Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-544/2021 03.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1970-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində sərxoş vəziyyətdə idarə etdiyi Mitsubishi Pajero minik markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin sürətini qəflətən artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmiş, işıqforun qadağanedici işığından keçib, ziqzaqvari hərəkətlər edərək, cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaradaraq, sağ-sol hərəkətləri edərək manevr qaydalarını pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin Yol patrul xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə 02 noyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 02 noyabr 2021-ci il tarixdə gecə saatlarında bacısı xəstə olduğuna görə aptekdən dərman almağa getmiş, tələsdiyindən işıqforun qırmızı işığını keçmiş və aptekə gedib evə qayıtmışdır. Evə qayıtdıqdan sonra o, paltarını dəyişmiş və yemək yeyərkən iki rumka spirtli içki araq qəbul etmişdir. Bundan təxminən 15-20 dəqiqədən sonra Qusar RPŞ-nin rəis müavini Hidayət ona zəng edərək evin ünvanını soruşmuş, daha sonra isə onun ünvanına post patrul xidmətinin əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. O, avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, avtoxuliqanlıq hərəkətləri etməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmiş ki, o, Qusar RPŞ-nin növbətçi hissəsinin sürücüsü işləyir. 02 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində o, xidməti avtomobillə şöbə rəisi ilə birlikdə xidmətdə olarkən Qusar şəhəri Ç.Qurbanov küçəsində işıqforun qırmızı işığında avtomobili saxlamış, təxminən 7-8 saniyədən sonra arxa tərəfdən avtomobilin təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini eşitmiş, yan güzgüdən arxa tərəfə baxdıqda qara rəngli Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin H.Əliyev prospektindən Ç.Qurbanov küçəsinə yüksək sürətlə əks istiqamətə çıxaraq işıqforun qırmızı işığını keçərək ziqzaqvari hərəkətlərlə və sağ-sol hərəkətləri ilə getdiyini görmüşdür. Bundan sonra, şöbənin rəisi telsiz rabitə vasitəsi ilə həmin hadisə barədə efirdə məlumat verərək avtomobilin saxlanmasına dair göstəriş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmiş ki, o, Qusar RPŞ-nin PPX-nin sürücüsü işləyir. 02 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində şöbə rəisi telsiz rabitə vasitəsi ilə efirdə əlaqə saxlayaraq qara rəngli Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin ziqzaqvari hərəkətlər edərək işıqforun qırmızı işığından yüksək sürətlə keçdiyini bildirmiş və həmin avtomobilin saxlanmasına dair göstəriş vermişdir. Həmin vaxt o, Qusar şəhəri “avtobaza” adlanan ərazidə xidmətdə olmuş və məlumat aldıqdan sonra oradan H.Əliyev prospekti istiqamətinə gedərək həmin prospektə çıxan zaman həmin avtomobil yüksək sürətlə onun qarşısından keçmişdir. O, həmin avtomobilin Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüş, bundan sonra həmin avtomobilin dalınca getmiş, uzaqdan onu müşahidə etmiş, lakin avtomobil çox sürətlə getdiyindən ona dərhal çata bilməmişdir. O, həmin avtomobilin sürücüsünü-yəni Şəxs tanıdığından və uzaq qohumu olduğundan onun ünvanına getmiş və orada həmin avtomobilin evin həyətində olduğunu, avtomobilin sürücüsü Şəxs da həyətdə olduğunu görmüşdür. Daha sonra isə o, özünü təqdim edərək həmin şəxs işıqforun qırmızı işığından keçdiyinə görə onu polis şöbəsinə dəvət etmişdir. Onun telsiz vasitəsi ilə məlumat aldığı vaxtdan Mubarizin evinə getdiyi vaxtadək təxminən 5 dəqiqə vaxt keçmiş, həmin müddət ərzində Mubarizin evdə spirtli içki qəbul etməsi mümkün deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmiş ki, o, Qusar RPŞ-nin YPX-nin inspektoru işləyir. 02 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Mitsubishi Pajero markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması barədə telsiz rabitə vasitəsi ilə efirdə məlumat almışdır. Bundan təxminən 10 dəqiqədən sonra həmin avtomobilin sürücüsü Şəxs PPX əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və onun sərxoş olub-olmamasını yoxlamışlar. Həmin vaxt məlum olmuşdur ki, həmin şəxs sərxoş vəziyyətdədir. İş materiallarında olan protokollaşdırma nömrəsi 00510 olan 02.11.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 22:15-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.690 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, Şəxs özünü təqsirli bilməsə də, onun 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində Mitsubishi Pajero minik markalı 10EJ057 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi, avtomobilin sürətini qəflətən artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan hərəkətlər etməsi, işıqforun qadağanedici işığından keçib, əks yola çıxaraq ziqzaqvari hərəkətlər edərək, cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaradaraq, sağ-sol hərəkətləri edərək manevr qaydalarını pozması məhkəmə iclasında şahidlərin izahatları və işdə olan sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində, həmin avtomobillə yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etməklə isə həmin Məcəllənin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 511.1.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə əsas tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə; İXM-nin 511.1.3-cü maddəsi ilə isə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-544/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-544/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver