Məhkəmə qərarları › İş №3(029)-5/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-5/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-5/2023 05.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx xxxxxxx 1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar rayonu Urva kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində “DAEWO NEXİA MİNİK” markalı 38BX527 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. O, xx.xx.2022-ci il tarixdə gecə saat 22:15 radələrində “DAEWO NEXİA MİNİK” markalı 38BX527 dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri Heydər Əliyev prospektində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş, həmin vaxt xarici işıq cihazlarında olan nasazlıq səbəbindən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin zaman ondan spirtli içki iyi gəldiyi üçün YPX əməkdaşı alkotester vasitəsi ilə onu müayinə etmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 01996 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 23:00-da Şəxs qanında alkoqolun konsentrasiyası 0.962 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 149- 26469-1222 saylı arayışından görünür ki, Qusar rayonu Urva kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, Şəxs ümumi xəstəlik səbəbindən 3-cü qrup əlilliyə görə 110.0 manat məbləğində müavinət təyin edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:04 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində “DAEWO NEXİA MİNİK” markalı 38BX527 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə, o cümlədən Şəxs özünün izahatı ilə tam təsdiqini tapmışdır. Odur ki, həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı, onun 3-cü qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar