Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-499/2025 26.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümm ət Rahib oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi təqdim edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 272-1-ci maddəsi ilə təqsirli bilinmiş və 1000 (min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surətini xx.xx.2025-ci il tarixdə aldığını, həmin qərarla razı olmadığını bildirmişdir. Belə ki, inzibati tənbehə məruz qalmasına əsas səbbə Qusar rayonu, Gican kəndi yaxınlığında lazımi icazə sənədi olmadan özünə məxsus tüfəng ilə qanunsuz ov ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları avtomobilə xəbərsiz və icazəsiz daxil olaraq üzərində olmayan ona məxsus olan qanuni mülkiyyətində olan odlu ov silahlarını götürərək onu 1000 (min) manat məbləğində cərimə edilmişdir. Həmin vaxt üzərində heç bir ov predmeti olmamış, eyni zamanda əməkdaş xəbərsiz yoxlanış aparan zaman ondan sənədləri tələb etməmiş, halbuki həmin sənədlər onun üzərində olmuşdur. Onun xx.xx.2019-cu il tarixli toz, qoşa lülə 12 çaplı, 36771 nömrəli ov tüfənginin saxlanması və təyinatı üzrə 43 nömrəli şəhadətnaməsi vardır. Qanunu pozsa belə fiziki şəxs kimi pozmuş, lakin əməkdaşlar tərəfindən onun barəsində vəzifəli şəxs kimi tədbir görülmüşdür. Göstərilənlərin nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, hadisə zamanı o fermaya gedirmiş. Əməkdaşlar onu saxlayaraq icazəsiz maşına daxil oldular. Maşındakı özünə məxsus tüfəngi götürdülər və onu 1000 (min) manat məbləğində cərimə etdilər. O, həmin zaman fermaya gedirmiş, sadəcə yırtıcı heyvanlardan qorunmaq məqsədi ilə tüfəngi də özü ilə götürmüşdür. Uzun müddətdir ki, fermaya gedir, bu müddət ərzində heç bir yırtıcı heyvan ona hücum etməmiş, lakin mal-qarasına hücum etdiyini bildirmişdir. X2 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, o, yoldaşları ilə birlikdə, qırmızı rəngli, ağ rəngli niva və ağ rəngli pick up markalı 3 avtomobil ilə Qusar rayonu, Gican kəndi yaxınlığında yerləşən kələm sahəsinə gedirmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onları saxlamış, güc tətbiq edərək avtomobilə daxil olmuş və avtomobildə olan tüfəngləri götürərək onu 1000 (min) məbləğində cərimələmişlər. Həmin zaman Pick Up markalı avtomobildə itlərdə olmuşdur. İtləri ora aparmaqda məqsədi onları gəzdirmək olmuşdur. Öz əyləşdiyi avtomobildə 4 ədəd ov tüfəngi olmuşdur. Onlardan biri də özünün olmuşdur. Ov tüfəngini aparmaqda məqsədi elə-belə marağa nişan vurmaq olmuşdur. Lakin həmin zaman patrona heyfi gəldiyi üçün öz tüfəngi ilə heç bir nişan vurmamışdır. Ora getməzdən əvvəl digər yoldaşları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsindən şifahi icazə aldığını ona bildirmiş, o da onlara inanaraq həmin əraziyə getmişdir. Həmçinin avtomobildə olan özünə məxsus ov tüfənginin tam atəşə yararlı vəziyyətdə, patronla dolu olduğunu bildirmişdir. 5 ilə yaxın müddətdir ki, ov tüfəngi vardır. Heç bir ov etmədiyini, ora getməkdə və özü ilə ov tüfəngini aparmaqda məqsədinin ov etmək yox, sadəcə elə belə maraq üçün aparması olmuşdur. Orada yalnız bir inzibati xəta, yəni özünə məxsus ov tüfənginin saxlanması qaydalarını pozduğunu bildirmişdir. Ov etmək üçün icazəsi yoxdur. Göstərilənləri, nəzərə alınaraq qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Qusar rayonu, Gican kəndi yaxınlığında yerləşən meşə ərazisində atəş səslərinin eşidildiyi, həmin ərazidə ov edildiyi ilə bağlı idarəyə məlumat daxil olmuşdur. O və digər əməkdaşlar həmin əraziyə gedən zaman yaxınlıqda 3 avtomobildə olan şəxslərin ərazidə ov etmək üçün izlər izlədiyini görmüş, onlar qayıdarkən onları saxlamış, avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildən dolu vəziyyətdə ov tüfəngləri və ov itləri tapılmışdır. O, saxlanılan şəxslərdən ov etmək üçün icazələrinin olub-olmamasını soruşmuş, onlarda icazənin olmadığını bildirmişlər. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsindən şifahi icazə alınmaqla hardasa ov etməyin mümkün olmadığını, ov etmək üçün lazımi lisenziyanın və rəsmi icazənin alınmasının tələb olunduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınaraq qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 272- 1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X6 və digər şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman ov tüfəngi ilə ov üçün nəzərdə tutulmuş geyimdə olmuşlar. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, X1 şikayəti əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə X5 izahatını özünümüdafiə xarakterli hesab edir ki, şəxsin izahatı inzibati tənbehdən boyun qaçırmaq məqsədi daşıyır. Belə ki, o və digər şəxslərin hamısı özünə məxsus ov tüfəngləri ilə çöl ərazisində, ov itləri ilə, ov geyimlərində olmaqlarının məqsədi həmin ərazidə ov etmək olmuşdur. Şəxs nə qədər həmin halı ümumi olaraq “ov tüfəngini aparmaqda məqsədi həvəs üçün, elə belə marağa olub” sözləri ilə təkzib etsə də həmin halı sübuta yetirəcək mötəbər sübutlar təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş fotoşəkillər və nümayəndənin izahatı həmin halın əksini, yəni o və digər şəxslərin həmin əraziyə ov etmək məqsədi ilə getdiyini, ov etmək məqsədi ilə heyvanların izlərinin izləndiyini, ov itlərinin ov məqsədi ilə oraya aparıldığını sübuta yetirir. Məhkəmə şəxsin şikayət ərizəsində və izahatında bildirdiyi ov predmetinin mövcud olmamasına və belə olduğu halda inzibati xəta tərkibinin yaranmaması halına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ov predmetinin olmaması X5 və onunla birlikdə olan digər şəxslərin ov etmədiyini bildirmir. Belə ki, nümayəndənin izahatından da görünür ki, həmin ərazidə atəş səsləri gəlmişdir. X6 ov etmək üçün atəş aça bilər, lakin hər hansı bir heyvanı yaxud quşu vurmağa nail olmaya bilər. Belə olduğu halda ov predmeti mövcud olmasa belə, Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün kifayət qədər əsaslar mövcud olmuş olur. Həmçinin məhkəmə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.1-ci bəndi ilə müəyyən edilmiş “ovçuluq” anlayışına istinad edərək hesab edir ki, ovçuluq, yəni quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Məhkəmə göstərilənləri məcmu halda qiymətləndirərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025ci il tarixli MN ******* saylı qərarı qüvvədə saxlanılsın. Həmçinin məhkəmə şikayətçinin şikayət ərizəsində göstərdiyi vəzifəli şəxs kimi inzibati tənbehə məruz qalması məsələsinə münasibətdə bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsinin sanksiya hissəsi fiziki, vəzifəli və ya hüquqi şəxslərə ayrıca tənbeh nəzərdə tutmur. Həmin maddənin sanskiyası ümumi qaydada istənilən fiziki yaxud vəzifəli şəxs tərəfindən ov qaydalarının pozulması halına görə tənbeh nəzərdə tutur. Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas termin və anlayışlar 1.0. Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 272-1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-499/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-499/2025
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver