Məhkəmə qərarları › İş №3(029)-614/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-614/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-614/2021 17.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə ünvan 1 ünvanda fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC-nin haqqında Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC 16790.00 ABŞ dolları məbləğində vəsaiti 23.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 24.10.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə 30 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin həmin MMCnin və Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru T.S.Qasımov məhkəməyə yazılı izahat göndərərək göstərmişdir ki, Ukraynanın Dnepr şəhərinin Yantarnaya küçəsi ev 75 ünvanda yerləşən "xxxx" MMC ilə 04 mart 2016-cı il tarixdə bağlanmış 0403/16 saylı müqaviləyə əsasən 09 oktyabr 2019-cu il tarixli 29 saylı spesifikasiyaya və həmin tarixli 29 saylı invoysa əsasən "xxxx"ın Xaçmaz filialından 23 oktyabr 2019-cu il tarixdə FT1929MKSDC saylı köçürmə ilə 16790.00 ABŞ dolları, FT19302H03D6 saylı köçürmə ilə 30 oktyabr 2019-cu il tarixdə 14200.00 ABŞ dolları, FT19310R65KK saylı köçürmə ilə 07 noyabr 2019-cu il tarixdə 14948.61 ABŞ dolları, cəmi 45938.61 ABŞ dolları məbləğində "xxxx" MMC-yə vəsait köçürülmüşdür. Köçürülən məbləğin dəyərində mal 17 oktyabr 2019-cu il tarixdə Azərbaycanın gömrük sərhədini keçərək Enerji Resursları və Dəniz nəqliyyatı gömrük idarəsində **********2730 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirildikdən sonra Şəxs MMC-nin anbarına mədaxil olunmuşdur. Mərkəzi Bankda köçürülən məbləği başqa Gömrük bəyannaməsi ilə bağlandıqları üçün fərq yaranmışdır. Bu barədə Mərkəzi Bankla əlaqə saxlanılmış və onlar səhv bəyannaməni dəqiqi ilə düzəliş etdiklərini və işi bağladıqlarını bildirmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC (alıcı) ilə Ukrayna Respublikası "xxxx" (satıcı) arasında bağlanmış 04 mart 2016-cı il tarixli 0403/16 saylı müqavilənin və həmin müqaviləyə 09 mart 2019-cu il tarixli 29 saylı əlavədən (spesifikasiyadan) görünür ki, satıcı 46402.64 ABŞ dolları dəyərində akkumulyator batareyalarını 1 faiz güzəştlə-yəni 45938.61 ABŞ dolları qiymətinə müəyyən olunmuş siyahı və həcm üzrə göndərməyi, alıcı isə əvəzində pul ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" QSC-nin əməliyyatın təfərrüatlarının surətlərindən görünür ki, Şəxs MMC tərəfindən 23 oktyabr 2019-cu il tarixdə FT1929MKSDC saylı köçürmə ilə 16790.00 ABŞ dolları, FT19302H03D6 saylı köçürmə ilə 30 oktyabr 2019-cu il tarixdə 14200.00 ABŞ dolları, FT19310R65KK saylı köçürmə ilə 07 noyabr 2019-cu il tarixdə 14948.61 ABŞ dolları, cəmi 45938.61 ABŞ dolları məbləğində "xxxx" MMC-yə pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 17.10.2019-cu il tarixli **********2730 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Şəxs MMC-nin ünvanına 04 mart 2016-cı il tarixli 0403/16 saylı müqavilə əsasında göndərilmiş 46402.64 ABŞ dolları dəyərində elektrik akkumulyatorları Azərbaycan Respublikasına idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə Ukrayna Respublikasında yerləşən "xxxx" MMC arasında akkumulyator batareyalarının alqı-satqısı (göndərilməsi) barədə 04.03.2016-cı il tarixli 0403/16 saylı müqavilə, həmçinin həmin müqaviləyə 09 oktyabr 2019-cu il tarixli 29 saylı əlavə (spesifikasiya) bağlanmış və Şəxs MMC tərəfindən 23 oktyabr 2019-cu il tarixdə FT1929MKSDC saylı köçürmə ilə 16790.00 ABŞ dolları, FT19302H03D6 saylı köçürmə ilə 30 oktyabr 2019-cu il tarixdə 14200.00 ABŞ dolları, FT19310R65KK saylı köçürmə ilə 07 noyabr 2019-cu il tarixdə 14948.61 ABŞ dolları, cəmi 45938.61 ABŞ dolları məbləğində "xxxx" MMC-yə pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaitlərinin müqabilində Şəxs MMC-yə göndərilmiş akkumulyatorlar 17.10.2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Bununla da, 23 oktyabr 2019-cu il tarixdə köçürülmüş pul vəsaiti əvvəlcədən ödəmə olmamış, pul vəsaiti ödənilməmişdən əvvəl mallar Azərbaycan Respublikasına idxal edilmiş, 23 oktyabr 2019-cu il tarixdə köçürülmüş pul vəsaitinin müqabilində alınmış mallar da həmin malların tərkibində olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Azərbaycan Respublikasının Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3, 4.3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar- Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə aparılır. Həmin Qaydaların 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X1 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir) Həmin Qyadaların 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən müvafiq ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların idxal edilməməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmaması və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması Azərbaycan Respublikasının İXM-nin 430.4cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hazırkı halda isə Şəxs MMC tərəfindən edilmiş ödəniş müqabilində malların hamısı ödəniş olmamışdan əvvəl idxal edilmişdir. 17.10.2019-cu il tarixdə məlum mallar idxal olunmasına baxmayaraq, həmin fakt araşdırılmadan hazırkı inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmə vaxtı isə protokolda 24.10.2021-ci il göstərilmişdir. Bununla da, ”NAFTA BAKU” MMC-nin tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Həmçinin, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gələrək Şəxs MMC-nin təqsirli olmasını sübuta yetirməmişdir. Ona görə də, həmin MMC ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar