Məhkəmə qərarları › İş №3(029)-455/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-455/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-455/2025 27.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, xx.xx.2000-ci ildə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 2025-ci ilin iyul ayında müxtəlif vaxtlarda Qusar rayonu Böyük Muruq kəndində zərər çəkmiş şəxs X3 məxsus dəyəri 140 manat olan 01 ədəd 700 litr həcmində kustar üsulla hazırlanmış dəmir materialdan olan su çənini, dəyəri 50 manat olan 01 ədəd su motorunu, dəyəri 60 manat olan 01 ədəd maye qaz balonunu, dəyəri 90 manat olan 01 ədəd kustar üsulla hazırlanmış odun sobasını və dəyəri 150 manat olan 01 ədəd “Honor” markalı televizoru talamışdır. Həmin faktlarla bağlı Qusar Rayon Polis X1 təhqiqatçısı X4 tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli qərarla X2 ərizəsi əsasında toplanmış material üzrə Şəxs barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin Həzrə PB-yə verilmişdir. Qusar RPŞ-nin Həzrə PB-nin sahə rəisi Nəriman Müzəffərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN 2057377, MN 2057366, MN 2057375, MN 2057376, və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Böyük Muruq kəndində nənəsinin evində tək qalır, nənəsi isə Qusar şəhərində bibisinin evində qalır. O, tək olduğundan və maddi imkanı aşağı olduğundan nənəsinə məxsus evdə olan əşyaları oğurlamış və müxtəlif şəxslərə satmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Qusar rayon Kooperativlər İttifaqının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixə 01 ədəd 700 litr həcmində kustar üsulla hazırlanmış dəmir materialdan olan su çəninin dəyəri 140 manat, 01 ədəd su motorununun dəyəri 50 manat, 01 ədəd maye qaz balonunun dəyəri 60 manat, 01 ədəd kustar üsulla hazırlanmış odun sobasının dəyəri 90 manat və 01 ədəd “Honor” markalı televizorun dəyəri 150 manat təşkil edir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi, yəni müxtəlif vaxtlarda nənəsinə məxsus müxtəlif əşyaları oğurlamaqla talaması məhkəmə tədqiqatı zamanı tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxs ona istinad olunan Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun talama növündə inzibati xətanı bir neçə dəfə törətməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs eyni xətanı bir neçə dəfə müxtəlif vaxtlarda törətmiş və ona görə də, məhkəmə onun barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Belə ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin normaya görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Şəxs 26 noyabr 2025-ci il tarixdə saat 17:00 radələrində saxlanılaraq həmin tarixdə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuşdur. Odur ki, həmin şəxsin həbsdə saxlama müddəti həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin 26 noyabr 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar