Məhkəmə qərarları › İş №3(029)-48/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-48/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-48/2022 23.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1985-ci ildə Qusar rayonu Xürel kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən X2 haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X11 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Xürel kəndində həmkəndliləri ilə birlikdə qumar oyununda iştirak etmişdir. Oyunda istifadə edilən kartlar və 5,65 (beş manat altmış beş qəpik) manat pul götürülmüşdür. Həmin faktla əlaqədar Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X17 tərəfindən X11 barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə 16.02.2022-ci il tarixli MN 1120990-64 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Xürel kəndində həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Azad Piroğlanov ilə birlikdə qumar oyununda iştirak etmişdir. Yer pulu adambaşına 20 qəpik olmuşdur. Əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 17.02.2022-ci il tarixli X2 ərizəsindən görünür ki, hərdən bir kənddə həmkəndliləri ilə birlikdə pulla qumar oynayır. 15.02.2022-ci il tarixdə saat 17:00 radələrində Xürel kənddə mağazadan tum alıb köhnə klubun arxasındakı navesin altına getmiş, çoxlu adamlar həmin yerə yığılmışdır. Orada həmkəndliləri Ağababa Ağayev, Azad Piroğlanov, Alik Yağıyev, Rəşid Hacağayev və Pirvahid Sərkərov qumar oynamışlar, adambaşı yer pulu 20 qəpikdən başlamışdır. O, da qumar oynamış, bu vaxt polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarını görüb kənara çəkilmiş, lakin polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır, səhv etmişdir və bunu nəzərə alaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan X2 Qusar RPŞ-yə verdiyi izahatından görünür ki, ailəsi ilə birlikdə Qusar rayonu Xürel kəndində yaşayır. O, hərdən bir kənddə həmkəndlilərilə bir yerdə pulla qumar oynayır. 15.02.2022-ci il tarixdə, saat 17 radələrində kənddəki mağazadan tum almış köhnə klub adlanan yerə, klubun arxasındakı navesin altına gəlmiş, bir çox adamlar həmin yerə yığışmışdır. Orada həmkəndliləri X18, Piroğlanov Azad, Yağıyev Alik, Rəşid Hacağayev, Pirvahid Sərkərov qumar oynamışlar, adambaşı yer pulu 20 qəpikdən başlamışdır. O, orada oynamamış, yalnız kənardan durub baxırmış və bu vaxt polis əməkdaşları gəlmış, o, onları görüb kənara çəkilmiş, lakin polis əməkdaşları orada qumar oynayanları polis şöbəsinə aparmışlar. İş materiallarında olan 15.02.2022-ci il tarixli Qusar RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Rövşən Nəzərovun raportundan görünür ki, 15.02.2022-ci il tarixdə saat 17:00 radələrində polis nəfərləri polis baş serjantı Abbas Abbasov, polis baş serjantı Ballı Ramazanov və polis serjantı Nəbi Ramazanov ilə birlikdə xidmətdə olduğu zaman Qusar rayonu Xürel kəndində ona daxil olmuş məlumata əsasən bir qrup şəxslərin həmin kəndin köhnə klubunun qarşısında qumar oynadığı bildirilmişdir. Onlar həmin yerə yaxınlaşaraq orada qumar oynayan şəxsləri saxlayaraq Qusar RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Qusar rayonu Xürel kənd sakinləri X18, X9, X11, X19, X6, X10, X7, X8, X3 və X4r. İş materiallarında olan 17.02.2022-ci il tarixli X1 ərizəsindən görünür ki, aradabir kənddə həmkəndliləri ilə bir yerdə pulla qumar oynamışdır. 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Xürel kəndində poçta işıq pulu köçürməyə getmişdir. Poçtdan qayıdanda görmüşdür ki, köhnə klub adlanan yerdə, klubun arxasındakı navesin altında həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Rasim Şıxzadayev qumar oynayırlar, adambaşı yer pulu 20 qəpikdən başlayır. O, da qumar oyununa qoşulmuş və qumar oynamışdır. Bundan sonra bir-iki nəfər də oraya gəlmiş ancaq onları xatırlamır. O, bir qədər oynadıqdan sonra həmin yerdən getmək istəmiş, həmin yerə polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarını görərək qaçmaq istəmiş, lakin polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. Hazırda əməlindən peşmandır, səhv etmişdir və bunu nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan X1 Qusar RPŞ-yə verdiyi izahatından görünür ki, ailəsi ilə birlikdə Qusar rayonu Xürel kəndində yaşayır. O, hərdən bir kənddə həmkəndlilərilə bir yerdə pulla qumar oynayır. 15.02.2022-ci il tarixdə, saat 16 radələrində kənddəki poçta işıq pulunu köçürməyə getmişdir. Poçtdan qayıdanda görmüşdür ki, köhnə klub adlanan yerdə, klubun arxasındakı navesin altında həmkəndliləri X18, Yağıyev Alik, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Rasim Şıxzadayev qumar oynayırlar, adambaşı yer pulu 20 qəpikdən başlayır. O, da qumara qoşulmuş və oynamağa başlamışdır. Bundan sonra bir-iki nəfər də oraya gəlmişlər, ancaq onları dəqiq xatırlamır. O, bir az oynayıb oradan təzəcə aralanmaq istəmişdir ki, polis əməkdaşları gəlmişlər, o, onları görüb qaçmaq istəmiş, lakin polis əməkdaşları onu görmüş və onları polis şöbəsinə aparmışlar. İş materiallarında olan Qusar rayon məhkəməsinin 23.02.2022-ci il tarixli 3(029)- 45/2022 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri-yəni 5,65 (beş manat altmış beş qəpik) manat pul və oyun kartları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DVD-diskə baxış keçirən zaman X2 qumar oynadığı müəyyən olunmuşdur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X11 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qusar rayon məhkəməsinin 23.02.2022-ci il tarixli 3(029)-45/2022 saylı qərarı ilə hazırkı inzibati xətanın bilavasitə obyekti olan predmetlərin-yəni qumar oyununda istifadə edilən kartların və 5.65 manat pulun müsadirə edilməsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə inzibati xəta hadisəsinin videoçəkilişinə dair DVD diskin 3(029)- 45/2022 saylı işdə saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri-yəni 5,65 (beş manat altmış beş qəpik) manat pul və oyun kartları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qusar rayon məhkəməsinin 23.02.2022-ci il tarixli 3(029)-45/2022 saylı qərarı ilə hazırkı inzibati xətanın bilavasitə obyekti olan predmetlərin-yəni qumar oyununda istifadə edilən kartların və 5.65 manat pulun müsadirə edilməsi nəzərə alınsın. Hazırkı iş üzrə inzibati xəta hadisəsinin videoçəkilişinə dair DVD diskin 3(029)- 45/2022 saylı işdə saxlanılması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar