Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-57/2023 16.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X4, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 fevral 2023-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. X6 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, guya o, Qusar rayonu Ləgər Qışlaq kəndində ov qaydalarını pozmuşdur. Lakin, məhz hansı ov qaydalarını pozmağnı, ona istinad olunan inzibati xətanın onun hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. Həmin qərarda qərarın qəbul edilməsinə əsas olmuş sənəd kimi 12 yanvar 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol qeyd olunsa da, həmin protokolun surəti ona təqdim edilməmiş, inzibati xəta haqqında iş üzrə onun heç bir prosessual hüquqları təmin edilməmiş, müdafiə hüququ pozulmuşdur. Ona yalnız 01 fevral 2023-cü il tarixli qərar təqdim olunmuş, inzibati xəta haqqında protokolu tələb etdikdə isə həmin protokolun surəti ona təqdim edilməmişdir. Onun istifadəsində qanuni şəkildə əldə etdiyi ov tüfəngi vardır. 12 yanvar 2023-cü il tarixdə həmin ov tüfəngi ilə sahəyə gedərkən polis əməkdaşları onu saxlayaraq hara getdiyini soruşmuşlar, o, isə istifadəsində olan sahəyə getdiyini bildirmişdir. Ov tüfəngini nə üçün özü ilə götürdüyünü soruşduqda isə çöl heyvanlarından qorunmaq üçün həmin tüfəngi özü ilə götürdüyünü bildirmişdir. Həmin vaxt ov tüfənginin içində patron olsa da, istifadə etməmiş və hər hansı ov etməmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində material toplayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər və həmin material əsasında o, cərimə edilmişdir. Lakin, həmin idarə hər hansı araşdırma aparmamış, onun həqiqətən də, həmin tarixdə hər hansı ov edib-etməməyini, məhz hansı ərazidə, hansı alətlə, hansı üsulla ov etməyini dəqiqləşdirməmiş, yalnız ehtimal əsasında onun ov edərək ov qaydalarını pozduğunu güman etmişdir. Polis əməkdaşları da onu ov edərkən deyil, çiynində ov silahı sahəyə gedərkən onu saxlamışlar, onun hər hası ov etməyini görməmişlər. Onların görüb aşkar etdiyi yalnız onun çiynində ov tüfəngini aşkar etmələri olmuşdur. Lakin, təkrarən bildirimişdir ki, həmin vaxt həmin ov tüfəngindən ov məqsədi ilə istifadə etməmiş, belə bir niyyəti də olmamışdır. Bundan başqa, o, hər hansı ovu izləmiş, onun hansı ovu, hansı şəkildə, hansı üsulla izlədiyi də müəyyən edilməmiş, belə bir hal ümumiyyətlə aşkar olunmamışdır. Nəticədə isə əsassız olaraq o, məhrumiyyətlərə məruz qalaraq qanunsuz şəkildə cərimələnmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, həmin gün o, ov məqsədi ilə tüfənglə çölə çıxmamışdır. Balaca qardaşı o, işdə olanda ona zəng edərək inəyinin qaçdığını bildirmişdir. Özü qorxduğu üçün tüfəngi özü ilə götürmüşdür. Axşam vaxtında kənddə vəhşi heyvanlar çox olur. Tüfəngi ov məqsədi ilə deyil ancaq vəhşi heyvanlardan özünü müdafiə üçün götürmüşdür. Polis əməkdaşları ona yaxınlaşdığı ərazi ov üçün yararlı deyildir. Belə ki, kənddən cəmi 500 metr məsafədə onu polis əməkdaşları saxlamışdır. Polis əməkdaşları onu Samur PB-nə dəvət edən zaman böyük qardaşına zəng edərək məlumat vermişdir. Polis Bölməsində polis əməkdaşları ona təsir edərək izahat yazdırmış, onun böyük qardaşı ilə kobud davranmışdır. Bu barədə DİN-nin 102 çağrı mərkəzinə məlumat vermişdir. Ondan daha sonra yenidən izahat alınmışdır. Ona işin icraatına xitam verildiyini bildirdiyinə görə o, da öz şikayətini geri götürmüşdür. Özü həmin vaxt ov etməmişdir. Tüfəngdə polis əməkdaşları ona yaxınlaşan vaxt patron olmamışdır. Həmin gün heç bir patron tüfəngdən atmamışdır. Yalnız vəhşi heyvanlardan özünü qorumaq üçün tüfəngi özü ilə götürmüşdür. Tüfəng onun çiyinində olmuşudur. Ov etməsi ilə bağlı, nə ilə ov etməyi ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, X6 peşəkar ovçudur. Onun məhkəmə iclasında dediyi kimi açıq sahədə inək axtarması həqiqətə uyğun deyildir. Belə ki, inək kifayət qədər böyük heyvanlardır. Heyvanı uzaq məsafədən görmək mümkündür. X6 məhkəmə iclasında çox savadlı və peşəkar izahat vermişdir. Ona polis bölməsində təsir göstərməsi heç də inandırıcı deyildir. Onun polis bölməsində verdiyi izahatda onun dəfələrlə qanunsuz ovda olduğunu qeyd etmişdir. Qərar qanuni və əsaslıdır. Bundan əvvəllər X5 qanunsuz ov etməsi barədə heç bir məlumatı yoxdur. Bu barədə məlumatı müfəttışlər tədqiq edir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispoziyasında qeyd edilir ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına nəzərdə tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar RPŞ-nin Samur PBnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Qusar rayonu Ləyər Qışlaq kəndi ərazisində X5 üzərində of tüfəngi aşkar olunsa da, onun həmin vaxt «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla qanunsuz ov etməsi, o cümlədən hər hansı çöl heyvanını izləməsi aşkarlanmamış, yalnız həmin şəxsin üzərində ov tüfəngi ilə həmin ərazidə olması onun ovu izləməsi kimi ehtimal olunmuşdur. X5 həmin vaxt hər hansı heyvanı və ya quşu izləməsi, təqib etməsi, tutması və ya üzərində olan ov tüfəngi ilə vurması faktı aşkar edilməmiş və ya bununla bağlı fotoşəkil və ya video görüntülər əlavə edilməmişdir. Ov tüfənginin çiynindən asılaraq və ya əlində gəzdirilməsi isə İXM-nin 272.3-cü maddəsinin tərkibini yaratmır. Bundan başqa barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan da görünür ki, həmin şəxs qanunsuz ov etməyə görə deyil, ovu izləməyə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, həmin şəxsin hansı ovu hansı üsulla izləməsi və bununla da, ov qaydalarının pozulmasının müntəzəmliliyi-yəni bir neçə dəfə pozulması müəyyən edilməmişdir. Bununla da, X5 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, ümumiyyətlə həmin vaxt həmin inzibati xəta hadisəsinin aşkarlanmasına dair heç bir mötəbər sübut olmamış, onun inzibati xətanı törətməsi sübuta yetirilməmiş, məhkəmə iclasında da X5 həqiqətən də həmin inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmır və bu da öz növbəsində onun həmin xətanı törətməkdə təqsirli olması barədə əsaslı şübhələr yaradır. «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.23-cü maddəsinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində MN ******* saylı 01 fevral 2023-cü il tarixli qərar qəbul edilərkən həmin qərar düzgün tərtib olunmadığı, X5 həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təsdiq edən mötəbər sübutların olmadığı, inzibati xəta hadisəsinin-yəni ov qaydalarının pozulmasının müntəzəmliliyinin olub-olmaması aydınlaşdırılmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir, həmçinin inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə olan 01 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-57/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-57/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver