zadə Elvin Rövşən oğlu "xxxx" MMCdə beynəlxalq yükdaşımalar üzrə mütəxəssis vəzifəsini icra etdiyini, "xxxx" MMC-nin fəaliyyətinin əsasən, “ərzaq və qeyri ərzaq mallarının” alqı- satqısından ibarət olduğunu, elə bu məqsədlə də, Rusiya Federasiyası, Saratov vilayəti, Saratov şəhəri, Trofimovskiy küçəsi 2, anbar 7 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən “1900 yerdə sousların hazırlanması üçün məhsullar və hazır souslar, dad əlavələri, qarışıq ədviyyatlar, xardal tozu” yükünü idxal üçün sifariş verdiyini, həmin yükün daşınması ilə bağlı, ixracatçı tərəflə “FCA” yük daşıma şərti ilə bağlı müqavilə bağlanıldığını və “FCA” yük daşıma şərtinə əsasən ixracatçı firma yükü idxalatçının ünvanına qədər daşınması öhdəliyini üzərinə götürdüyünü, yükün daşınması üçün isə, “Qaya Nəqliyyat” şirkəti ilə razılaşdırıldığını, “Qaya Nəqliyyat” şirkətinin qeyd olunan yükün Azərbaycan Respublikası vətəndaşı X2 tərəfindən “Mercedes Benz 1844 LS” markalı, 99DR848/99ZA648 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınacağını bildirdiyini, eyni zamanda sürücü və nəqliyyat vasitəsi barədə məlumatları ixracatçı firmaya göndərdiklərini, 25.03.2021-ci il tarixdə nəqliyyat vasitəsinin sürücüsü X1 "xxxx" MMC ilə əlaqə saxlayaraq nəqliyyat vasitəsinin yük yerindən dərman vasitələri aşkar edildiyi üçün nəqliyyat vasitəsinin gömrük postunda saxlanıldığı barədə onlara məlumat verdiyini, nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətinə bəyan olunmayan qida əlavələri olan kapsulların Veysəloğlu” MMC-yə məxsus olmadığını, habelə həmin kapsulların daşınması barədə Veysəloğlu” MMC-yə hər hansı bir malumatın verilmədiyini bildirmişdir. Materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.05.2021-ci il tarixli, 6/1333, 9/1977 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Lipotrim” yazısı əks olunmuş qutularda qablaşdırılmış kapsulların tərkibində 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxil edilmiş sibutraminin olduğu, “Lipotrim” göstəricili 17280 kapsul qida əlavəsinin qiymətinin 28800 manat, ekspertiza tədqiqatına təqdim olunmuş üzərində “Samyun Wan” göstəricili plastik flakonlardakı kapsulların tərkibində isə “siproheptadin”-nin olduğu müəyyən edilmişdir. Siproheptadin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısı”na və ya “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı”na daxil deyildir. “Samyun Wan” göstəricili plastik flakonlardakı 42000 ədəd kapsulların qiymətinin 42000 manat olmaqla, tədqiqata təqdim olunmuş 2 adda qida əlavələrinin 25.03.2021-ci il tarixə ümumilikdə orta bazar qiymətləri təxminən 70800 manat olduğu müəyyən edilmişdir. Habelə, 04.05.2021-ci il tarixli, 6/1333, 9/1977 nömrəli ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş boş dərman qutuları satış üçün nəzərdə tutulmadığından onlar üzrə qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən bu məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 479-481, 482.1,və 482.2-ci maddələrinə “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Bununla da, X1 gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirdiyi “Samyun Wan” adlı qida əlavəsinin dəyəri Azərbaycan Respublikası CM-in 206-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yaradacaq xeyli miqdardan az, yəni 42000 (qırx iki min) manat olduğu üçün onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri yarandığından, onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə iş materiallarından ayrılmış material Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 24 sentyabr 2021-ci il tarixli 10000-0008/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X2 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 42000 manat olan, “Samyun Wan” göstəricili plastik flakonlardakı 42000 ədəd kapsullar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar