Məhkəmə qərarları › İş №3(029)-472/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-472/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-472/2025 06.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Qusar rayonu, Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qusar rayonu, Urva kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:50-də idarə etdiyi “TOYOTA COROLLA MİNİK” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, polis əməkdaşları onu saxlanayan zaman o, içkili olmamışdır. Polis əməkdaşları onu saxlayanda alkotester müayinəsindən keçmiş, həmin nəticə ilə razı olmamışdır. O, qanında alkoqolun olub-olmamasını müəyyən edilməsi üçün həkim-narkoloqa aparılmasını istəsədə, polis əməkdaşları ona Qusar rayonunda həkim-narkoloq ştatı vakant olmadığını bildirmişlər. O, özü Quba rayonunun mərkəzi Xəstaxanasına gedərək Quba rayonunda yerləşən həkim narkoloqdan rəy almışdır. Quba rayonu Mərkəzi Xəstəxanasında həkim onu təxminən saat 11.00 radələrində qəbul etmişdir. Həmin rəydə “ilkin müayinə zamanı vətəndaşda sərxoşluq təyin edilmədi” yazılmışdır. Quba rayonu Mərkəzi Xəstəxanasında həkim ona qandan analiz verməyin lazım olmadığını bildirirdiyindən qandan analiz verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 protokolu müdafiə edərək bildirmişdir ki, sürücü saxlanılan zaman ağzından spirt qoxusu gəldiyindən şəxsin sərxoş vəziyyətdə olmasına dair əsaslı şübhələr yaranmışdır. Sonradan alkotester müayinəsi zamanı şəxsin sərxoş halda olması faktı aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 protokolu müdafiə edərək bildirmişdir ki, sürücü saxlanılan zaman ağzından spirt qoxusu gəldiyindən şəxsin sərxoş vəziyyətdə olmasına dair əsaslı şübhələr yaranmışdır. Sonradan alkotester müayinəsi zamanı şəxsin sərxoş halda olması faktı aşkarlanmışdır. İş materiallarında olan 04447 nömrəli, xx.xx.2025-ci il tarixli Sərxoşlq vəziyyətinin müəyyən edilməsi qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:50-də alkoqolun miqdarı 0,466 % promille olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs özünü təqsirli bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon Mərkəzi Xəstəxanası narkoloji kabinetinin Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, Şəxs alkoqol aşkar edilməmişdir. İş materiallarından görünür ki, Şəxs “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “E-Təbib” sistemi üzərindən xx.xx.2025-ci il tarixdə, saat 10:41-də həkim narkoloqa ambulator müraciət etmiş və ilkin müayinə zamanı vətəndaşda sərxoşluq təyin edilmədi. Alkoqolun orqanizmdən xaric olma sürəti hər saat üçün minimum 0,1 promil təşkil edir. Bu göstərici yenidən analiz verilmə müddətindən 4 saat keçdikdən sonra sərxoşluq vəziyyəti yoxdur deməkdir. Məhkəmə iş materiallarını, məhkəmə iclasında verilmiş izahatları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nın 333.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan qaydada inzibati tənbehə məruz qalmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını özünümüdafiə xarakterli hesab edir, məhkəmə iclasında dindirilmiş X1 və X3 izahatlarını, İN:642164, protkollaşdırma: 04447 olan alkotestr rəyini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon Mərkəzi Xəstəxanası narkoloji kabinetinin Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokoluda sübut kimi qəbul etmir. "Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1.nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2.ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3.özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. İstinad edilən Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na görə sərxoşluğun müəyyən edilməsinin iki fərqli proseduru mövcuddur ki, birinci halda sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; ikinci halda sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin əlamətlərdən birincisi sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; ikincisi sürücünün ayaq üstə sərbəst dayana bilməməsi və üçüncüsü sürücünün özünü idarə edə bilməməsi. Alkotester və narkotesterin tətbiqi, habelə onların göstəricilərinin qəbul edilməsi sürücünün iradəsindən asılıdır. Yəni sürücü bu vasitələrlə sərxoşluğun müayinəsindən imtina edərsə, yaxud həmin vasitələrin sərxoşluğun olmasına dair göstəricilərini qəbul etməzsə, sərxoş sayıla bilməz və mütləq tibbi müayinədən keçirilməlidir. Sərxoşluğun tibbi müayinəsi də sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. Bundan başqa, Şəxs, tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə yoxlanılmaqla həyata keçirilməli olduğu bunu etməmişdir. Belə olan halda Şəxs öz təqsirsizliyini sübuta yetirə bilməmişdir. Şəxs polis əməkdaşları tərəfindən saat 06:50-də sərxoşluq vəziyyəti yoxlanılarkən alkoqolun miqdarı 0,466 % promille aşkar olunmuşdur. Şəxs yenidən həmin günü, xx.xx.2025-ci il tarixdə, saat 10:41-də həkim narkoloqa ambulator müraciət etmiş və ilkin müayinə zamanı vətəndaşda sərxoşluq təyin edilməmişdir.(QEYD: Alkoqolun orqanizmdən xaric olma sürəti hər saat üçün minimum 0,1 promil təşkil edir. Bu göstərici yenidən analiz verilmə müddətindən 4 saat keçdikdən sonra sərxoşluq vəziyyəti yoxdur deməkdir). Azərbaycan Respublikasının İXM-nin Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, inzibati xətanı içkili vəziyyətdə törətməsi ağırlaşdıran hal kimi nəzərə alınır, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, hazırkı halda işin hallarını nəzərə alaraq Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin tədbiq edilməsini, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar