Məhkəmə qərarları › İş №3(029)-633/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-633/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-633/2021 24.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1972-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhər bazarının ərazisində qapalı məkan olan mağazada tibbi maskadan istifadə etmədiyinə görə ona irad bildirən polis əməkdaşının iradına məhəl qoymamış, bu barədə qanuni tələbinə qəsdən tabe olmamış, əksinə hay-küy salaraq, ucadan qışqıraraq, əl hərəkətləri ilə onu hədələyərək yaxasından tutub dartmaqla ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra, həmin faktla bağlı Qusar RPŞ-nin əməkdaşları 23 dekabr 2021-ci il tarixdə Şəxs yaşadığı Qusar rayonu İmamqulukənd kəndinə gedərək həmin şəxsi Qusar rayon Polis Şöbəsinə dəvət edərkən Şəxs yenidən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, polisin ünvanına nalayiq söyüşlər söyərək və polis əməkdaşlarını təhqir edərək ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 dekabr 2021-ci il tarixli MN 1169507-1403 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Elman Rəhmanov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, iki azyaşlı uşaqları ilə birlikdə 21 dekabr 2021-ci il tarixdə Qusar şəhər bazarının ərazisində olan mağazada olarkən polis əməkdaşı tibbi maskadan istifadə etmədiyinə görə onun şəklini çəkərək ona irad bildirmiş, o, isə özünü cilovlaya bilməyərək həmin şəxslə mübahisə etməyə başlamış, nəyə görə ona tibbi maska ilə bağlı əvvəlcədən xəbərdarlıq etmədiyini bildirmiş, polis əməkdaşının yaxasından tutub dartmış, əli ilə onu hədələmiş, polisin iradına məhəl qoymamışdır. Həmçinin, həmin vaxt ucadan qışqırmış, lakin söyüşlər söyməmiş, çıxıb evinə getmişdir. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Qusar rayonu İmamqulukənd kəndində olarkən üç nəfər polis əməkdaşları gələrək onu Qusar rayon Polis Şöbəsinə dəvət etmişlər, o, isə könüllü şəkildə həmin şöbəyə getmişdir. Həmin vaxt da o, ucadan danışsa da, heç bir söyüş söyməmiş, polis əməkdaşlarının bu barədə dedikləri yalandır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində işləyir. 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında Qusar şəhəri bazar ərazisində xidmət apararkən bazarda yerləşən, qapalı məkan olan paltar mağazasında sonradan tanıdığı Şəxs tibbi maskadan istifadə etmədiyini aşkar etmiş və bununla bağlı həmin şəxsə yaxınlaşaraq iradını bildirmiş, tibbi maskadan istifadə etməsini tələb etmiş, lakin Şəxs onun iradına və tələbinə məhəl qoymamış, əl-qol hərəkətləri ilə onu hədələmiş, yaxasından tutub dartmış, ucadan qışqırmağa başlamışdır. O, həmin şəxsə bildirmişdir ki, həmin hərəkətlərini davam etdirsə, onu polis şöbəsinə aparacaqdır. Seyran isə onun bu sözlərinə məhəl qoymayaraq polis şöbəsinin onun ata evi olduğunu bildirmişdir. Həmin vaxt Seyranın yanında iki azyaşlı uşaqları olduğuna görə həmin gün həmin şəxsin barəsində tədbir görməmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Uçot və Qeydiyyat qrupunun kiçik inspektoru vəzifəsində işləyir. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında o və digər iki nəfər polis əməkdaşı Şəxs Qusar rayon Polis Şöbəsinə dəvət etmək məqsədi ilə həmin şəxsin yaşadığı Qusar rayonu İmamqulukənd kəndinə getmişlər. Onlar mülki geyimdə olmuşlar, Seyran onları gördükdən sonra əvvəlcə onlarla yaxşı danışmış, lakin sonradan onlar özlərini təqdim etdikdən və polis əməkdaşları olduqlarını bildikdən sonra Seyranın münasibəti dəyişmiş və onlara qarşı aqressiv olmuşdur. Həmin vaxt Seyran polisin ünvanına söyüşlər söyməyə, onları təhqir etməyə bağlamış, polisin camaatı onların üstünə qaldırdığını, Azərbaycan dövlətinin belə bir dövlət olduğunu demişdir. Bundan sonra onlar həmin şəxsi Qusar RPŞ-yə gətirmişlər. Yolda olarkən də Seyran polisin ünvanına söyüşlər söymüşdür. Məhkəmə iclasında şahidlər X2 və X6 şahid X5 ilə analoji izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, o, Qusar şəhər bazarının ərazisində yerləşən paltar mağazasını işlədir. 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında sonradan tanıdığı Şəxs onun işlətdiyi mağazaya gəlmiş, həmin vaxt polis əməkdaşı içəriyə daxil olaraq Seyrana tibbi maskaya görə irad bildirmiş, lakin o, Seyranın tibbi maska taxıb-taxmamasına fikir verməmişdir. Bundan sonra, Seyranla polis əməkdaşı mübahisə edə-edə bayıra çıxmışlar, Seyranın qışqırdığını, əl-qol hərəkətləri ilə polisə işarələr etdiyini görmüşdür. Daha sonra isə Seyran oradan çıxıb getmişdir. İş materiallarında olan CD diskə baxış keçirilərkən Şəxs həqiqətən də, ucadan qışqıraraq əl hərəkətləri ilə polis əməkdaşını hədələdiyi və onun yaxasından tutub dartdığı müəyyən olunmuşdur. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, şahidlərin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs həqiqətən də, 21 dekabr 2021-ci il və 23 dekabr 2021-ci tarixlərdə ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Qirimxafn oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan-yəni 23 dekabr 2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar