Məhkəmə qərarları › İş №3(029)-57/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-57/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-57/2025 27.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu, Samur qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qusar rayon Samur qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, “Qusar RMX” PHŞ-də mühafizəçi işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Qusar RPŞ-də nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, sahə müvəkkili Acay Abbaslının ona zəng edərək avtovağzala çağırmış, o, Acay Abbaslının kabinetinə getmişdir. Acay Abbaslı, Rufik Ələskərova pul borclu olmağını təsdiq edən izahat yazaraq imzalamalı olduğunu demişdir. O, Rufikə pul borclu olmadığını və izahat yazmayacağını demiş və nəticədə onu polis şöbəsinə aparmışlar. X9 otağında Rufikidə görmüş. Yenə Rufikə pul borclu olmağını təsdiq edən izahat yazmağını ondan istəmişlər. O yenə izahat yazmaqdan imtina etmişdir. Sahə müvəkkili Acay onun üzərinə hücum etmiş və onu döymüşdür. Bu zaman digər polis əməkdaşları gəlib onları aralamışlar. İctimai qaydanı pozmamış, polisin qanuni tələblərini yerinə yetirmişdir. Polis əməkdaşları ilə əvvəllər hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Rufik Ələskərovla da əvvəllər hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Rufik Ələskərovun şikayət etmə səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında protokolda göstərilən xüsusatları təsdiq edərək Şəxs ona pul borclu olduğunu və bu barədə o polis şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Polis şöbəsində Şahid xidməti otağında Şəxs qışqırmış, uca səslə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Rufik Ələskərovun pul borcunun olması ilə bağlı polisə müraciət etdikdən sonra həmin halın araşdırılması ilə bağlı Şəxs zəng etmiş, onunla işin hallarını maraqlanmış, işin halları ilə bağlı izahat yazmağını təklif etmişdir. Avtovağzalda xidməti otağında Şəxs qışqıraraq izahat yazmayacağını və Rufikə pul borcu olmadığını uca səslə deyib onun otağından avtovağzalın foyesinə çıxıb uca səslə danışmağa başlamışdır. Telefonla kiməsə zəng etmişdir. Avtovağzalda uca səslə danışdığına, həmçinin iş hallarının araşdırılması ilə bağlı, Şəxs polis şöbəsinə aparmışdır. Polis şöbəsində Emin Mövsumovun xidməti otağında Şəxs izahat yazmayacağını bildirib onun üzərinə hücum etmişdir. O və digər polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda o, sakitləşməmişdir. Onun qışqırmağı polis şöbəsində iş rejimini pozmuş, digər xidməti otağda olan şəxslərdə iş rejiminin qaydasının pozulduğuna görə səs-küyə gəlmiş və Şəxs sakitləşdirməyə çalışmışlar. O, yenə də uca səslə danışaraq onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında X2 izahatı ilə eyni məzmunlu izahat verərək, polis şöbəsində onun xidməti otağında Şəxs təhqiramiz sözlər dediyini, həmin sözləri o və digər əməkdaşların eşitdiyini, Şəxs sakit olmasını, təhqiramiz sözlər deməməsini bildirməyə baxmayaraq Şəxs sakitləşməmiş, uca səslə təhqiramiz sözlər dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, Şəxs izahatını özünümüdafiə xarakterli hesab edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin izahatı ilə təsdiq olunur. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir 79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 79.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məhkəmə, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını sübut kimi qəbul edir. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Polis haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun 3-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Polisin əsas vəzifələri aşağıdakılardır: ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; törədilmiş cinayətləri açmaq; cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; cinayətkarları aşkara çıxarmaq və tutmaq; səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. Həmin qanunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Həmin qanunun 7-ci maddəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis öz qanuni vəzifələrini yerinə yetirən zaman Şəxs qanunvericiliyin tələblərini pozmaqla xırda xuliqanlıq etmiş və polisə tabesizlik göstərmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı verilən izahatlardan müəyyən olunur ki, Şəxs və Rufik Ələskərov arasında pul və borc münasibətləri olmuşdur.Məhkəmə iclasında Şəxs bildirmişdir ki, Rufik Ələskərova yazığı gəldiyi üçün onun kredit borcunu dörd dəfə olmaqla hər dəfəyə 95 manat ödəmişdir. İşin mübahisə olunmayan halı odur ki, Şəxs və Rufik Ələskərov arasında pul və borc münasibətləri mövcud olmuşdur. Rufik Ələskərov pulun geri alınması məqsədilə polisə müraciət etmişdir. Həmin halın araşdırılması ilə bağlı polis öz qanuni vəzifəsini yerinə yetirmək üçün şəxsi öz xidməti otağına dəvət etmiş, Şəxs isə izahat verməkdən imtina etmiş, daha sonra işin hallarının araşdırılması məqsədi ilə Şəxs polis şöbəsinə aparılmış, polis şöbəsində xidməti otaqda nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərini yerinə yetirməmişdir. Bu halı məhkəmə nəinki polis əməkdaşları, hətta Rufik Ələskərov da təsdiq etmişdir. Şəxs da öz izahatında bildirmişdir ki, polis əməkdaşları ilə və Rufik Ələskərovla əvvəllər hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Rufik Ələskərovun şikayət etmə səbəbini bilmir. Əgər, Şəxs izahatında onu saxlayan polis əməkdaşları ilə və ya Rufik Ələskərovla əvvəllər hər hansı ədavəti, düşmənçiliyi olduğunu bildirsə idi, məhkəmənin bu iş üzrə yanaşması başqa cür olacaqdı. Hazırkı halda isə, göründüyü kimi polis əməkdaşları öz vəzifələrini yerinə yetirmiş, bu işdə hər hansı maraqlı şəxs ola bilməzlər. Belə ki, Şəxs polisin xidməti otağında nalayiq ifadələr deməsə idi, polis əməkdaşını nalayiq ifadələrlə təhqir etməsə idi, bundan başqa polisin göstərişlərini yerinə yetirsə idi yəni Şəxs sakitləşib söyüşləri dayandırsa idi, Şəxs əməlində hər hansı inzibati xəta tərkibi olmayacaqdı. Məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarından isə görünür ki, Şəxs polis əməkdaşının xidməti otağında uca səslə nalayiq ifadələr işlətmiş, həmin ifadələri bir neçə şəxs eşitmişdir. Həmçinin, Şəxs sakitləşməyi, söyüş söyməməyi polislərin demələrinə baxmayaraq Şəxs yenə də sakitləşməmiş, nalayiq ifadələr işlətməkdə davam etmişdir. Görünüdüyü kimi, Şəxs Qusar RPŞ-də uca səslə nalayiq ifadələr işlətməklə polisin və RPŞ-nin iş rejimini pozmuşdur. Həmin halın aradan qaldırılması və Şəxs sakitləşməsi üçün polis əməkdaşları ona müraciət etsədə o, həmin hərəkətlərinə davam etmişdir. Həmçinin şəxsin törətmiş olduğu xətalar ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Həmin inzibati xətaların törədilməsi şəxs tərəfindən bilavasitə qəsdlə törədildiyini, həmin şəxs barəsində yüngülləşdirici halın olmamasını, məhkəmə iclasında əməlindən peşman olmamasını, bu qəbildən olan xətaların daha da artmasının qarşısının alınmasını və Şəxs törətmiş olduğu əməlin nəticələrini dərk edərək islan olunmasını nəzərə alaraq məhkəmə Şəxs barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, nəyinki polis əməkdaşları iş üzrə ərizəsi və izahatı alınmış Ələskərov Rufikdə iş üzrə maraqlı şəxs qismində deyil, inzibati xətanın bilavasitə şahidi qismində çıxış etmişdir. Belə ki, o Qusar RPŞ-də Şəxs ucadan səsküylə danışdığını, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığını və RPŞnin iş rejimini pozduğunu bildirmişdir. Məhkəmə Şəxs izahatında bildirmiş olduğu polis əməkdaşı tərəfindən döyülmə faktına münasibətdə isə həmin faktın öz təsdiqini tapmamış olduğundan əsassız hesab edir. Belə ki, Qusar rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin faktın araşdırılması nəticəsində araşdırma aparılmış və cinayət hadisəsinin baş verməsi faktı öz əksini tapmamış və toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazır kı iş üzrə tədbiq ediləcək tənbeh həbs tənbehi olacağı halda ədalətli olar. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməlidir. Çünki onun hərəkətlərindən və hərəkətinə olan psixi münasibətindən görünür ki, ona cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə islah olunmayacaq və yenidən ictimaiyyət arasında və dövlət orqanlarının iş rejimlərinə narahatlıqlar yaratmağa səbəb olacaqdır. Şəxs əməlinə psixi münasibəti o yöndədir ki, o ətrafdakı insanlardan özünün müstəsna şəxsiyyətinin olması ilə fərqləndirərək, özünü ətrafdakı insanların fövqündə dərk edərək digər insanlara narahatlıqlar yaratmaq və ictimai qaydanı və cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarını rahatlıqla pozmaqda özünə haqq qazandırmışdır. Məhkəmə bu cür düşüncəyə malik olan insanlar barəsində isə inzibati həbs tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar