Məhkəmə qərarları › İş №3(029)-63/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-63/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-63/2023 28.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Şirvanlı” gömrük postunun idxal nəzarəti xəttinə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Kamaz 5320” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Nəqliyyat vasitəsinin “X1 Sistemin”də qeydiyyatın aparılması zamanı, “Kamaz 5320” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ölkədən çıxışı ilə bağlı, “X1 Sistemin”də hər hansı məlumatın qeydə alınmadığı müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş, nəqliyyat vasitəsinin mühərrikinin və kabinasındakı rekvizitlərin, qeydiyyat şəhadətnaməsindəki rekvizitlər ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. “Kamaz 5320” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və qeydiyyat şəhadətnaməsi protokol əsasında götürülmüş və araşdırma aparılması məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X2 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə №01400-00938/23 saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, qeyd edilən nəqliyyat vasitəsini təxminən 10 il əvvəl Dərbənd şəhərindən 8000 ABŞ dolları məbləğində almışdır. Həmin nəqliyyat vasitəsindən başqa Gəncə şəhərində “Kamaz 5320” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. “Kamaz 5320” markalı ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yararsız olduğu üçün hissələrə bölüb satmışdır. ** BC *** dövlət nömrə nişanını özü ilə Rusiya Federasiyasına aparmışdır. Daha sonra həmin nömrə nişanlarını Dərbəd şəhərindən almış və öz istifadəsində olmuş nəqliyyat vasitəsinin üzərinə qoyaraq Azərbaycan Respublikasının ərazisinə keçirmək istəmişdir. Hazırda əməlindən peşmandır. Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi, xx.xx.2023-cü il tarixli, № №01400-00938/23 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/1703 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş “Kamaz 5320” markalı yük maşınına “0129081” rəqəmlərindən ibarət olan vin nömrəsi kustar üsulla həkk olunmuşdur və nəqliyyat vasitəsinin üzərində olan vin nömrəsinə əsasən onun buraxılış ilini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş “Kamaz 5320” markalı yük maşının ön hissəsində yerləşən metal lövhənin üzərində “1086027” rəqəmləri zavod üsuli ilə həkk olunmuşdur. Yük maşınının mühərrik üzərində olan hərf və rəqəmlər gözlə görülmədiyindən, mühərrikin ön hissəsinin (usta) tərəfindən sökülməsinə zərurət yaranmışdır. Avtomobilin mühərrik olan hissəsi sökülməsi təmin edilmədiyindən mühərrikin rəqəm və hərflərin tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8763 saylı ekspert rəyinə əsasən, bir ədəd “Kamaz 5320” markalı furqon tipli, ** BC *** dövlət nömrə nişanlı 1980-ci il buraxılışlı istifadəyə yararlı yük avtomobilinin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 17000,00 (on yeddi min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-cü maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq ona məxsus inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməsi onun maddi vəziyyətinə mənfi təsir edəcəyini, onun gəlirlərinin və ailə şəraitinə mənfi təsir edəcəyini nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-сi maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan “Kamaz 5320” markalı ** BC *** dəyərinin qırx faizi-yəni 6800 (altı min səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar