Məhkəmə qərarları › İş №3(029)-624/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-624/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-624/2021 16.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1984-cü ildə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzində işləyən, Qusar rayonu Bədirqala kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 14.12.2021-ci il tarixdə Qusar RPŞ tərəfindən Şəxs ümumi çəkisi 0,730 qram olan narkotik vasitə qurudulmuş marixuananın qanunsuz olaraq saxlaması, həmçinin marixuanadan istifadə etməsi müəyyən ediılmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, 15.12.2021-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi V.M.İ.E. polis kaptanı Ramin Nəzərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN ******* saylı 15.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material Qusar rayon məhkəməsinə 16 dekabr 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmçinin təqdim etdiyi narkotik vasitə olan marixuananı Qusar rayon bazar ərazisindən yerdən salfetkaya bükülmüş formada tapmış, açıb iyləmiş, narkotik vasitə olan marixuana olduğunu bilmiş, ondan bir hissəsini axşam evdə çəkməklə istifadə etmiş, qalan hissəsini Qusar rayonu Bədirqala kəndində yolun kənarına olan beton borunun içərisində gizlətmişdir. Həmin narkotik vasitəni özü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu müayinə etmək üçün Quba rayon Mərkəzi Xəstəxanasına aparmışlar, müayinə zamanı onun sidiyində THC aşkar edilmişdir. Hazırkı iş üzrə də özünü təqsirli bilir, həqiqətən də narkotik vasitəni saxlamış və narkotik vasitə olan marixuana çəkmişdir. Hazırda barəsində qanuni cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli 7/1285 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,730 qram bitki mənşəli kütlə, tərkiblində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 0,730 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq – 0,710 qramdır. İşdə olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli 122 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 15 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs aşkar olunmuş bir ədəd kağız zərfdə olan 0,730 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 14 dekabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” qərarından görünür ki, Şəxs 14 dekabr 2021ci il tarixdə saat 04:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 14 dekabr 2021-ci il tarixli “şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi barədə” qərarından görünür ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə saat 17:50-də azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,710 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həmin fakt üzrə 14 dekabr 2021-ci il tarixdən saat 04:30-dan həmin tarixdə saat 17:50-ə kimi bir gün şübhəli şəxs qismində tutulması inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 1 (bir) gün həbsdə saxlanılması müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 19 (on doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 16 dekabr 2021-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,710 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar