Məhkəmə qərarları › İş №3(029)-527/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-527/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-527/2021 01.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1978-ci ildə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon X1 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs oğlunun 14.09.2021-ci il tarixdə yaşadığı ünvanda, 16 kalibrli TOZ-B modelli qoşa lüləli 4471-54 N nömrəli yivsiz ov tüfənginin qanunsuz saxlandığı aşkar edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış, 29.09.2021-ci il tarixli qərarla Şəxs oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Həzrə PB-nin polis sahə rəisi polis kapitanı Eşqin Tahirov tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə 09.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 25.09.2021-ci il tarixli 21/1270a saylı arayışın surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 4471-54 №-li silah,Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli hamar qoşa lüləli ov tufəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. İş materiallarında olan silah və sursatın qəbul edilməsi barədə 13 saylı 08.09.2021ci il tarixli qəbzdən görünür ki, 16 kalibrli silah təhqiqatçı Romik Qazıxanov tərəfindən məsul növbətçi Vaqif Kazımova təhvil verilmişdir. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan predmet-yəni 01 ədəd 4471-54 №-li silah,Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli hamar qoşa lüləli, odlu yivsiz, texniki cəhətdən nasaz və atəş üçün yararsız ov tufəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar