Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-560/2021 22.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X1 iştirakı ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi X11 küçəsi ev 33 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 02.09.2021-ci il tarixdə, saat 14:40 radələrində Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X9 1846LS” markalı, 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında olan sənədlər üçün nəzərdə tutulmuş qara rəngli çantanın içərisindəki sənədlərin yanından gömrük nəzarətinə bəyan olunmayan 300 ədəd 50-lik, 56 ədəd 100-lük və 22 ədəd 200-lük avro əskinazları olmaqla cəmi 25000 avro aşkar olunmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılmış və 14 oktyabr 2021-ci il tarixli qərarla Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsinin tərkib əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Şəxs 25000 avronun 10000 (on min) ABŞ dolları ekvivalentini, yəni 8450 avro məbləğində valyutanı gömrük sərhədindən yazılı bəyan etmədən çıxartması əməli ictimai təhlükəli əməl hesab edilmədiyindən və həmin əməl müvafiq maddələr üzrə inzibati xəta və cinayət tərkibi yaratmadığından 25000 avronun 10000 (on min) ABŞ dolları ekvivalenti, yəni 8450 avro hissəsi Şəxs qaytarılmışdır. Şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilib götürülmüş 25000 avronun 16550 avro məbləğində olan hissəsinin DGK-nın Maliyyə və Təchizat İdarəsində saxlanıldığı nəzərə alınmışdır. Bundan sonra Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 10 noyabr 2021-ci il tarixli 01400-1723/21 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X3 izahatında göstərmişdir ki, Şəxs idarə etdiyi “X9 1846LS” markalı, 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti göstərir. Şəxs 31.08.2021-ci il tarixdə “Socar” firmasının Sumqayıt şəhərində yerləşən anbarından Latviya Respublikasına “etilen polimerlər” yükü aparılması üçün sifariş almış, yükün daşınması 3 nəqliyyat vasitəsi ilə həyata keçirilməli olmuşdur. Həmin yükün daşınmasına əlavə olaraq Eldar adlı şəxsin idarə etdiyi 99DD595 dövlət nömrə nişanlı və Asif adlı şəxsin idarə etdiyi 01CE413 dövlət nömrə nişanlı nəqliyyat vasitələri cəlb olunmuşdur. Şəxs 01.09.2021-ci il tarixdə yükü Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirdikdən sonra, “Socar” firmasının Sumqayıt şəhərində yerləşən anbarından götürdükləri yükü Latviya Respublikasına aparmaq üçün digər nəqliyyat vasitələri ilə birlikdə yola düşmüşlər. Digər iki nəqliyyat vasitəsi Vüqardan əvvəl yola düşmüşlər, Vüqar ən sonda çıxdığı üçün 3 nəqliyyat vasitəsinə görə yol xərci kimi nəzərdə tutulan 25000 avro məbləğində vəsait Vüqara verilmiş, sonuncu, həmin pulu 4 bağlamada özünün nəqliyyat vasitəsində olan sənədlər qoymaq üçün nəzərdə tutulmuş çantanın içinə qoymuşdur. 02.09.2021-ci il tarixdə, saat 14:40 radələrində Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə postun ixrac gömrük nəzarəti xəttinə daxil olmuş, sərhəd keçid qaydalarına müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının tələbi ilə avtomobili müəyyən olunmuş yerə park etmişdir. Bundan sonra orada olan sərhədçi və kinoloji mərkəzin təlimçisi Vüqara avtomobilin yan yeşiklərini açmasını bildirmişlər, ondan maşında olan mal və digər materialların olduğunu soruşmuşlar. Vüqar isə avtomobildə 25000 avro pulun olduğunu qabaqcadan onlara şifahi bəyan etmişdir. Avtomobilin yük yerinin altındakı yeşiklərə baxış keçirildikdən sonra, kinoloji mərkəzin təlimçisi sərnişin tərəfdən, sərhədçi isə Vüqarla birlikdə sürücü tərəfdən nəqliyyat vasitəsinin kabinasına daxil olmuşlar, orada sərhədçi sənəd və nağd pul üçün nəzərdə tutulmuş qovluqda nə olduğunu təkrar Vüqardan soruşmuş, Vüqar isə sərhədçiyə təkrarən həmin qovluqda bir az əvvəl şifahi bəyan etmiş olduğu 25000 avro məbləğində pulun olduğunu demiş və çantanı açaraq həmin şəxsə göstərmişdir. Bundan sonra həmin şəxslər pulu götürüb rəisə məruzə etmək ad ilə aparmışlar, orada olan digər iki nəqliyyat vasitəsinə baxış keçirmişlər, həmin avtomobillərdə heç bir valyuta olmamışdır. Bir müddət sonra kinoloji mərkəzin təlimçisi götürdükləri pulu yerinə qoyaraq oraya gömrük inspektorunu dəvət etmiş, həmin gömrük inspektorunun iştirakı ilə videoçəkilişə cəhd edərək guya hadisə yeni baş verirmiş kimi görüntü yaratmaq istəmişdir. Halbuki, həmin gömrük inspektoru ilkin yoxlamada iştirak etməmiş və ümumiyyətlə hadisədən xəbərsiz olmuşdur. Vüqar oraya yaxınlaşan gömrük inspektoruna yoxlama zamanı iştirak edən təlimçi və sərhədçinin sərhəd nəzarət kameralarının video görüntüsündə olduğunu bildirmişdir. Həmçinin, Vüqar sərhəd keçid məntəqəsinə daxil olduğu andan videoçəkiliş aparmağa cəhd olunan anadək olan müddət üzrə gömrük keçid məntəqəsinin nəzarət kameralarının çıkilişini tələb edəcəyini bildirmiş və gömrük inspektoru videoçəkilişdə və gömrük yoxlamasında iştirak etməkdən imtina etmişdir. Bundan sonra bir neçə dəfə yenidən videoçəkilişə cəhd olunmuş, lakin Vüqarın etirazına görə baş tutmamışdır. Bundan sonra Vüqardan götürülən pullar sayılmış, həmin pullar 4 bağlamada olmaqla 25000 avro məbləğində olmuş və Vüqar bir daha bildirmişdir ki, həmin pul Latviya Respublikasına yük aparan 3 yük avtomobilinin yol xərci kimi nəzərdə tutulmuşdur. Orada olan digər 2 yük avtomobilinin sürücüləri də həmin faktı təsdiq etmişlər. Hətta, həmin yük avtomobillərinin sürücüləri Vüqar gömrük postunda ləngidiyindən və özlərinin ayrıca yol xərci kimi pulları olmadığına görə 30 saat postda gözləmişlər. Beləliklə, Şəxs heç bir gömrük qaydalarını pozmamış, avtomobilində olan pul vəsaitini şifahi sorğu-sual zamanı əvvəlcədən bəyan etmişdir. Ümumiyyətlə, hər hansı gömrük inspektoru tərəfindən Şəxs bəyannamə yazması tələb olunmamış, yalnız sərhədçi ilə kinoloji mərkəzin təlimçisi ondan avtomobildə olan əşyalarla bağlı şifahi sorğu-sual etmişlər və həmin vaxt Vüqar avtomobilin kabinasında olan çantanı şəxsən özü açaraq içərisindəki pulu göstərərək həmin pulu şifahi bəyan etmiş və həmin şəxslərə təqdim etmişdir. Odur ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmiş və onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs ilkin araşdırma zamanı verdiyi izahatlardan və ərizədən görünür ki, o, müdafiəçi X1 məhkəmə iclasında verdiyi izahatına uyğun izahatlar vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərilərək işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun inspektoru X2 tərəfindən tərtib edilmiş 02 sentyabr 2021-ci il tarixli baxış haqqında protokoldan görünür ki, həmin idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 02.09.2021-ci il tarixdə saat 14:40 radələrində Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X9 1846LS” markalı 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Şimal Ərazi Baş Gömrük İdarəsinə təhkim olunmuş, Kinoloji Mərkəz “İtçilik” klubunun təlimçisi X4 və Dövlət Sərhəd Xidməti “Samur” sərhəd nəzarət məntəqəsinin nəzarətçisi X5 tərəfindən keçirilmiş gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinasında olan sənədlər üçün nəzərdə tutulmuş qara rəngli çantanın içərisindəki sənədlərin yanından gömrük nəzarətinə bəyan olunmayan 300 ədəd 50-lik, 56 ədəd 100-lük və 22 ədəd 200-lük avro əskinasları olmaqla cəmi 25000 avro aşkar olunmuşdur. Şəxs tərəfindən həmin protokola qələmlə “protokolda yazılanlarla razıyam, lakin bəyan olunmayan ifadəsi ilə razı deyiləm” qeydi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 24 noyabr 2021ci il tarixli 5/1045 saylı rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 300 ədəd 50 avro, 56 ədəd 100 avro, 22 ədəd 200 avro nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Məhkəmə tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsindən sorğu əsasında götürülmüş 02.09.2021-ci il tarixdə “Samur” gömrük postunun ixrac gömrük xəttində Şəxs idarə etdiyi “X9 1846LS” markalı, 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlamasına dair video görüntülərin əks olunduğu diskə baxış keçirilmişdir. Baxış zamanı, müəyyən olunmuşdir ki, 02.09.2021-ci il tarixdə Şəxs idarə etdiyi “X9 1846LS” markalı, 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində daxil olan zaman, postun əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq nəqliyyat vasitəsini dərhal yoxlamağa başlamışlar və Şəxs yazılı bəyannamə yazması üçün şərait yaradılmamış, nəqliyyat vasitəsindən valyuta vəsaitləri götürülərkən video çəkilişdən istifadə edilməmiş, hal şahidləri dəvət olunmamışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.1-ci bəndinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na 1 nömrəli Əlavəyə (Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı) əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısına daxildir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “X9 1846LS” markalı 10SH828/99ZE828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac nəzarəti zonasına daxil olduqdan sonra gömrük orqanını səlahiyyətli əməkdaşları tərəfindən bəyannamə tərtib edilməsinə şərait yaradılmamış, həmin şəxsin üzərində və ya nəqliyyat vasitəsində “Qırmızı kanal“ buraxılış sistemi üzrə yazılı bəyannamə tərtib etməklə bəyan etməli olduğu malların mövcud olub-olmaması araşdırılmamış, bu barədə onunla şifahi sorğu-sual edilməmiş, bəyannamə forması təqdim edilməklə həmin şəxsə bununla bağlı heç bir yardım göstərilməmiş, yük nəqliyyat vasitəsi postun ixrac nəzarəti xəttinə daxil olduqdan dərhal sonra sərhədçi və kinoluq tərəfindən gömrük yoxlamasına cəlb olunmuş, lakin heç bir sənəd tərtib olunmamışdır. Həmin yoxlama gömrük inspektoru tərəfindən deyil, kinoluq və sərhədçi tərəfindən həyata keçirilmiş, bundan bir müddət sonra isə gömrük inspektoru tərəfindən baxış protokolu tərtib edilmişdir. Bununla da, gömrük orqanı tərəfindən həyata keçirilən gömrük yoxlaması Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və İXM-nin tələbləri pozulmaqla həyata keçirilmişdir. Bundan başqa, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilərkən nə videoçəkilişdən istifadə olunmamış, nə də hal şahidləri dəvət olunmamışdır. Odur ki, baxış keçirilməsi barədə tərtib olunmuş protokol da Gömrük Məcəlləsinin və İXM-nin tələbləri pozulmaqla tərtib olunmuşdur. Bu səbəbdən də, hesab edirəm ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol Gömrük Məcəlləsinin tələblərinə zidd olduğundan həmin protokol Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bununla da, qənaətimə görə, Şəxs tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında olan çantadan aşkar olunmuş 25000 avro məbləğində pul vəsaitinin gömrük orqanına bəyan edilməməsi məhkəmədə öz təsdiqini tapmamış, bu barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalı, inzibati xəta haqqında protokolda göstərilən, ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Bununla da, qənaətimə görə, Şəxs tərəfindən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən həmin şəxsdən götürülmüş və DGK-nın Maliyyə və Təchizat İdarəsində saxlanılan 16550 avro məbləğində pul vəsaiti Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs götürülmüş və DGK-nın Maliyyə və Təchizat İdarəsində saxlanılan 16550 avro məbləğində pul vəsaiti Şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-560/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-560/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver