Məhkəmə qərarları › İş №3(029)-627/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-627/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-627/2021 27.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, ünvan 1 ünvanda qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN № **********) haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 18.11.2021-ci il tarixdə, saat 08:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Ukrayna Respublikasının vətəndaşı X2 idarə etdiyi “İveco” markalı, AO7800BH/AO0084XT dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş və daha sonra, yük-nəqliyyat vasitəsi “HCVG” markalı rentgen aparatında yoxlamaya göndərilmişdir. Rentgen aparatında yoxlamadan keçən zaman, monitorda şübhəli cizgilər müəyyən edilmişdir. Bundan sonra şübhəli məqamlar yoxlanılmış və nəticədə yük nəqliyyat vasitəsinin yük yerində Avstriya Respublikasında “Autozentrum Haring” şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanda qeydiyyatda olan hüquqi şəxs -Şəxs MMC-nin ünvanına idxal olunmuş 2 ədəd “Volksvagen Transport” yükünün içərisində mal-müşayiət sənədlərində qeyd olunmayan yəni gömrük orqanına bəyan olunmayan üzərində diski olan 4 ədəd 215/65R16C ölçülü “Michelin” markalı və 4 ədəd 205/65R16C ölçüdə “Semperit” markalı işlənmiş təkər aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 03 dekabr 2021-ci il tarixli 36-X saylı ekspertiza aktına əsasən tədqiqata təqdim edilmiş üzərində diski olan 8 ədəd işlənmiş təkərin 18.11.2021-ci il tarixli mövcud olan təqribi bazar qiymətləri 1) 215/65R16C ölçülü “Michelin” markalı təkərin (diski ilə birlikdə) 1 (bir) ədədi-220.0 manat təşkil edir; 2) 205/65R16C ölçüdə “Semperit” markalı təkərin (disk ilə birlikdə) 1 (bir) ədədi- 130,0 manat təşkil edir; təqdim edilmiş təkərlərin ümumi dəyəri: 1400 (min dörd yüz) manat məbləğindədir. İş materiallarında olan 03.12.2021-ci il tarixli, 36-X saylı ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert aktı üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 06 dekabr 2021-ci il tarixli 01400-1805/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən Qusar rayon məhkəməsinə teleqram göndərərək bildirmişdir ki, həmin günə vaksinasiyanın təyin edilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak etmək mümkün olmayacaqdır. Eyni zamanda bildirmişdir ki, onların təqsiri olmadan bəyan edilməyən mallardan tam olaraq imtina edir, onların iştirakı olmadan məhkəmə iclasını keçirirərək, bəyan edilməyən malların müsadirə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1400 (min dörd yüz) manat olan, 4 ədəd 215/65R16C ölçülü “Michelin” markalı və 4 ədəd 205/65R16C ölçüdə “Semperit” markalı işlənmiş təkərlər müsadirə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfləri Şəxs MMC-dən tutularaq dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar