Məhkəmə qərarları › İş №3(029)-547/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-547/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-547/2021 26.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Quba X12 Mərkəzinin nümayəndəsi X2 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Quba X12 Mərkəzinin MN ******* saylı 29 oktyabr 2021-ci il tarixli qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Quba X12 Mərkəzinin MN ******* saylı 29 oktyabr 2021-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayəti onunla əsaslandırmışdır ki, Quba X12 Mərkəzinin MN ******* saylı 29 oktyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, guya o, 23 sentyabr 2021-ci il tarixdə Qusar meşəbəyliyinin 18 saylı dolayının ərazisindən 1 ədəd qanunsuz olaraq yaş kök üstə ağac kəsmişdir. O, 23 sentyabr 2021-ci il tarixdə ümumiyyətlə Qusar meşəbəyliyinin 18 saylı dolayının ərazisində olmamış, heç bir yaş kök üstə ağacı kəsməmişdir. Bu barədə o, həmin ərazinin meşəbəyinə bildirdikdə və nə üçün onun cərimə olunduğunu soruşduqda, həmin şəxs ağacı onun kəsməsini guya idarə etdiyi avtomobilin izlərinin orada olması ilə əsaslandırmışdır. Lakin, həmin vaxt o, idarə etdiyi avtomobillə həmin əraziyə getməmiş, iş yerində olmuşdur. Onun həmin inzibati xətanı törətməsi barədə digər hər hansı sübut isə yoxdur. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və bu səbəbdən də həmin maddə ilə barəsində qəbul edilmiş qərar ləğv edilməli, həmçinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X8 şikayətdə göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu N saylı hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edir. 23 sentyabr 2021-ci il tarixdə səhər saat 9-dan axşam saat 19-dək işdə olmuşdur. Onun cərimə olunması barədə məlum qərar qəbul edilərkən izahatı alınmamış və xəbəri olmadan onu cərimə etmişlər. Onun UAZ markalı avtomobili var və kəsilmiş ağacın onun tərəfindən kəsilməsini ona məxsus avtomobilin təkərlərinin izi ilə əsaslandırmışlar. Həmin ağac Xuray-Suvacal ərazisindən kəsilmişdir. Onun avtomobili yük avtomobili deyil və həmin ölçüdə olan ağac onun avtomobilinə yerləşməzdi. Ağacın kəsilməsi barədə akt tərtib edilərkən o, orada olmamış, ağacın kəsilməsi faktının nə vaxt aşkar olunması barədə məlumatı olmamış, bununla bağlı onun evinə hər hansı şəxs gəlməmişdir, tərtib edilmiş akt ona tədqim edilməmiş, imzalaması təklif olunmamışdır. Aktda onun guya alktı imza etməkdən imtina etdi qeydi əsassızdır, həmin aktı tərtib edən insanları görməmişdir. Protokolu tərtib etmiş şəxslər heç bir araşdırma aparmadan, maddi sübutu aşkar etmədən, onun izahatı alınıb bu barədə soruşulmadan, yalnız meşəbəyinin fərziyyə xarakterli məlumatı əsasında onun barəsində protokol tərtib etmişlər. Yaşadığı kənddə onun avtomobilindən başqa, 2-3 UAZ avtomobili var. Ona görə də, hesab edir ki, onun cərimə olunması barədə qərar qanunsuzdur və ləğv edilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Quba X12 Mərkəzinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, o, həmin mərkəzin mühafizə mühəndisi vəzifəsində işləyir. 23 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Qusar rayonu Xuray meşəsində yol kənarında 1 ədəd 52 sm. diametrli yaş kök üstə ağacın gecə saatlarında kəsildiyi aşkar olunmuşdur. Meşəbəyi həmin vaxt orada avtomobil izi aşkar etmiş, həmin izi izlədikdə isə onun X3 yaşadığı evə apardığını müəyyən etmişdir. X15 evinə kimi getmiş, ağacın kəsilməsi barədə akt tərtib etmiş, lakin Zakir Ospatov aktı imzalamaqdan imtina etmişdir. Meşəbəyi bu barədə şəkillər də çəkə bilməmişdir. Zakir Ospatovun həyətinə baxış keçirilməmiş, maddi sübut-yəni oduncaqlar aşkar olunmamış, nə evin həyətində, nə maşında, nə şəxsən ağacı onun kəsməsini heç kəs görməmişdir. Bundan sonra X21 X12 Mərkəzinə dəvət olunmuş, lakin həmin şəxs gəlməmişdir. X18 tərəfindən kəsilməsi barədə hər hansı sübut, o cümlədən maddi sübut isə yoxdur. Zakir Ospatov ağacı kəsərkən və apararkən hər hansı şəxs görməmiş, orada olan avtomobil təkər izinə əsasən müəyyən edilmişdir ki, ağacı Zakir Ospatov kəsmişdir. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X9 izahatında göstərmişdir ki, o, Qusar meşəbəyliyinin 18 saylı dolayının meşə gözətçisi vəzifəsində işləyir. O, Suvacal-Xuray meşələrinin ərazisinə baxır. Hər kənddə neçə maşın olduğunu yaxşı bilir. 18 sentyabr 2021-ci il tarixdə saat təxminən 10-11 radələrində Qusar rayonu Xuray meşəsində yol kənarında 1 ədəd 52 sm. diametrli yaş kök üstə ağacın təxminən gecə saatlarında kəsildiyini aşkar etmişdir. Həmin ərazi Suvacal və Xuray kəndlərinin sərhədində yerləşir. O, həmin ərazidə avtomobil izi aşkar etmiş, həmin izin aid olduğu avtomobil kəndin üst tərəfindən keçib yolu azdırmaq üçün başqa yolla həmin əraziyə gəlmiş və ağacı kəsib aparmışdır. Həmin izin aid olduğu təkər məhz Zakir Ospatova məxsus avtomobilin təkəridir. Lakin, o, izlə Zakirin evinə kimi getməmiş, bataqlığadək, meşədən çıxan yerədək getmişdir. Həmin şəxsin evində və avtomobilində kəsilən ağaca aid olan odunu görməmişdir. O, Zakirin həmin ağacı kəsəndə və aparanda da görməmişdir. O, yalnız təkərin izindən bilmişdir ki, ağacı məhz Zakir kəsmişdir. Bu barədə o, Zakirə nə zəng etməmiş, nə də onunla görüşməmişdir. Meşədən Zakirin evinə kimi təxminən 2 kilometr məsafə vardır. 23 sentyabr 2021-ci il tarixdə onun və meşəbəyi əvəzi Malik Hüseynovun tərəfindən akt tərtib olunmuş, lakin həmin akt Zakir Ospatovun iştirakı olmadan tərtib edilmiş, imzalamasl üçün Zakir Ospatova təqdim edilməmişdir. Hal-hazırda sübut etmək çətindir ki, ağacı məhz Zakir kəsmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, Quba X12 Mərkəzinin nümayəndəsi X1 və şahid X5 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar meşəbəyliyinin 18 saylı dolayının meşə gözətçisi Xanlar Misirxanov tərəfindən Quba X12 Mərkəzinə ünvanlanmış 18.09.2021-ci il tarixli məlumatın surətindən görünür ki, o, nəzarət etdiyi dolayın 92-ci kvartalında sahəni gəzərkən müəyyən etmişdir ki, 1 ədəd diametri 50 sm. olan fıstıq cinsli ağac kəsilmişdir. Ağacın kəsilməsində şübhəli şəxs Qusar rayonu Xuray kənd sakini X8 ağacı UAZ markalı maşınla oğurlamışdır. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X20 X7 meşəbəyliyinin meşəbəyi əvəzi X13, həmin meşəbəyliyin meşə gözətçisi X9 tərəfindən tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli 000527 saylı aktın surətindən görünür ki, Xanlar Misirxanovun 18 sentyabr 2021-ci il tarixli məlumatına əsasən Qusar meşəbəyliyinin 18 saylı dolayının 92-ci kvartalından bir ədəd 50 sm. diametrdə fıstıq cinsindən olan ağacı gecə vaxtı Xuray kənd sakini Zakir Ospatov öz şəxsi UAZ markalı avtomobili ilə meşədən oğurlamışdır. Həmin əraziyə baxış keçirilmiş və həmin fakt öz əksini tapmışdır. Həmin ağacın diametrinin 50 sm. deyil, 52 sm. olduğu müəyyən olunmuşdur. Ağacın dib kötüyü damğalanaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Quba X12 Mərkəzi tərəfindən X3 barəsində tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Zakir Ospatovun 23.09.2021-ci il tarixdə X6 18 saylı dolayının ərazisindən qanunsuz olaraq 1 ədəd yaş kök üstə ağac kəsdiyi qeyd olunmuşdur. İş materiallarında olan Quba X12 Mərkəzinin MN ******* saylı 29 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş 25.11.2021-ci il tarixli 1405 saylı arayışdan görünür ki, X10 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində 26.07.2020-ci il tarixdən manqa komandiri vəzifəsində xidmət edir və 23 sentyabr 2021-ci il tarixdə saat 19:00-dək xidmətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 18 sentyabr 2021-ci il tarixdə X20 X7 meşəbəyliyinin 18 saylı dolayının meşə gözətçisi Xanlar Misirxanov tərəfindən nəzarət etdiyi dolayın 92-ci kvartalında 1 ədəd diametri 52 sm. olan fıstıq cinsli yaş kök üstə ağacın kəsildiyi aşkar olunmuşdur. Həmin şəxsin məlumatına əsasən 23 sentyabr 2021-ci il tarixdə Qusar meşəbəyliyinin meşəbəyi əvəzi Malik Hüseynov və meşə gözətçisi Xanlar Misirxanov tərəfindən Zakir Ospatovun iştirakı olmadan akt tərtib olunmuşdur. Xanlar Misirxanov orada olan avtomobil təkərinin izlərinə əsasən ehtimal etmişdir ki, həmin ağac Zakir Ospatov tərəfindən kəsilmişdir. Lakin, həmin ağacın məhz Zakir Ospatov tərəfindən kəsilməsi və avtomobillə yaşadığı evinə aparması müəyyən olunmamış, həmin faktı təsdiq edən hər hansı sübut əldə olunmamış, bu barədə Zakir Ospatovun izahatı alınmamış, hadisəyə münasibəti öyrənilməmiş, digər şəxslərin həmin hadisəni törədib-törətməməsi araşdırılmamışdır. Bununla da, həmin X18 tərəfindən qanunsuz olaraq kəsildiyi və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yalnız ehtimal olunmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolda inzibati xətanın 23 sentyabr 2021-ci il tarixdə törədildiyi qeyd olunsa da, iş materialları ilə müəyyən olunmuşdir ki, ağacın kəsilməsi faktı həmin vaxtdan əvvəl-yəni 18 sentyabr 2021-ci il tarixdə meşə gözətçisi Xanlar Misirxanov tərəfindən aşkar olunmuşdur. Bütün bunlar isə həmin inzibati xətanın Zakir Ospatova aid olması barədə əsaslı şübhələr yaradır, həmin şübhələr isə qərarı qəbul etmiş orqan tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Quba X12 Mərkəzi tərəfindən X3 barəsində 29.10.2021-ci il tarixli MN ******* saylı qərar qəbul edilərkən Zakir Ospatovun həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların olmadığı, aşkar edilmiş inzibati xəta faktının məhz Zakir Ospatova aid olması barədə əsaslı şübhələrin olması, həmin şəxsin tərəfindən qanunsuz ağac kəsilməsi faktının heç bir sübutla təsdiq olunmadığı nəzərə alınmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin Zakir Ospatovun barəsində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Quba X12 Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və əməlində inzibati xəta tərkibi olmadığından X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar